Vay bu şəhərin halına

Ağac terrorçuları, acgöz məmurlar yaşıllıqlara qənim kəsiliblər

"Bakıda 1980-ci illərin sonunda 15 min hektar yaşıllıq ərazisi vardı. İndi isə 7 min hektar civarında qalıb"

“Bəxt üzüyü” filmində veteran Tanrıbəy Moşuya yalvarır ki, ağaclar istidən yanır,  dur, onları sula. Havayı iş görmək istəməyən Moşu isə soruşur ki, bu ağaclar meyvə gətirir, bar verirlər? Veteran dayının “a bala, bunlar şam ağaclarıdı, onların meyvəsi olmur”. Moşu da “meyvəsiz ağacı niyə sulayım, maa nə xeyri var?!” deyib, o boyda veteranın sözünü yerə salır. Paytaxtda yaşıllıq ərazilərinin məhv edilməsi, ağacların bilərəkdən, məqsədli şəkildə qırğına verilməsini filmdəki acı zarafatın real günümüzdə təcəssümüdü. 

Bakıda yaşıllıqların məhv edilməsindən çox deyilir, çox yazılır. Sosial şəbəkərlərdə də fotolar yerləşdirilir. Amma məmur ordusu moşusayağı davranmağındadır:

“bir ağacdan ki, cibimizə xeyir gəlmir, o nəyimizə gərəkdir?! Bu dağıdıcı təfəkkürlə də yaşllıqların məhvini gerçəkləşdirirlər. Hazırda paytaxtın Nizami rayonu ərazisində məhvetmə kampaniyası sürət götürüb. Babək prospekti boyunca “Xalqlar dostluğu” metrostansiyasınadək, burada da “Laçın” Ticarət Mərkəzinə qədər olan məhz yol kənarındakı yaşıllıq ərazilərin daşlarla örtülməsi işi aparılır. Piyadalar üçün rahat keçidləri anladıq, amma yaşıllıq zolağındakı ağacların ətrafı və əslində yaşıllıq sahəsi olan əraziyə niyə daş düzülməlidir? Sual ritorikdir. Çünki cavabı bəllidir. Ona görə ki, daş düzülən ərazilər obyekt kimi satışa çıxarılır. “Xalqlar dostluğu” metrostansiyasından “Laçın” Ticarət Mərkəzinə uzanan yolda yaşıllıq kimi qalmalı olan, lakin daşlar altında artıq basdırılmış ərazidə hər gün bir obyekt, hər saat bir ticarət “toçka”sı boy göstərməkdədi. Böyük ehtimalla ərazi icra hakimiyyəti tərəfindən satışa çıxarılır. Kvadratına görə haqqını ödəyib yerə sahib olanlar piştaxtalarını artıq quraşdırıblar. Ağacların əhatəsində yaxın günlərdə böyük küçə bazarının şahidi olacağıq. Piyadalar üçün də ortada kiçik bir cığır saxlayacaqlar. Piyadalar hər dəfə bu yolla hərəkət etdikcə sağ-solları ticarət köşkləri, piştaxtalar olacaq. Hər cür əşya, geyim, ərzaq satacaqlar orda. Kişi-qadın alt paltarından, corabdan tutmuş, ayaqqabıya, çantaya qədər. Tuman-coraba nə qədər aludə imiş bu “millət”?!. İnsanlar üçün gəlir sahələri yaratmaq, ticarət etmək imkanı vermək, əlbəttə müsbətdir. Amma niyə məhz yaşıllıqların və ağacların hesabına. Yaşıllıq və ağaclar bizə ticarətlə qazanılmayan nemət  – təmiz havanı verir! Onu pulla almaq mümkün deyil. Amma nadanlıqlarından qənim kəsilirlər təbiətə. 



