Heç kəs yaxasını çəkməz

Gənclərdən ibarət qruplar Qarabağın quruculuğunda həvəslə çalışacaqlar


Milli Məclisin deputatı Afət Həsənova düşmən tapdağından xilas olunmuş torpaqlarda bərpa işləri ilə bağlı gənclərdən ibarət qruplar yaradılması barədə təklif verib. O qeyd edib ki,  işğaldan azad edilmiş ərazilərimizdə bərpa və yenidənqurma işlərinin həyata keçirilməsi üçün çoxlu sayda işçilərə, müxtəlif sahələrdə mütəxəssislərə tələb yaranacaq. Bu baxımdan, gənclərin mütəşəkkil şəkildə işğaldan azad edilmiş ərazilərdə görüləcək işlərə cəlb olunması məqsədəuyğun olar. 

Gənclər təşkilatları, gənclərlə işləyən dövlət qurumları, ali təhsil müəssisələri, peşə məktəbləri bu işlərdə fəal ola bilərlər. Misal üçün, gənclərdən ibarət inşaat qrupları və digər işləri yerinə yetirəcək qruplar yaradıla bilər, o qrupları müəyyən təlimlər keçdikdən sonra bərpa və yenidənqurma işlərinə cəlb etmək olar. 

Hesab edirəm ki, gənclər özləri də bu işlərə böyük maraq göstərəcəklər. Həm gənclərin məşğulluğu təmin olunacaq, eyni zamanda onlar böyük təcrübə qazanacaqlar. 

“İslahatçı Gənclər” İctimai Birliyinin sədri Fərid Şahbazlı deputatın təklifini dəstəkləyərək bildirib ki,  millət vəkili çox əhəmiyyətli və vacib bir təkliflə çıxış edib və onun bu fikri təqdirəlayiqdir:

"2020-ci ölkəmizdə könüllülər ili elan edilmişdi. Azərbaycan gəncləri nəinki ötən il, eyni zamanda bundan əvvəl də ölkəmizin ictimai-siyasi, mədəni həyatında yaxından iştirak ediblər.

Xüsusən, pandemiya dövrü ərzində gənclərimiz böyük fədakarlıqla sosial qayğıya ehtiyacı olan yaşlılara, o cümlədən digər sosial qruplardan olan insanlara könüllülük prinsipi əsasında yardım göstərdilər.

Həmçinin müharibə gedən zamanda da onlar bütün proseslərdə ön planda çıxış edib, ordunun və dövlətin yanında oldular. Mən elə hesab edirəm ki, işğaldan azad edilmiş ərazilərimizin yenidən qurulmasında, infrastrukturun yaradılmasında və orada ümumiyyətlə ictimai-siyasi həyatın formalaşmasında Azərbaycan gəncləri yaxından iştirak edəcək. 

Düşünürəm ki, bu sahədə gənc mütəxəssislərin köməyi olduqca vacibdir və bizim buna ehtiyacımız var.

Gənclər bütün cəmiyyətlərdə olduğu kimi Azərbaycan cəmiyyətində də ictimaiyyətin avanqardı rolunu oynayır.  Şübhəsiz ki, uyğun olan zamanda gənclərimiz istənilən sahədə həmin torpaqlarımızın dirçəldilməsi prosesində yaxından iştirak edəcək və öz yardımlarını əsirgəməyəcəklər". 

Aytac Ali