Vaxt daralır, Həcc ziyarəti olmayacaq

Pandemiyaya görə dünya müsəlmanları bu il Məkkəyə gedə bilməyəcək


Bu il Həcc ziyarətinin baş tutub-tutmayacağı ilə bağlı Səudiyyə Ərəbistanı tərəfindən hələ ki bir məlumat verilməyib. Bu barədə Qafqaz Müsəlmanları İdarəsindən məlumat verilib. Bildirilib ki, martın əvvəlində Səudiyyə Ərəbistanından Həcc ziyarəti ilə bağlı konkret qərar olmalıdır, yəni ziyarətin keçirilib-keçirilməyəcəyi barədə dəqiq məlumat verilməlidir:

"Azərbaycandan getmək istəyənlər var və əgər razılıq verilərsə, müraciətlər toplanılacaq. Səudiyyə Ərəbistanı tərəfindən razılıq gəlsə, vaxt baxımından ziyarəti təşkil etmək mümkündür. Hətta martın axırı, aprelin əvvəlinə qədər razılıq verilsə, Həcc ziyarəti baş tuta bilər, lakin aprelin axırı gəlsə, vaxt baxımından ziyarətin təşkil edilməsini çatdırmaq mümkün olmayacaq".

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) fətva şöbəsinin əməkdaşı Ağa Səid Yaqubov bildirib ki, pandemiya səbəbindən hələlik Həcc ziyarəti təxirə salınıb. O vurğulayıb ki, imkan daxilində orada yaşayan müsəlmanlar indinin özündə də oranı ziyarət edirlər:

"Məcburi deyil ki, dünyanın hər yerindən bir nəfər getsin. Elə orada yaşayan müsəlmanlar da getsə kifayət edir. Ümumiyyətlə, "Qurani-Kərim"də açıq-aydın ayə var ki, əgər imkanınız olarsa, Həcc ziyarətinə gedin. Bu şərt olduğu üçün imkan daxilində olanlar oranı ziyarət etməyə gedirlər. Həcc Allahın evini ziyarət etmək və orada göstəriş verilən əməlləri yerinə yetirməkdir".