Əbədiyyətdəki Doğuluşun mübarək, Toğrul!


Aləm cənnətə dönsə,
Yaddan çıxmaz Qarabağ...
- deyə fəryad edirdi Ağabəyim ağa...
Uzun illər bu məmləkətin gəlin köçən qızlarının ürəyində, şəhid balasının tabutunu qaldıran Ataların kürəyində, özünü doğma ocağından kənarda qərib bir quş sanan yurd həsrətlilərin dünyadan köç eyləyən zaman yumulmayan gözlərində nisgilə çevrilmişdi Qarabağ...  
Qarabağ ağrı idi...




Qarabağ həsrət idi... Qarabağ düyün idi... Qara bəxt idi... Qapısı bağlı qalmış yurd yeri idi...
Bu ədalətsizliyə dünya birliyi hələ də susurdu...  körpəsi qanına qəltan edilən, qocaları tövləyə yığılıb yandırılan, tüstüsü ərşə dayanan, qadınlarının namusu tapdanan bir məmləkətdə haqqı – tarixi ədaləti bərqərar etmək yerinə dünyanın hansısa bir köşəsində xəritədə heç adı da olmayan kəndin girəcəyindəki kilsənin dam örtüyünün çatlamasını daha bəşəri bir məsələ, hadisə kimi gündəmə gətirib müzakirə edir, işıqlandırırdılar...
Kor deyildik ki... hamısını görürdük. Onu da anlayırdıq ki, özünə gün ağlamayana el də yığılsa, gün ağlayası deyil.



Hər anı bir ömrə bədəl 44 günlük qutsal savaşımızda Vətən Oğulları bizə anlatdı ki, dərdimizin dərmanı hansısa beynəlxalq qurum, təşkilat deyil.
 Qapısı bağlı Qarabağın açarı Azərbaycan Ordusunun – zabitinin, əsgərinin cibində imiş... Bircə “İrəli!” kəlməsinə bənd imişlər ki, Dünya birliyinə Birliyin nə olduğunu göstərsinlər. Bircə himə bənd imişlər ki, bu torpağın nə cəngavərlər yetirdiyini bütün bəşəriyyətə isbat etsinlər. 
Heç 30 yaşı olmayan, bu torpağın üstündə 30 il yaşamağın səfasını görməyən igidlər elə cəfalara qatlaşdılar ki, son nəfəsimizədək onların borcunu ödəyə bilməyəcəyik. Millətin çiynindəki 30 sənəlik əsarət yükünü qaldıran, alnımızda şırım salmış qeyrət ləkəsini təmizləyən, qanıyla Tarix yazan oğullardan biri də Toğrul Hacıyevdir...
Toğrul Rüfət oğlu Hacıyev... 17 fevral 1997-ci ildə Füzulidə ziyalı bir ailədə dünyaya gəlmişdi. Atası Rüfət bəy birinci Qarabağ savaşının qazisi idi. Vətən sevgisi Toğrulun ürəyinə ata nəvazişi, ana şəfqəti ilə bərabər hopmuşdu sanki...



