104 otağın hər birində şərait yaradılıb

BDU-nun yataqxanasına daha çox ehtiyacı olan tələbələr yerləşdiriləcək

Bir neçə gün öncə Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev və Təhsil naziri Emin Əmrullayev BDU-nun "tələbə evi" adlı yataqxanasının açılışını etdilər. 
Qeyd edək ki, bu tip yataqxanalar əvvəl də başqa universitetlər, həmçinin, BDU-nun özündə də mövcud idi. Ancaq bu dəfə yataqxananın daha müasiri, tələbələr üçün əlverişli olan bir tələbə evi tikildi. Sonra da açılışı oldu. 

Bəs, sözügedən yataqxana istifadəyə verildimi? Əsasən hansı tələbələr orada qala biləcək? 

Tələbə evi haqqında digər məlumatları BDU-nun İctimaiyyətlə əlaqələr və informasiya şöbəsinin müdiri Günel Orucəliyeva "Şərq"ə bildirdi: "Tələbələrin yeni istifadəyə verilən yataqxanaya köçürülməsi ənənəvi tədrisin başladığı zaman gerçəkləşəcək.

104 otağın hər biri tələbata cavab verən mebellərlə təchiz edilib. Otaqlar  iki və üç nəfərlikdir. "Tələbə evi"ndə gənclərin səliqə-səhmanına, qidalanmalarına xidmət edən otaqlar fəaliyyət göstərir. Paltar ütüləmək üçün dolablı ütü masası, geyimləri  təmizləyən avtomatlaşdırılmış yuyucu və quruducu maşınlar, müasir avadanlıqları olan mətbəx, müasir standartlara cavab verən ümumi yeməkxana,  vanna otaqları, yüksək səviyyədə təmir olunmuş sanitar qovşaqlar tələbələrin istifadəsinə veriləcək.

Binanın kommunikasiya xətləri yenilənib, yeni texnologiyalara əsaslanan qazanxana tikilib. Müasir tələblərə cavab verən istilik sistemi yaradılıb, isti su ilə təmin edilib.

Beşmərtəbəli binada oxu zalı olan kitabxana, həkim otağı, asudə vaxtın səmərəli təşkili üçün şahmat guşəsi var. Yataqxanada oxu zalı da fəaliyyət göstərir. Orada dərs hazırlamaq, mütaliə etmək üçün gözəl şərait yaradılıb".

Bəs orada, əsasən, hansı tələbələr qala biləcək?

G.Orucəliyeva deyib ki, müraciətlər təhlil olunacaq, ən çox ehtiyacı olanlar yerləşdiriləcək.

Həmçinin digər universitetlərdə olduğu kimi, qismən yataqxana xərci tələb olunacaq, vəssalam.

Ağarza Elçinoğlu