Gürcüstana səfər edənlər mütləq vaksinasiya olunmalıdır

Pandemiya ilə bağlı hər ölkənin öz şərtləri var


Azərbaycandan hava yolu ilə Türkiyə, Rusiya, Ukrayna və Gürcüstana səfər edən şəxslərdən tələb edilən sənədlər müəyyənləşib. Bu barədə Dövlət Miqrasiya Xidmətinin məlumatında bildirilir ki, sadalanan ölkələrə səfər etmək üçün 48 saat əvvəl alınmış COVİD-19 testinin neqativ nəticəsi haqqında sənədi  mütləq şəkildə təqdim etmək lazımdır. Rusiyaya getmək istəyənlərin tibbi arayışı rus və ya ingilis dilində olmalıdır. Türkiyəyə səfər edən 6 yaşa çatmamış uşaqlardan test nəticəsi tələb olunmur. Ukraynaya səfər edən şəxslər əlavə olaraq sığorta şəhadətnaməsini və Ukraynada yaşama icazəsi və ya Ukrayna vətəndaşının ailə üzvü olmadığı təqdirdə isə maddi vəziyyətini təsdiq edən sənəd (bank arayışı, nağd pul və sair) təqdim etməlidir. Gürcüstana səfər edən şəxslər tamamlanmış vaksinasiya (hər iki dozanın vurulması) haqqında sənəd təqdim etməlidir. 



Dövlət Miqrasiya Xidmətinin yanında İctimai Şuranın sədri Azər Allahverənov "Şərq"ə açıqlamasında bildirib ki, pandemiya şəraitindən irəli gələrək xarici dövlətlər səfərlərlə bağlı qaydaları bir qədər sərtləşdirib:

"Hər bir dövlət əcnəbiləri ölkəsinə qəbul etmək üçün hansı sənədlər və şərtlərin vacib olduğunu özü müəyyənləşdirir. Gürcüstan tərəfi üçün ora səfər edən əcnəbilər potensial təhlükə hesab olunduğuna görə şərtlər bir qədər sərt ola bilər. Hər hansısa şəxs  Gürcüstana səfər etmək istəyirsə mütləq şəkildə vaksinasiya olunmalıdır.

Lakin hazırda ölkəmizdə risk qrupuna daxil olan şəxslərin vaksinasiya prosesi gedir və özəl xəstəxanalarda pullu vaksinasiya həyata keçirilmir. İndiki vəziyyətə baxanda həmin ölkəyə səfər etmək bizim üçün hələ mümkün deyil. 

Gürcüstanda son aylar yoluxma sayında müşahidə edilən artımla əlaqədər olaraq, hökumət vətəndaşların sağlamlığını düşündüyünə görə belə bir tələb irəli sürür.

Ukraynaya gəldikdə isə onlar indiki şəraitdə miqrasiya proseslərini effektiv bir şəkildə idarə etməyə çalışır. Bu hal başadüşüləndir. Müəyyən səbəblərdən irəli gələrək ölkəyə səfər edən şəxsin yaşama icazəsinin, yaxud ailə üzvlərindən birinin Ukrayna vətəndaşı olması mütləqdir". 

Ekspert düşünür ki, bu məsələ ilə bağlı vəziyyət yaxın müddət ərzində düzələcək:

"Pandemiya və hazırkı vəziyyət dövlətləri əcnəbilərin ölkəyə girişi ilə bağlı şərtləri sərtləşdirməyə vadar edir. Yaxın 2-3 ayda bu barədə tendensiyanın dəyişəcəyi güman edilir. Gedən proseslər onu göstərir ki, heç kim bu haldan məmnun deyil. Hesab edirəm ki, bu məsələ ilə bağlı müəyyən nüanslar öz yerini yaxın zamanda tapacaq". 

Aytac Ali