Ailə dramı:“21 yaşlı gəlinin həmyaşıdları universitetə hazırlaşır”

“Onun körpə dünyası hələ formalaşmamış artıq qucağına körpə verilir”

“Qanadına güvənən quş qonduğu budağın sınmasından qorxmaz””

“Evləndirdiyimiz övladlarımıza, xüsusən qızlara öncə qanad verib, sonra yuvadan uçurmaq lazımdır”



Sabirabad rayonunda intihar hadisəsi baş verib. Rayonun Cavad kənd sakini, 2001-ci il təvəllüdlü Səmayə Zeynalova özünü yaşadığı evin həyətindəki nar ağacından asıb. S.Zeynalovanın 1 yaşlı oğlu var. Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə sosial şəbəkədə bildirib ki, qız boşanmaq istəsə də, anası buna razı olmayıb:

“Qız ailəli olduğu dövrdə valideynlərinə həyat yoldaşı, qayınatası, qayınanasının ona mənəvi, psixoloji işgəncə verdiklərini və onu bezdirib intihar həddinə çatdırdıqlarından dəfələrlə şikayət edib, boşanmaq istəyib. Qızın atası onun boşanmasına razılıq verib, amma anası qəti etiraz edib. “Getmisən, dolan, otur, boşanma” deyib. Yeri gəlmişkən, qızın anası ilə oğlanın anası əmiqızlarıdır”.



Bədbəxt hadisəni “Sherg.az”a dəyərləndirən tanınmış jurnalist İlhamə Rəsulova bildirib ki, Azərbaycan ailələrinin ən böyük problemi danışa bilməməkdir:

“Bizlər problemlərimizi danışaraq yox, dava edərək, ən yaxşı halda küsərək həll edirik. Həll etmirik, sabahlarımıza getdikcə böyüyən, irinləyən bir yara saxlayırıq. Beynimizə yeridilmiş bir qanun var:hər valideyn övladını xoşbəxt görmək istəyir və toy arzusu ilə yaşayır. Amma xoşəxtlik dediyimiz o məvhum nədir? Onu nədə görürük? Ümumiyyətlə, hər insan mütləq şəkildə ailə qurmalıdırmı? Ərə gedən qıza ata babalardan miras qalmış o söz niyə deyilməlidir- “O evdən bir də kəfənlə çıxacaqsan”.

Ən yanlış ifadə. Halbuki övladını yola salan ana- ata buna ayıblı bir şey kimi baxıb, toydan öncə “gizlənqaç oynamaq” əvəzinə oturub qarşılıqlı danışa bilərlər. Ata, yaxud ana, evin böyüyü hər kimdirsə, ailəni tərk edən qıza “sənin hər daim güvənəcəyin yuvan var, bunu unutma, çətinliklərin zamanı bil ki, mən yanındayam” deməyi də bacarmalıdır.

Bu, hər səhvində, hər kaprizində hələ ailə nə deməkdir bilməyən gənc qızın ayağının altına daş qoymaq demək deyil. Problemlərinə dəstək vermək, qurulmuş ailənin xətalarını təlafi etmək üçündür. Bütün səylərə rəğmən iki nəfərin bir dam altında birgə yaşayışı onları hansısa vacib səbəbdən məmnun etmir, incidir, əziyyət verirsə, bu əziyyəti ömür boyu sürdürməyin nə mənası var?

Hətta Allah belə boşanmanı bir variant kimi insana təqdim edib. İnsan niyə Allahdan daha çox allahlıq eləmək iddiasına düşməlidir ki, başqasının taleyi üzərində?

Olmursa, ən sivil qaydada ayrılıb ortalıqda uşaq varsa onun özünü üzgün hiss etməməsi, xoşbəxt böyüməsi üçün səy göstərməlidirlər. Bəs, bizdə necədir? Uşaqdan qarşı tərəfə şantaj aləti kimi istifadə edilir, onu göstərməməklə qarşı tərəfi cəzalandırırlar. Və ya bütün qalmaqallar, dava, təhqir o balacanın gözü qarşısında baş verir. Birincisi, uşaq bu travma ilə böyüyür, ikincisi də ailə deyilən şeyin elə bu olduğunu qavrayaraq gələcəkdə özü də şiddətə meyilli ailə başçısına çevrilir”.

İ.Rəsulova vurğulayıb ki, mövcud durumda qız dəfələrlə valideynlərinə vziyyətinin pis olduğunu deyib:

“Valideyn qohum evliliyinə görə “üz- üzdən utanar” prinsipiylə hərəkət edib bəlkə də. Yaxud əmiuşaqlarıyla aralarında problem yaranmasın deyə problem həll etmək əvəzinə əzilən tərəfi susdurub. Bundan sonra bəlkə də bir ömür boyu vicdan ağrısı ilə yaşayacaq o valideyn.

Amma zamanında sadəcə dinləmək, söhbət edib yoluna qoymaq, heç nə alınmırdısa da boşanmaya razılıq vermək olmazdımı? Hər kəs öz həyatını yaşayacaq və fərqli şəkildə quracaqdı.

Niyə bizim cəmiyyətdə elə düşünürlər ki, boşananlar mütləq əxlaqsız olacaqlar. Kimlərsə onlara pis baxacaq? Namus deyilən məvhum yalnız qadın bədəni il ölüçələn bir şeydirmi? Və bir qadın əxlaqlıdırsa, o əxlaqını ərinə, ailəsindəki kişilərə görə deyil, öz şəxsiyyətinə hörmət edərək qoruyur.

21 yaşında intihar edən həyatından bezmiş gəlinin tay-tuşları hələ universitetə hazırlaşır. Karyera yollarında irəliləyirlər. Onun körpə dünyası hələ formalaşmamış artıq qucağına körpə verilir.

Öz səhvlərini dərk etməyən bir qız başlayır başqa bir insanı yetişdirməyə. Halbuki hər hansı bir peşəsi, işi, təhsili olmuş olsaydı, öz başını dolandırmaq hünəri olardı. Valideyn despot olmuş olsaydı belə ayrıca yaşayıb həyatını təmin edə bilər, asılı qalmazdı. Hər zaman dediyim sözdür: “Qanadına güvənən quş qonduğu budağın sınmasından qorxmaz”. Evləndirdiyimiz övladlarımıza, xüsusən qızlara öncə qanad verib, sonra yuvadan uçurmaq lazımdır”.