O məhəllə qəhrəmanlarına qucaq açdı

60 işıq dirəyinə 60 şəhidin şəklini vurublar

44 günlük müharibə, 44 günlük fədakarlıq və tarixə yazılacaq ZƏFƏR! Dünyanı heyrətə gətirən bu qalibiyyətin əsas qəhrəmanları qanları ilə tarix yazan ŞƏHİDLƏR! Kimisinin atası, kimisinin oğlu, kimisinin həyat yoldaşı, kimisinin qardaşı torpaq üçün canlarından keçdilər. Bu xalq tarix boyu heç bir qəhrəmanını, heç bir şəhidini unutmayıb, unutmur və unutmayacaq!

Mərdəkan qəsəbəsi Babək küçəsində yaşayan sakinlərin nəinki unutmaq, hətta hər kəsin hər zaman bu hadisələri daha yaxşı xatırlaması üçün gözəl təşəbbüs göstərdiklərini öyrəndik və heç vaxt itirmədən oraya yollandıq. Qarşımıza çıxan mənzərə hər kəs kimi bizdə də qürur hissi oyatdı. Gördük ki, onlar iki kilometrlik məsafədə 60 işıq dirəyinə 60 şəhidin şəklini vurublar. Şəkillərin üstündə doğum və şəhidlik tarixləri yazılıb. Təşəbbüskar məhəllə sakinlərindən olan Şahin bəyin sözlərinə görə, müharibənin ilk vaxtlarından bu işi özünə borc bilərək, belə bir qərar verib. Sonra yaxınlarının və məhəllə sakinlərinin dəstəyi ilə qısa zamanda bu vəzifə borcunu reallaşdırıb.

Şahin bəy bildirdi ki, şəhidlərimiz üçün atdığımız bu addımı öyrənən hər kəs maddi və mənəvi yardım göstərməyə çalışıb. Maddi xərclər öz tərəfindən qarşılansa da, şəkillərin və çərçivələrin hazırlanmasında məhəllə sakinlərinin zəhmətinin danılmaz olduğunu bildirdi.

Hətta onlar öncədən şəhid ailələri ilə görüşərək onların da fikirlərini dinləyiblər. Şəhid ailələri bu işin həyata keçirilməsi üçün hər cür köməklik edə biləcəklərini söyləsələr də, bu, bizim onlara borcumuz olduğunu bildirdik - Şahin bəy söyləyib. Onun sözlərinə görə, ardıcıl şəkildə bu ailələrlə görüşür və hər hansı bir ehtiyaclarının qarşılanmasında köməklik etməyə çalışır. Şahin bəy təkcə şəhid ailələrinin deyil, bu şəkilləri görən hər kəs tərəfdən ona təşəkkür edildiyini bildirdi. Orada olduğumuz müddət də məhəllədən keçən hər kəsin ən azı bir dəfə dayanıb baxaraq dua oxuduğunun şahidi olduq. Şəhidini unudan bir xalqa şəhid hesabına var olan torpaqda yaşamaq haramdır. Biz o xalqlardan deyilik, heç bir zaman da olmadıq. Hər kəs VƏTƏNƏ borcunu müxtəlif şəkildə ödəyir. Bu borcu canları ilə ödəyən şəhidlər ən yüksək zirvəyə sahibdirlər. Bizim də borcumuz Unutmamaq! Və Unutdurmamaqdır!
Allah bütün şəhidlərimizə rəhmət eləsin!

İmran Zeynalov