Vətəndaş cəmiyyəti də çalışır:““Ağ ölüm"ə qarşı mübarizə...”

Ötənlərdə sosial şəbəkələrdə “Ramin yeraz” kimi tanınan şəxsin canlı yayımlar açaraq narkotik vasitələrin təbliğini həyata keçirməsi və ictimaiyyətə yönəlik təhqiramiz ifadələr işlətməsi barədə vətəndaşlardan daxil olmuş çoxsaylı şikayətlər əsasında Daxili İşlər Nazirliyinin (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsi tərəfindən müvafiq tədbirlər görülüb. Paytaxtın Nizami rayon sakini olan Ramin İsmayılov narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün saxlanılıb.

Şəxsi axtarış zamanı onun üzərindən 5,140 qram heroin aşkar edilərək götürülüb.



Baş verənləri “Sherg.az”a dəyərləndirən Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun (MQF) prezidenti Rauf Zeyni bildirib ki, dövlət səviyyəsində narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı ciddi mübarizə aparılır:

“İstər hüquq-mühafizə orqanları, istər dövlət orqanları bu bəlanın, “ağ” ölümün qarşısını almaq üçün əzmlə mübarizə aparırlar. Narkoticarətlə məşğul olanlar həbs edilirlər. Bununla bağlı kütləvi informasiya vasitələrimizdə də davamlı məlumatlar yer alır.

QHT-lər, vətəndaş cəmiyyəti uzun müddətdir ki, narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı maarifçilik işləri aparır, yüzlərlə layihələr, flaşmoblar, “narkotiklərə yox deyək” adlı müxtəlif tədbirlər həyata keçirilir. Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası var. Biz də bu komissiyasının üzvüyük, ona görə də QHT-ləri məhz bu istiqamətdə maarfiçilik aparmağa sövq edirik.

MQF-nun təşəbbüsü ilə 12  QHT-nin təsisçiliyi ilə “Narkomanlığa qarşı Mübarizə QHT koalisyası” yaradılıb. Yeni yaranan bu koalisiyanın da qarşısına müəyyən fəaliyyət planı var. Yəni, hansı tədbirlər görülməlidir ki, həm ölkəmizdə narkomanların sayı azalsın, həm də narkotik vasitələrin ölkəyə gətirilməsinin qarşısı alınsın. Bu istiqamətdə müəyyən tədbirlər və planlar görüləcək”.

R.Zeyni vurğulayıb ki, MQF və Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası son 10 il ərzində müxtəlif rayonlarda tədbirlər keçirib:

“Bu tədbirlərdə həm dövlət qurumları, həm QHT-lər, həm də vətəndaş cəmiyyəti və ictimaiyyət nümayəndələri iştirak ediblər. Cəmiyyətə birgə mübarizənin nə demək olduğunu göstərmişik.

Komissiyanın mütəmadi iclasları keçirilir. Komissiyanın sədri, Baş nazirin müavini Əli müəllim də iştirak edir və dövlətin apardığı siyasətin istiqamətlərini müəyyənləşdirilir.

Düşünürəm ki, dövlət qurumları ilə QHT-lər bu istiqamətdə daha çox fəaliyyət göstərməli və daha böyük layihələr həyata keçirməlidirlər. Təbii ki, bu layihələrin həyata keçirilməsi üçün dövlət səviyyəsində imkanlar və şəraitlər yaradılmalıdır.

İnanıram ki, birlikdə güclüyük və birlikdə mübarizə apardıqca, “ağ” ölümün, bəşəri bəlanın Azərbaycanda qarşısının alınmasında müəyyən nailiyyətlət əldə edə biləcəyik”.