Qürur yerimiz unudulmayacaq

"YAŞAT" həmişə şəhid ailələrinin, qazilərin yanında olacaq

Fondun rəhbərliyində təmsil olunanların vicdanına, ədalətinə şübhə ola bilməz


Onlar bizə ömrümüzün sonunadək qürur hissi yaşatdılar, Vətənə isə şərəfli bir tarix - Qələbə bəxş etdilər. Vətən müharibəsinin cəsur döyüşçüləri, Vətənə sipər etdikləri sinələrindən vurulan, yara alan şəhid və qazilərimizi nə qədər öysək də, onların əməlləri qarşılığında yetərsiz qalacaq. Şəhid ailələrinə və qazilərimizə qayğı hamımızın boynunun borcudur. Vətən müharibəsində həmrəy olan xalqımızı şəhid ailələri və qazilərimizə dəstək məsələsində də irəli durduğunu görürük. Amma əlbəttə ki, şəhid ailələri və yaralı qazilərimizə ən böyük dəstəyi dövlətimiz göstərir. Cənab Prezidentin sərəncamı ilə yaradılmış “Yaşat” Fondu məhz bu məqsədə xidmət edir. “Yaşat” Fondu indiyədək neçə şəhid ailəsinə dəstək olub, yaralı qazilərimizin müalicəsini təşkil edib, onların ehtiyaclarını qarşılayıb.   

Azərbaycan xalqının ruhunda, canında olan bu humanistlik və xeyirxahlıq dövlətçiliyimizin də təməlində dayanır və bütün xalq bunu Prezident İlham Əliyevin və birinci vitse-prezident Mehriban xanım Əliyevanın timsalında görür. 
Vətən müharibəsinin gedişatında da gördük ki, torpaqlarımızın hər qarışının azad olunması xalqın rəğbətinə söykənən dövlət siyasətimizin əsas prioriteti idi, haqq davamızın gedişində şəhidlərimizə, döyüşən orduya olan münasibət, müharibədən sonrakı mərhələdə də dəyişmədi və bu gün də diqqət, qayğının ən üstün dərəcəsində özünü göstərir.    

“Yaşat” Fondunun üstünlüyü həm də şəffaflığındadır

Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondu – “YAŞAT” Fondunun Himayəçilik Şurasının bu günlərdə onlayn formada növbəti iclası keçirilib.
Bu barədə Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin məlumatında bildirilir. Məlumatda qeyd olunur ki, Agentliyin sədri Ülvi Mehdiyev görülmüş və nəzərdə tutulan işlər, Fondun yeni yaradılmış “yashat.gov.az” portalı, eyni zamanda Himayəçilik Şurasının fəaliyyətinin təşkili Qaydaları barədə məlumat verib.
Himayəçilik Şurasının üzvləri də cari məsələlər, həmçinin gələcək fəaliyyətə dair təkliflərini diqqətə çatdırıblar. Məlumdur ki, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi Fondun vəsaitinin sərəncamçısı müəyyən edilib. Fondun vəsaitinin formalaşdırılmasına və idarə olunmasına ümumi nəzarəti isə Azərbaycan Respublikası Prezidentinin yaratdığı Himayəçilik Şurası həyata keçirir.
"YAŞAT” Fondu tərəfindən yaralanan şəxslərin müalicə xərclərinin qarşılanması və şəhidlərimizin ailə üzvlərinin tibbi ehtiyaclarının ödənilməsi üzrə işlər davam etdirilir. Fonddan verilən məlumata görə, qazi Qurban Əliyevin, şəhid Telman Kəlbiyevin oğlu Səid Kəlbiyevin, şəhid Ağacan Cəbrayılovun qızı Ləmanın və oğlu Sədinin, şəhid Ağamirzə Gülmalıyevin atası Ağabəy Gülmalıyevin əməliyyat xərcləri Fond tərəfindən qarşılanıb.
“yashat.gov.az” portalı istifadəyə verilməsi də “YAŞAT” Fonduna müraciət prosesini daha da asanlaşdırmaq, mütəmadi hesabatlar təqdim etməklə şəffaflığa nail olmaq məqsədi daşıyır.  

Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların səhhətinin bərpası, şəhid ailələrinin təminatına dəstək məqsədilə “YAŞAT” Fondu tərəfindən indiyədək 2 745 şəhid ailəsi ziyarət olunub. Eyni zamanda, bugünədək 2 958 şəxs öhdəliyə götürülüb və onların problemlərinin həlli davam etdirilir. Bundan başqa, 491 yaralının müraciəti qeydə alınıb. Ümumilikdə, ziyarət olunan şəhid ailəsi üzvləri və yaralıların sayı 12 050-dir.
“YAŞAT” Fonduna müraciət prosesini daha da asanlaşdırmaq məqsədilə “yashat.gov.az portalı”ndan əlavə, Fondun 8110 “Çağrı” Mərkəzi də fəaliyyət göstərir.