Bu həyatda Ana olmaq ən çətin peşədir. Çünki şəxsiyyət yetişdirirsən. Toğrulun anası İlhamə xanım oğlunun həm də tarix müəllimi olmuşdu. Toğrul kimi əqidəli, sağlam düşüncəli, ləyaqətli bir övlad nümunəsi İlhamə xanımın həm ana, həm də müəllim kimi işinin öhdəsindən necə şərəflə gəldiyinin göstəricisidir...
2003-cü ildə Zəngilan rayon 18 saylı məktəbdə birinci sinifə gedir Toğrul. 2005-ci ildən musiqi təhsili almağa başlayır və musiqi təhsilini L.M.Rastropoviçlər adına musiqi məktəbində davam etdirir. 2009-cu ildən Binəqədi rayon Sulutəpə qəsəbəsi 313 saylı tam orta məktəbdə təhsil almağa başlayır. Məktəbin bütün tədbirlərində fəal iştirak edir və musiqi yarışlarında laureat adını qazanır, dəfələrlə fəxri fərman və diplomlarla təltif olunur. 2013-cü ildə Türkiyədə keçirilən festivalda iştirak edir və ölkəmizi layiqincə təmsil edir və orda Azərbaycan bayrağını ucaldır. 2014-cü ildə oxuduğu orta məktəbdən məzun olur, müvəffəqiyyətlə Azərbaycan Milli Konservatoriyasının Xalq çalğı alətləri fakültəsinin  Tar şöbəsinə qəbul olur. 2018-ci ildə isə ixtisasını magistr pilləsində davam etdirir. Füzuli şəhər 3 saylı Uşaq İncəsənət məktəbində müəllim kimi pedaqoji fəaliyyətə başlayır. Universitetdə bakalavr və magistraturada oxuduğu illərdə bir sıra uğurlu solo konsertlərlə çıxış edir və fəxri fərmanlarla təltif olunur. 2020-ci ildə magistratura təhsilini bitirən Toğrul həmin ilin aprelində hərbi xidmətə yollanır. Müharibə başlayan gündən - 27 sentyabr tarixdən döyüş bölgəsinə yollanır. Ön cəbhədə çox cəsarətlə və qəhrəmancasına döyüşür və döyüş yoldaşları arasında “Canavar” ləqəbilə tanınır. Müharibənin 13-cü günü 8 oktyabr tarixində Füzuli istiqamətində gedən qızğın döyüşlərdə son nəfəsinə qədər qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə ucalır Toğrul...
Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zaman igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən Toğrul Rüfət oğlu Hacıyev ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilir.

*****

24 il bundan öncə Tanrıdan bir Nur parçası qopmuşdu.
Bu gün 24 yaşını tamamlayacaqdı...
Doğulduğu gün İlahidən müqəddəs bir görəv almışdı, bu dünyaya ilahi ədaləti bərqərar etmək üçün göndərilənlərdən idi... 
Hamımız kimi sıradan bir ömür yaşamırdı, Tanrı tərəfindən görəvləndirilmişdi və o alın yazısını yaşayırdı... 
Üzü Haqqa sarı yola çıxmışdı. Tarını Vətən boyda ürəyinə sıxıb bir yanıqlı nəğmə ifa edirdi... Vətən şərqisi... sinəsi çalın-çarpaz dağlanmış, övladları tərki-diyar olmuş, ocağı sönmüş, varlığı çarmıxa çəkilmiş yaralı bir Vətənin şərqisini... 
Yurd həsrəti ilə yaşayırdı... Ruhunda yurd salmış həsrəti nəğməyə köçürürdü... 
Böyük bir dünya daşıyırdı içində... Özü ilə bərabər sirr kimi, səhifələri açılmamış kitab kimi əbədiyyətə apardı ürəyindəkiləri... 
Hələ “Sevirəm!” deməyə macal tapmamışdı...
Hələ diplomunun mürəkkəbi qurumamışdı...
Universitetdən – magistraturadan məzun olduğu gün səmaya fırladığı akademik kep göyün üzündə fırlanırdı hələ...
Dünya boyda ürəyində bir dünya arzuları vardı...
Özü kimi istedadlı gənclər yetişdirəcəkdi, onlara sənət yolunda nümunə olacaqdı...
Amma Toğrul daha şərəfli bir yolda nümunə oldu, həm də təkcə öz yetirmələrinə yox, bütün Azərbaycan gəncliyinə... gələcək nəsillərə...
23 yaşında Tarix yazdı, adıyla ucaldı, adını tarixə yazdı...
24 yaşına varmamış gəldiyi paklığında üzüağ, alnıaçıq Tanrıya vardı...
Tanrıdan qopan o Nur parçası Ona qayıtdı... 
Bu, Allahın Toğrul Rüfət oğlu Hacıyev adına yazdığı ömrün ssenarisi idi...

