“Dağıdılmış məscidlərin bərpası dünyaya mesajdır” 

Prezident İlham Əliyev, Birinci vitse-prezident Mehriban xanım Əliyeva və qızları Leyla Əliyevanın Cəbrayıl və Zəngilana səfəri düşmənə, onun havadarlarına verilən növbəti mesajdır. Ölkə başçısının Zəngilan məscidi qarşısındakı çıxışı cəmiyyətimizdə fərqli, bir o qədər də qürurlu hisslər doğurdu. Prezident və Birinci xanımın xüsusilə Zəngilanda məscidin divarına daş hörməsi müsəlman dünyasının diqqətini cəlb etdi.
Dövlət başçısı Zəngilan məscidinin qarşısında çıxışı zamanı mühüm məsələlərə toxundu:

“Zəngilan məscidi bərpa ediləcək. Bu məscid mənfur düşmən tərəfindən dağıdılmışdır. Müharibədən sonra Zəngilana səfər edərkən buraya da gəldim, mənzərə ilə tanış oldum və bildirdim ki, hər kəs bunu görməlidir. Bütün beynəlxalq təşkilatlar bunu görməlidir, erməni vəhşiliyini görməlidir. Bir daha demək istəyirəm ki, bu gün ermənilərə havadarlıq edənlər gəlsinlər, görsünlər, bizim məscidlərimizi nə günə qoyublar və təkcə bu məscidi deyil. Azad edilmiş bütün torpaqlarda bizim tarixi, mədəni, dini irsimiz ermənilər tərəfindən dağıdılıb, təhqir edilib, sökülüb”.



Qarabağ Seyid Ocaqlarının təmsilçisi, şərqşünas Seyid Camal Əzimbəyli “Sherg.az”a bildirib ki, cənab Prezidentin İkinci Qarabağ müharibəsindən sonra qalib sərkərdə kimi əzəli torpaqlarımızdan olan Zəngilan və Cəbrayıla səfəri əlamətdar bir günə təsadüf edib:

“Çünki bütün İslam dünyası üçün sevginin, mərhəmət və şəfqətin işığı olan “Quran-i Kərim”in nazil olduğu bir aydır. Prezidentin Zəngilanda dağıdılmış məscidimizə ailə üzvləri ilə bərabər və dini qaydalara uyğun olaraq baş çəkməsi Azərbaycan xalqı və müsəlman dünyası üçün bir mesajdır.

Digər tərəfdən Azərbaycan yeganə dünyəvi ölkələrdəndir ki, dövlətimizin başçısı şəxsən özü cəmiyyətimizdə milli, mənəvi və mədəni irsimizin həqiqi təəssübkeşi olub. Bunu da bütün dünya görür və görməkdədir. 

Əzəli və əbədi yurdumuz olan Qarabağ torpaqlarımızda dağıdılmış, etiqad yerimiz adlanan və hər zaman Allahın evi saydığımız məkanların cənab Prezidentin birbaşa nəzarəti ilə yenidən inşası çox qürurvericidir. Bütün bunlar dünya ölkələrinə də bir nümunədir. 

Ali Baş Komandanın Ramazan ayında bu səfəri həyata keçirməsi və öz əlləri ilə məscidə xidmət göstərməsi Allahın və dinimizin hökmlərinə uyğun bir davranış idi. Qarabağın xilası üçün yaradanımız İlham Əliyevi seçib”.