Fəaliyyətində şəffaflığı əsas prioritet hesab edən Fond Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək üçün daxil edilən vəsaitin məbləğini də mütəmadi açıqlayır.
Məlumatda bildirilir ki, indiyədək fondda 29 758 400,01 manat toplanıb.
Həmin vəsaitdən 16 434 136,55 manat fiziki şəxslər, 13 324 263,46 manat isə hüquqi şəxslər tərəfindən ödənilib. Fonda daxil olan vəsaitin 7 023 047,53 manatı xərclənib. Vəsaitin qalığı isə 22 735 352,48 manatdır. Ötən həftəyə qədər xərclənən vəsaitin məbləği 4 082 315,38 manat təşkil edib.
Həmçinin Vətən müharibəsi iştirakçıları və ailə üzvlərinin 580 min manat - Bank Krediti Fond tərəfindən ödənilib. 

Qazilərimiz Türkiyəyə müalicəyə göndərilir

Yazının əvvəlində Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın Vətən müharibəsi iştirakçıları və şəhid ailələrinə diqqət və qayğısını səbəbsiz vurğulamadıq. M.Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu Qarabağ müharibəsində iştirak edənlərə dövlət qayğısı siyasətinə dəstək missiyasını hər zaman yerinə yetirib, bu missiya hazırda da davam etdirilir.

Vətən müharibəsi qazisi Qafarov Əzim Rafik oğlu məhz Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığı ilə müalicə olunması üçün Gülhanə xəstəxanasına göndərilib. Əzim Qafarov sentyabrın 27-də Kəlbəcər istiqamətində 3 gün vuruşub, daha sonra Murovdağ, Füzuli, Kəlbəcər və Cəbrayıl rayonları istiqamətində gedən döyüşlərdə iştirak edib. 2020-ci il oktyabrın 4-də Cəbrayıl rayonunda yaralanıb. Aldığı güllə yaraları nəticəsində mədə, dalaq, ağciyər, qaraciyər, döş qəfəsi və onurğası zədələnib, aşağı ətrafı iflic olub.
Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın tapşırığı ilə dahi bir qazimiz - Rəvan Əzizov da müayinə, müalicə və reabilitasiya üçün Türkiyəyə göndərilib.

Şəhid ailələrinin və yaralı əsgərlərimizin ehtiyaclarının qarşılanması məqsədilə yaradılmış “Yaşat” Fondu da öz növbəsində üzərinə düşən vəzifəsini yerinə yetirir. 

Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin məlumatında bildirilir ki, ağır yaralanan qazilərimiz İsayev Valeh Mehrac oğlu, Həmidov Məhərrəm Əliəşrəf oğlu və Rəsulov Elşad Əlmurad oğlu Fond tərəfindən bu gün səhər saatlarında Türkiyəyə göndərilib.
Bildirilib ki, ölkəmizdəki həkimlərin rəyi nəzərə alınaraq qazilərimizin müvafiq müayinə, müalicə və reabilitasiya prosesi Türkiyədə davam etdiriləcək.
Qeyd olunub ki, “YAŞAT” Fondu qazilərimizin müalicəsini tam yekunlaşana qədər nəzarətdə saxlayacaq.
Fond tərəfindən həkim rəyi əsasında ağır yaralı olan qazilərimizin müalicə üçün xaricə davamlı şəkildə göndərilməsi təmin ediləcək. Eyni zamanda Fond tərəfindən hazırda Türkiyə və İsraildən həkimlərin ölkəmizə dəvət olunması istiqamətində müvafiq tədbirlər görülür. Dəvət olunan həkimlər tərəfindən qazilərimizin müayinə, müalicə və əməliyyatının həyata keçirilməsi nəzərdə tutulur.
Bundan başqa, Türkiyənin Ərzurum şəhərində Azərbaycan Silahlı Qüvvələrinin polkovniki Famil Məmmədovun ayağı amputasiya olunmaqdan xilas edilib.
Polkovnikə daban tikanı və nəticədə sol ayağın tam aterosklerozu diaqnozu qoyulub. Həkimlərin Bakıdakı və ya Türkiyədəki mütəxəssislərə müraciət etmək tövsiyəsindən sonra Famil Məmmədov müayinə üçün Ərzuruma yollanıb. Ərzurum Mərkəzi Şəhər Xəstəxanasında polkovnik əməliyyat olunub və bununla da ayağının amputasiya edilməsinə ehtiyac qalmayıb.

