Çoxalıblar !- Qadınları şantaj edən kişilər...

Qadını sosial şəbəkədə şəkillərini yayacağı adı ilə hədələyərək görüş tələb edən Bakı şəhər sakini saxlanılıb. Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis şöbəsinə müraciət edən Binə qəsəbəsində yaşayan bir qadın aprelin 25-də sosial şəbəkədə Faiq adlı şəxsin onu şəkillərini yayacağı adı ilə hədələyib görüşməyi tələb etməsini bildirib. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Ç.Aslanov müəyyən edilərək saxlanılıb. Faktla əlaqədar Cinayət Məcəlləsinin 242-ci (pornoqrafik materialları və ya əşyaları qanunsuz yayma) maddəsi ilə cinayət işi başlanılıb.

Məsələ ilə bağlı "Şərq"ə danışan hüquq müdafiəçisi Novella Cəfəroğlu bildirib ki, ümumiyyətlə, bu cür şantaj məsələləri artıq kökündən həllini tapmalıdır. Hüquq müdafiəçisi qeyd edib ki, bu istiqamətdə hüquq çərçivəsində bir sıra işlərin həyata keçirilməsinə ehtiyac var:

"Son zamanlar bu tipli şantajların sayı kifayət qədər artmaqdadır. Hesab edirəm ki, qanunla həmin videoları və şəkilləri internet üzərindən yayan şəxslər aşkarlanmalı və onlara qanun çərçivəsində cəza tətbiq edilməlidir.

Çünki cəza olmasa, gələcəkdə bu kimi şantajların sayı kəskin artacaq. Bu barədə qanun verənlərin özləri də qorxmalıdır.Çünki gələcəkdə onların övladlarının, yaxınlarının da şəkilləri və videoları internet üzərində yayıla bilər.

Ona görə də bu cür məsələlərin qanun çərçivəsində tez bir zamanda həllinə ehtiyac var. Bir məsələni də qeyd edim ki, belə hallar baş verdikdə, o zaman həmin ailədə tək qadının deyil, kişinin də hüququ tapdalanır.

Ona görə də bu məsələ mütləq qaldırılmalı və hər iki tərəfin hüquqları müdafiə olunmalıdır. Artıq bu məsələ kökündən həllini tapmalıdır".