Siqnal ! “Ölkəmizi antiterror əməliyyatına məcbur edirlər”

“Rusiya istəyir ki, Azərbaycan məcbur olub öz ərazisində antiterror əməliyyatları keçirsin. Lakin bu, bizim hüququmuzdur”

Xəbər verdiyimiz kimi, noyabr ayında imzalanmış üçtərəfli bəyanatın 4-cü bəndinə görə  Ermənistanın heç bir silahlı qüvvəsi Qarabağda qalmamalı idi. Qarabağda müddətli hərbi xidmət keçən erməni əsgərlərin valideynləri Ermənistanın hökumət binasının qarşısında yenidən aksiya keçiriblər. Azərbaycanda xidmət edən hərbçilərin valideynləri oğlanlarının erkən tərxis edilməsini tələb edirlər. Bu faktlar bir daha göstərir ki, Ermənistan razılaşmaya əməl etmir, əsgərlərini hələ də Xankəndi və ətraf bölgələrdə saxlamaqda davam edir.

Rusiya sülhməramlılarının təsir zonasında olan erməni silahlıları “arxalı köpək qurd basar” yanaşmasına istinad edərək həyasız davranışlarını davam etdirirlər. Qarabağdakı qondarma rejimin terrorçu nümayəndələri hələ də reallığı qəbul edib, Azərbaycan dövləti içərisində “dövlət” qurmağın mümkünlüyünü anlamaq istəmirlər. Günün birində Azərbaycanın müvafiq qurumlarının antiterror əməliyyatı keçirərək terrorun kökünü qazıyacağı getdikcə daha real görünür.


Millət vəkili Elman Məmmədov “Sherg.az”a açıqlamasında bildirib ki, erməni əsgərlərinin Xankəndidə olması Azərbaycan qanunlarının ciddi şəkildə pozulmasıdır:

“Xankəndi və onun ətrafında, Xocalı və Xocavənd rayonunun bir hissəsi və keçmiş Ağdərə rayonunda qondarma rejimə aid terror dəstələri fəaliyyətlərini davam etdirirlər.

Müharibə bitən gündən üçtərəfli bəyanata əsasən sülhməramlılıq missiyasını öhdəsinə götürən Rusiya dövləti bu işlə ciddi məşğul olmalı və ərazilərimiz bir neçə ay müddətinə terrorçu dəstələrdən təmizlənməlidir.

Təəssüf ki, Rusiya dövlətinə aid olan sülhməramlılar daha çox erməniməramlıdırlar.

Quldur erməni dəstələri ilə bir növ əməkdaşlıq edib onları himayələri altında saxlayırlar. Laçın dəhlizi vasitəsilə onları silah-sursat və ərzaqla təmin edirlər. Rus sülhməramlılar öz missiyalarına aid olmayan hər şeyi edirlər”.

“Belə olan təqdirdə Azərbaycan nə etməlidir?” sualına gəlincə, parlament üzvü bildirib ki, ölkəmizi antiterror əməliyyatına yerinə yetirməyə məcbur edirlər:

“Rusiya istəyir ki, Azərbaycan məcbur olub öz ərazisində antiterror əməliyyatları keçirsin. Lakin bu, bizim hüququmuzdur. Rusiya vaxtaşırı olaraq Şimali Qafqazda antiterror əməliyyatları keçirir ki, “ərazilərimdə qeyri-qanuni birləşmələr var.

Onları tərkisilah etmək üçün tədbir görürəm”. Eyni hüquq bizə də aiddir. Xankəndi Azərbaycan ərazisidir.

Torpaqlarımızı işğaldan azad etmişik. Sadəcə müəyyən bir hissə və Laçın dəhlizi qalıb. Laçın dəhlizi rus sülhməramlıların ixtiyarına verilməyib ki, kim istəsə gəlib-getsin və Azərbaycandan soruşmasınlar.

O zaman rus sülhməramlılar nə üçün lazımdır? Müharibə 5 aydan çoxdur ki, bitib bu müddət ərzində erməni terrorçuları həbs edilməyib və rahat şəkildə fəaliyyət göstərirlər. Onlara rəhbərlik edən qondarma rejimin də bütün sturukturları ruslarla sıx əməkdaşlıq edirlər.

Azərbaycan buna son qoymaq üçün ərazisini antiterror əməliyyatları ilə düşmənin bütün tör-töküntülərindən təmizləməlidir. Başqa yol yoxdur!”.