Sağlam insanlar da qorxuya düşür, stres keçirir

Koronaviruslu xəstələrin görüntülərini yaymaq insani baxımdan da yolverilməzdir


Sosial şəbəkələrdə koronavirusa yoluxan Xalq artisti Arif Quliyevin xəstəxanadan görüntüsü yayılıb. Görüntülərdə süni tənəffüs aparatına qoşulan sənətçinin həkim və tibb bacılarının əhatəsində olduğu əks olunub.

Lakin sözügedən görüntülər cəmiyyətdə birmənalı qarşılanmayıb. Hər kəs xalq artistinin başına gələnlərə təəssüflənsə də, belə videoların insanlara psixoloji təsir edəcəyini düşünənlər çoxdur. Məlumdur ki, pandemiya ilə mübarizənin əsas qaydalarından biri kimi xəstəlikdən qorxmamaq qeyd olunurdu. Çünki qorxunun immun sistemini zəiflətdiyi söylənilir. Amma bir tibb işçisinin belə görüntüləri çəkib yayması xoşagələn hal deyil.

Psixoloq Elnur Rüstəmov “Şərq”ə açıqlamasında mövcud durumun insan psixologiyasına təsirlərindən danışıb:

“Belə videoların yayılması təbii ki, düzgün deyil. Ölkəmizdə COVİD-19-a yoluxanların sayında artım var, xəstəxanalarda yer yoxdur. Bununla bağlı sağlam insanlar arasında belə təşviş və həyəcana düşənlər çoxdur. Daim "xəstələnə bilərəm, "yoluxaram", "doğmalarımı itirərəm" kimi düşüncələrdən əziyyət çəkənlər koronavirusun səbəb olduğu dəhşətli görüntülərə baxanda psixoloji travma alırlar.

Ona görə də bu cür kadrların sosial şəbəkələrdə yer alması xoşagəlməzdir. Ümumiyyətlə, insanlara psixoloji travma verən kadrların çəkilib yayılması insani baxımdan yolverilməzdir. Nəzərə almaq lazımdır ki, həmin kadrlara baxıb, böyük sarsıntı keçirən insanlar olur”.

Tibb işçilərinə məxsus etik davranış kodeksi olduğunu söyləyən psixoloq qeyd edib ki, informasiya əsrində yaşayırıq və istəsək də, istəməsək də özəl bir durum qalmır:

“Bu da informasiya əsrinin ən böyük problemlərindən biridir. Böyük ehtimalla çəkiliş sosial şəbəkələr üçün nəzərdə tutulmayıb. Ailə üzvləri və doğmalar xahiş ediblər deyə, videonu çəkib göndəriblər.

Beləliklə, hansısa bir formada sosial şəbəkələrə sızılıb. Ona görə həkimləri də anlamaq lazımdır. İnanmıram ki, həkim videonun yayılıb insanların əziyyət çəkməsinə səbəb olacağını bildiyi üçün bunu etsin.

Ən azından videoda həkimin özünü reklam etməsi kimi halla rastlaşmadıq. Bütün hallarda istər COVİD-19, istərsə də digər gərgin durumlarda informasiya təhlükəsizliyini qoruyub saxlamaq xəstəliklə mübarizədə ən mühüm məqamlardan biridir”.