Qənnadı məhsullar təhlükəli yağlarla hazırlanır

"İstehsalçılar məsuliyyətə cəlb olunub, cəzalandırılmalıdırlar"

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən Şəki şəhəri, S.Rəhman küçəsində yerləşən un məmulatlarının satışı ilə məşğul olan obyektlərdə yoxlama keçirilib. Keçirilən yoxlama zamanı istifadə olunan bitki yağlarının keyfiyyəti ilə bağlı araşdırma aparılıb.  Bu zaman baxış keçirilmiş 6 obyektdən 3-də istifadə olunan yağların dəfələrlə istifadə olunduğu, keyfiyyətinin normalara cavab vermədiyi aşkar olunduğundan yerindəcə məhv edilib, qanunvericiliyə uyğun olaraq tədbirlər görülüb. Eyni zamanda sahibkarlara qanunvericiliyin tələbləri izah edilib. 

Qida təhlükəsizliyi üzrə ekspert Elsevər Fərzəliyev deyir ki, belə hallara yol verən müəssisələrə istənilən bölgədə rast gəlmək olar:

"Qənnadı məmulatlarının hazırlanmasında  istifadə edilən yağların əksəriyyəti qidalanmaya yararlı deyil. Bunlar trans yağlar qrupuna aiddir. Təkcə Şəki şəhərində deyil, ölkənin müxtəlif ərazilərində belə yağlar istifadə edilən müəssisələr var. Ən çox fri, yaxud çipsi hazırlanarkən trans yağlardan istifadə olunur. Həmin yağlardan uzunmüddətli istifadə etmək orqanizmdə müəyyən fəsadlara səbəb olur". 

Ekspert qeyd edir ki, bu işi görən adamlar mütləq şəkildə məsuliyyətə cəlb olunmalıdırlar:

"Burda əsas amil olan vicdan məsələsidir. Həmin işi görən insan vicdanını qarşısına qoyub hərəkət etməlidir. Çünki sözügedən məsələ yolverilməz və arzuolunmazdır. Bu zaman təkcə müəssisənin bağlanmağı yüngül cəza olar. Onlar vətəndaşların sağlamlığına zərər vuran, mənfi təsir edən halları həyata keçirib məhsul istehsal edirlərsə qarşısını almaq mütləqdir. Düşünürəm ki, istehsalçılar məsuliyyətə cəlb olunub, cəzalandırılmalıdırlar". 

Aytac Ali