Həyatın qızıl qaydası belədir. Ondan gələn əlbət bir gün Ona dönəcək... Ömür dediyimiz iki nəfəs arasında fasilədi – Tanrıdan qopub gəldiyimiz anla – ilk nəfəslə, doğuluşla Ona döndüyümüz an – son nəfəs arasında zaman məsafəsidi ömür...
Zatən bir gün hamımız gedəcəyik O müqəddəs ünvana. Məsələ getmək yox, necə getmək, Haqqın dərgahına hansı üzlə gedəcəyimizdədi...
Toğrul bu gənc ömründə şərəflə yaşadı, mərdlik və ləyaqət örnəyi oldu, gəldiyi paklığında Haqqın dərgahına döndü... Gənc ömrünü xarıbülbülün ömrünə calayıb könüllərdə unudulmayan bir nəğməyə - dillərdə dastana döndü...
Haqq savaşının fədaisi kimi – müqəddəs cihadın şəhidi kimi üz tutdu Göylərə...
Tanrıdan qopan Nur parçası Tanrıya döndü... Ondan gələn Ona qayıtdı!...
Tanrı Dərgahında ilk doğum günün – Əbədiyyətdəki Doğuluşun, Mövludun, Ucalığın mübarək, Toğrul!
***
Mən bu dünyaya müəyyən bir missiya üçün gələn insanların ilahi tərəfindən Seçilmişlər olduğuna ürəkdən inanıram. “İstiqamət Şuşa... Xankəndi” deyib baş qoyduğu müqəddəs yolda ucaldığı şəhadəti ilə 30 il əsarət yükünü çiynində,  qeyrət ləkəsini damğa kimi alnında daşıyan bir millətin dirilişinə, ayağa qalxmağına, yumruq kimi birləşməyinə səbəbkar olan Toğrullar, Azərlər, Tofiqlər, Daşqınlar, Xudayarlar – qan qardaşlarımız məhz o seçkin insanlardan, seçilmişlərdən idi...
Bugün Zəfər yürüşünə çıxan millətin mübarizə yolu, bütövlük ideologiyası məhz ordan –  Toğrulların, Aşurların, Yüksəllərin, Azərlərin, Babəklərin  şəhadətindən başladı... Toğrullar o müqəddəs yolun başında Haqq savaşçısı kimi dayanıb bütöv bir məmləkəti bir bayraq altında cəm elədi, “Dünya birliyi”nə bütövlüyün, milli birliyin nə olduğunu göstərdilər...
Vətən boyda ürəklərindəki müqəddəs amal Cəbrayıldan, Füzulidən başlayıb Şuşaya yol almaqdı ki, o Haqq yolunda şəhadətə yüksəldilər, döyüş yoldaşlarından qabaq Şuşaya çatdılar. Zəfər günü Şuşaya girən təkcə o bizim gördüyümüz müzəffər ordunun əsgərləri deyildi, onların başı üstündə Şuşanın dağlarının başındakı dumanı dağıdan, Şuşanın azad, aydın səmasında pərvazlanan məğrur, qalib ruhlar var idi – yuxarıdan  qoruyurdular döyüş yoldaşlarını, Xudaya yar, Tanrıya yoldaş olub Haqqın – Xeyirin şər üzərində qələbəsinə sevinirdilər... 
İlahi ədalət bərqərar olmuşdu...  
Haqq savaşında Xeyir - İşıq zəfər çalmışdı... 
Ocağı sönmüş yurd yerlərimizdə işıq yanırdı...
Xarıbülbül əsirlikdən azad olmuşdu, üzü Günəşə doğru gülümsəyirdi...
Azad Qarabağın aydın səmasında üçrəngli Azərbaycan bayrağı dalğalanırdı... 
Toğrul ürəyinin üstə əzizlədiyi tarıyla Tanrı qatında “Qarabağın şikəstəsi”ni zümzümə edirdi...
Vətən Cənnətə dönmüşdü...

Xəyalə ZƏRRABQIZI,
Filologiya üzrə fəlsəfə doktoru