Nazirlik qazi haqqında yalan məlumat yayıb


Vətən müharibəsi iştirakçısına nə ödəniş verilib, nə də iş yeri açıblar

Bir müddət öncə Vətən müharibəsi iştirakçısı, qazi Quliyev Eldar sosial problemlərini və hazırkı vəziyyətini "Şərq" vasitəsi ilə lazımi yerə çatmasını istəmişdi.  Ötən gün isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həmin qazimizin özünüməşğulluq proqramına cəlb edildiyini bildirib. 

Nazirlikdən verilən məlumata görə, Astara rayon sakini Quliyev Eldar Fərzəli oğlu da Vətən müharibəsində iştirak edərək qələbəmizə öz töhfəsini verib.
Döyüşlər zamanı xəsarətlər almış Q.Eldar bu günlərdə evində ziyarət edən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları onun əlilliyinin qiymətləndirilməsinin aparılacağı barədə məlumat veriblər. Bildirilib ki, əlillik dərəcəsi təyin edildiyi halda qaziyə birdəflik və aylıq sosial ödənişlər veriləcək.

Ailənin sosial vəziyyəti öyrənilib. Müəyyən olunub ki, E.Quliyev müddətdən artıq hərbi xidmət edən şəxsdir. Anası I dərəcə əlilliyi olan şəxs kimi aylıq pensiya və təqaüdlə təmin edilir.

Ailəli olan Eldarın həyat yoldaşının hazırda işləmədiyi və istəyi nəzərə alınaraq o, un məmulatlarının istehsalı sahəsi üzrə kiçik müəssisəsini qurmaq üçün özünüməşğulluq proqramına cəlb olunub. Biznes planı uğurla müdafiə etdikdən sonra aktivlərlə təmin olunacaq.
Xəbərin nə dərəcədə dəqiq olduğunu və qazimizin sosial vəziyyətinin, eləcə də səhhətini öyrənmək üçün onun özü ilə əlaqə saxladıq. 
E.Quliyevin cavabları isə ƏƏSMN-in verdiyi xəbərlərlə üst-üstə düşmədi. Qazi "Şərq"ə bildirdi ki, bir ay yarım öncə gəlib, gediblər. Ortada nə biznes planı var, nə də əlilliyə görə sosial ödəniş: "Hazırda bu barədə xəbəri ilk sizdən eşidirəm. Nəticə barədə heç bir məlumatım yoxdur".

"Nazirliyin verdiyi məlumatda deyilir ki, ananıza 1-ci qrup əlil olduğu üçün təqaüd verilir, sizin də əlillik dərəcəniz təsdiqlənəndən sonra sosial müavinətin verilməsi nəzərdə tutulub" sualına qazi belə cavab verib.

"Xeyr. Elə hamısı sözdə deyir, amma ortada yenə də heç nə yoxdur. Əslində, nazirlik maraqlansa daha yaxşı olar". 

Qazi səhhəti ilə bağlı problemlərin hələ də qaldığını, xəstəxananın "yer yoxdur" - deyərək onu qəbul etməməsindən gileylənib: "Heç kim baxmır. Dərmanlarımı belə özüm alıram. Nə vaxta qədər evdə uşaqların qızılını qoyub faizə pul götürüm? 
Xəstəxanaya getdim, qəbul etmədilər. Yalandan dedilər ki, hələ yer yoxdur. Yer olanda gələrsən. Bəs mən yerdən pul tapıb özümü müalicə edim?".

Ağarza Elçinoğlu