Problemlə bağlı “Şərq”ə danışan sosioloq Elçin Bayramlı qeyd etdi ki, sovet dövründə Bakı ən az yaşıllıq sahəsi olan şəhərlər sırasında idi. İndi isə vəziyyət kritik həddə çatıb: 

- Ölkə başçısı cənab İlham Əliyev və birinci vitse-prezident Mehriban xanım Əliyeva ağacəkmə kampaniyalarında iştirak edir, şəhərin yaşıllaşdırılmasına önəm verirlər, amma bəzi acgöz məmurlar ağacları kəsib, yaşıllıq əraziləri məhv edib obyekt yeri hazırlayır və satırlar. Bunlara daha hansı sözlər deyilməlidir ki, təsiri olsun?! Mən onları cinayətkar da adlandırıram, quldur da adlandırıram, amma görürəm ki, təsiri yoxdur. Deməli, tənqiddən təhqirə keçmək lazımdır. Bu insanlar acgözdürlər, soyğunçudurlar və terrorçudular - ağac terrorçuları. Bakıda 1980-ci illərin sonunda 15 min hektar yaşıllıq ərazisi vardı. İndi isə 7 min hektar civarında qalıb. İki dəfə azalıb yaşıllıq ərazisi. Yaşıllıq ərazilər 2 dəfə azalıb, əhalinin sayı isə 2 dəfə artıbsa, deməli, vəziyyət dördqat ağırlaşıb. Yaşıllıqların məhv edilməsi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin gözü qarşısında baş verir.

Hansısa halda əhali səs-küy qaldırır, mediada məsələ işıqlandırılır, bundan sonra Ekologiya Nazirliyi müdaxilə edir, kimisə cərimələyirlər, bununla da iş bitir. Kəsilən ağac kəsildi, yaşıllıq da məhv edildi. Sonra da baxırsan ki, məhv edilən yaşıllıq ərazisində ya bina tikilib, ya da bir obyekt. Əgər nazirlik  bu ağac qatilləri ilə bacarmırsa, açıq etiraf etsin. Vətəndaş da bilsin ki, ağac qatilləri kimlərdir. Dövlət başçısı onlarla bağlı ölçü götürər. 10-15 il əvvəl paytaxtda mövcud olmuş böyük yaşıllıq zonaları dəfələrlə azalıb və bu gedişlə 1-2 ilə tamamilə yoxa çıxacaq. Məmurlar, icra hakimiyyətləri yaşıllıq ərazilərə rahat qazanc mənbəyi kimi baxır.

Bilərəkdən, qəsdlə ağacların dibinə kislota tökürlər, səki daşlarıyla, ya da mərmər, tamet daşlarla əhatələyirlər, qısa zamanda ağaclar quruyur, sonra o əraziləri boş sahə kimi sənədləşdirir və satırlar. “Boş sahə”ni ələ keçirmək asandır. Yol kənarlarında, səkilərdə, hətta parkların ərazisində az bir hissədə yaşıllıq salır, böyük hissəni ticarət obyektləri üçün hazırlayırlar. Dediyiniz həmin “Xalqlar dostluğu” metrostansiyasından “Neftçilər” metrostansiyasınadək yolun hər iki tərəfində böyük yaşıllıq zonaları vardı. İndi baxaq, nə görürük; ticarət obyektləri, mebel mağazaları, restoran-kafelər, köşklər... Yüksəklikdən Bakıya baxanda sanki daş yığınıdı. Bakı “daz” şəhərə çevrilib. 

E.Bayramlı yaşıllıq sahələrinin azalmasında “Azərsu”nun da məsuliyyət daşıdığını bildirdi: 

- Bakının bir çox yaşayış binalarının həyətlərində su kranları vardı. Sakinlər bu su kranlarından istifadə etməklə binaların həyətindəki ağacları, yaşıllığı, gül-çiçəyi sulayırdılar. Amma “Azərsu” su kranlarını ləğv etdi, su borularını bağladı. Ağaclar da susuz qalıb qurudular, məhv oldular. Ümumi istifadədə olan su kranına sayğac quraşdırılırsa, onun ödənişini heç bir idarə, təşkilat üzərinə götürmək istəmir ki, pul yoxdur. Nəticədə yaşıllıq ərazilər məhv olur, ağaclar da quruyur. Məmurlar üçün də yeni-yeni gəlir mənbələri yaranır. Əraziləri satırlar. Yaşayış masssivlərinin həyətlərinə, yol kənarlarına, səkilərə bir reyd keçirsinlər, görsünlər yaşıllıq əraziləri geyim mağazaları, marketlər, ticarət köşkləri, təndirxanalar tərəfindən necə zəbt edilib. Piyadaların gediş-gəlişi üçün səki qalmayıb şəhərdə. Məmurlar qanundan qorxmur. Harda “boş ərazi” gördülər, orda bir “toçka” yaradırlar. Yaşıllıqları məhv edir, insanların havasını oğurlayırlar.