Vətəndaşların Fonda məlumat verməsi daha yaxşıdır

Hərbi ekspert, Qarabağ müharibəsi iştirakçısı Ədalət Verdiyev “Şərq”ə açıqlamasında “Yaşat” Fondunun fəaliyyətinin vətəndaşlar tərəfindən təqdir olunduğunu dedi: 

- Bu Fondun yaradılması Azərbaycan dövlətinin şəhidlərə, yaralı əsgərlərə diqqətinin göstəricisidir. 3 min şəhidimiz, 12 min yaralımız var. Təbii ki, istər “Yaşat” Fondu olsun, istərsə də ümumilikdə dövlətimiz bu qədər ehtiyacları birdəfəyə həll edə bilməz. Hər şey mərhələ-mərhələ həyata keçirilir. Bəzən sosial şəbəkələrdə şikayət xarakterli məlumatara rast gəlinir, hansısa yaralı və ya şəhid ailəsi barəsində, onların ehtiyaclarının ödənməməsi ilə bağlı. Axı Fond ünvanını bilmədiyi, haqqında məlumatsız olduğu şəxsə və ya ailəyə necə yardım göstərə bilər? Məlumat verilib ki, “Yaşat” Fondunun internet portalı var, Çağrı Mərkəzi fəaliyyət göstərir. Vətəndaşlarımızdan xahiş edirəm ki, belə məsələlərdə bir qədər səbirli olsunlar. Kim hansısa şəhid ailəsi və ya döyüşçü, əsgər haqqında məlumatlara malikdirsə, Fonda müraciət etsinlər, məlumat versinlər ki, bu məlumatlar qeydiyyata alınsın. Kor-koranı iş görmək doğru olmaz. Elə yaralı əsgər var müalicəsi xarici ölkədə aparılmalıdır. Hazırkı pandemiya şəraitində kimisə xarici ölkəyə göndərmək çətin bir prosedurdur. O ölkənin səhiyyə orqanı ilə danışılmalıdı, onlara da məlumatlar ötürülməlidir və şəxsin göndərilməsi təşkil edilməlidir. Görürük ki, yaralı qazilərimizdən bir neçəsi müalicə üçün artıq Türkiyəyə göndərilib. Şəhid ailələrinə də yardım edilir, onların ehtiyacları öyrənilir. Proses müsbət şəkildə irəliləyir. Amma vətəndaşlar özləri də aktiv olmalı, şəhid ailələri, yaralı əsgərlər barədə ətraflı məlumat verməklə Fondun işinə kömək etməlidirlər. 
Qazi-jurnalist, həm birinci Qarabağ müharibəsinin, həm də Vətən müharibəsinin iştirakçısı  İlham Tumas “Şərq”ə açıqlamasında bildirib ki, “Yaşat” Fondunun rəhbərliyində təmsil olunanların vicdanına, ədalətinə şübhə ola bilməz: 

- Fondun rəhbəri Qarabağ qazisi Elvin Hüseynovdur. Şəhid polkovnik-leytenant Raquf Orucovun həyat yoldaşı Sevinc xanım, Qarabağ müharibəsi iştirakçısı, ehtiyatda olan polkovnik Şair Ramaldanov Himayəçilik Şurasında təmsil olunur.

Ümumiyyətlə, Fondun rəhbərliyində Vətən sevgisi şübhə doğurmayan insanlardır. Görürük ki, Fond şəhid ailələrinin problemləri ilə, ehtiyacları ilə maraqlanır, göstərilən yardımlar şəffaf şəkildə açıqlanır. Eləcə də qazilərimizin müalicə məsələləri, onların digər ehtiyaclarının ödənməsi istiqamətində müsbət fəaliyyət aparılır. Fondun fəaliyyətinin daha da səmərəli olması üçün Müdafiə Nazirliyi ilə əlaqəli işləmək vacibdir. Çünki şəhidlər, əsgərlər, yaralananlar barədə dəqiq məlumatlar Müdafiə Nazirliyindədir. Və ya MN-də olmalıdır. Belə məsələlərdə sosial şəbəkələrə istinad etmək yanlışlığa yol verilməsinə səbəb ola bilər. Sosial şəbəkələrdə verilən məlumatlar bəzən dürüst, dəqiq olmaya bilir. Ona görə mən xahiş edirəm vətəndaşlarımızdan, o cümlədən şəhid doğmalarından, həmçinin qazilərimizdən, ilk növbədə özləri “Yaşat” Fondu ilə əlaqə yaratsın, özləri haqqında məlumat versinlər. Fond onlara mütləq kömək edəcək, ehtiyaclarını qarşılayacaq. Bu Fond cənab Prezidentin fərmanı ilə yaradılıbsa, onun şəffaflığına heç kəsin şübhəsi olmasın. “Yaşat” həmişə şəhid ailələrinin, qazilərimizin yanında olacaq.