Xəstəni döyən həkim qınandı:”Bu nə qadına, nə də həkiminə yaraşır” - VİDEO

Bu günlərdə Tovuz rayonunda xəstəni döyən həkimin videosu geniş müzakirələrə səbəb oldu. Tovuz rayon Mərkəzi Rayon Xəstəxanasının həkimi Sona Hüseynova vətəndaşı döyməsi ilə bağlı yayılan görüntülərə münasibət bildirib. Xəstəxananın psixiatrı S.Hüseynova bildirib ki, 6 il öncə qeydiyyatda olan vətəndaş epilepsiyadan əziyət çəkir. Onun sözlərinə görə, ona 3-cü qrup əlillik təyin olunub: 

"Son 5 ildə müayinə üçün müraciət edilməyib. Vətəndaşın dediyinə görə, Bakıda fəaliyyət gösətərən özəl tibb müəssisələrinin birində müalicə alıb. Müayinə zamanı növbəlilik prinsipini pozaraq otağa Vətən müharibəsi qazisi adı ilə daxil olub. Lakin onun qazi olmadığı, hətta hərbi xidmət keçmədiyi məlum olub.

Müayinə zamanı ciddi şəxsiyyət pozuntusu aşkar olunmadı, əlilliyin təyin olunması ilə bağlı isə özünə məlumat verilmədi. Çünki əlilliyin meyarlarına görə epileptik tutmalarının sayı vacibdir. Son 5 ildə stasionar yatışla bağlı bir dənə belə olsun sənədi yoxdur.

Epileptik tutmasının olması, şəxsiyyət dəyişikliyin olub-olmaması barədə tək psixiatr kimi diaqnoz qoymağa hüququm yoxdur. Buna görə mənə stasionar yatış barədə sənəd, epiqriz lazım idi.

Lakin vətəndaş stasionar yatışa razı olmadığını bildirək məni qanunsuzluqda ittiham edərək cinayət işi törətməkdə günahlandırdı. Videoçəkiliş etməyə icazə olmadığını bildirsəm də, məni videgörüntəyə almağa cəhd göstərdi. Bir xanım kimi məni təhqir edərək nalayiq təkliflər etdi. Məqsədim telefonu onun əlindən almaq olub. Videonun yayılmaması üçün məni şantaj etməyə başladı. Bildirdi ki, ya 3 min manat pul verəcəm, ya da videonu yayımlayaraq səni rüsvay edəcəyəm".



Tibb və fəlsəfə elmləri doktoru, həkim Şəmsiyyə Namazlı hadisəyə dair “Sherg.az”a açıqlama verib. O bildirib ki, həkimin xəstə və onun qohumları ilə davranış tərzi təbabətdə olduqca önəmli faktorlardan biridir:

“Bu, peşəkarlıqdan irəli gələn bir durumdur. Təəssüf ki, müasir dövrümüzdə bəzi həkimlərin davranış tərzlərində normal hallara rast gəlmirik. Məlumdur ki, cəmiyyətdə ən çox tənqid olunanlar məhz həkimlərdir.

Çünki onlar insanlarla çox ünsiyyətdə olurlar. Bəzi həkimlər əxlaqi-etik davranış normalarına əməl etmirlər. Baş verən hadisə də bunun bariz nümunəsidir.

Nalayiq təkliflər edilsə belə, bu davranış xüsusilə qadın həkimə yaraşan hərəkət deyildi. Görüntüləri izlədim və mənə çox qəribə gəldi. Bir anlıq düşündüm ki, sanki həkimin əlində kəsici alət var, onu pasiyentin boğazına tutub “dayan” demək istəyirdi”.

Ş.Namazlı qeyd edib ki, xəstənin sinir sistemi yerində olmaya və bunun üçün də yanlış ifadələr səsləndirə bilər:

“Lakin pasiyentin qarşısındakı bir həkimdir axı. Ola bilsin ki, həmin xanım savadlı həkimdir. Lakin bu, xanıma yaraşmayan hərəkətdir. Baş verənlər mənim tibbi və fəlsəfi dünyama yad olan bir haldır. Bütün bunlar nə Azərbaycan qadınına, nə də həkiminə yaraşır”.