Cəhənnəm əzabı

Bir çoxlarının, xüsusilə yaradıcı adamların adətən öz dünyaları olur. Çox vaxt dəb- dəbəli həyata meyil göstərmirlər. İddiaları ancaq yaradıcılıqla bağlı olur. Və fəaliyyətlərində əldə etdikləri hansısa uğur onları çox sevindirə bilir. İş həyatlarının mərkəzində olur. Səhərdən axşamacan ya yazır, ya musiqi bəstələyir, ya da rəsm çəkirlər. Dostları kimi, vaxtları da az olur. Sirdaş axtaranda ağıllarına ilk gələn özləri olurlar. Çox yorulanda bir az spirtli içki qəbul edir, təsəllini dumanlanan beyinlərində, həmin ankı dinclikdə tapırlar. Cəhənnəm kimi bir həyat yaşayırlar, yəni. Buna rəğmən, özlərini çox xoşbəxt hesab edirlər. Çünki gözlərini açandan gördükləri bu olub. Başladıqları işi vaxtında bitirməyi çıxmaq şərti ilə qayğısız yaşayıblar. Və, elə biliblər ki, həyat belə olmalıdır.

Sonra heç gözləmədiyin bir anda sənə cənnətin qapısını açarlar. "Get" deyərlər və əlavə edərlər:

"Bu, səbrinin, dözüm və iradənin qarşılığıdır". Öz yerinə öyrəşdiyinə görə harasa getmək, rahatını pozmaq istəməzsən. Elə bilərsən ki, səni təhlükə gözləyir. Aldadılacağını düşünərsən. Ona görə də var gücünlə müqavimət göstərərsən. Cənnətdən sənə baxıb gözünü qamaşdıran möhtəşəm mənzərəyə, hüzura və sakitliyə qarşı kor, kar olmağa çalışarsan. Özün özünə "Olmaz!" deyərsən. Amma baxarsan ki, geri çəkilə də bilmirsən. Qapının ağzında- cənnətlə cəhənnəmin arasında qaldıqca isə yorularsan. Ayaqların nə ürəyinin sözünə qulaq asar, nə beyinin. Hərəsi səni bir tərəfə çəkər. Vaxt isə sənin qərarsızlığına əhəmiyyət vermədən öz axarı ilə davam edər.

Nəhayət, qərar verərsən: qoy, qapıdan içəri giriim, baxım. Sonra da dərhal geri qayıdım.

"Nə qədər çətin ola bilər ki?" ritorik sualı ilə özün- özünə təsəlli verərsən. Fəqət, elə o addımdan sonra işin daha da çətinləşər. Gördüyün mənzərə dəfələrlə gözəlləşər, gözlərin daha çox qamaşar. Geri qayıtmaq istədikcə irəli gedərsən. Getdikcə gedərsən. Bir yerdən sonra indiyədək qorxduğuna, narahat olduğuna görə özünü qınayarsan. Utanarsan. "Kaş, vaxtında daha cəsarətli addımlar ataydım" deyə, düşünərsən. Buna baxmayaraq, yenə də hansısa daxili hiss səni rahat qoymaz. Tez- tez geriyə baxıb, qapının bağlanıb- bağlamadığını yoxlayarsan. Yox, bağlanmayıb. Deməli, istədiyin vaxt qayıda bilərsən. Təbii ki, qayıda bilsən...

Axırda təslim olursan. Tanrının səni mükafatlandırdığına inanıb daha iri addımlar atırsan. Hər şeyin bu qədər gözəl olduğu səni təəccübləndirir. Axırıncı dəfə nə vaxt bu qədər xoşbəxt olduğunu xatırlaya bilmirsən. Bəlkə də, indiyədək heç vaxt bu hissləri keçirməmisən. Cəhənnəmdə gördüklərinin biri də burda yoxdur. Ya da, ola bilsin, var.

Lakin cənnətdəki möhtəşəmliklər o qayğıları, problemləri unutdurur, sənin çətinliklərlə mübarizənə yardımçı olur.
Yenə heç gözləmədiyin, təzəcə bura öyrəşdiyin bir vaxtda sənə deyirlər ki, vaxt bitdi, elə bu dəqiqə getməlisən. Üsyan edirsən, "Getmərəm" deyə, qışqırırsan. Taleyin hökmünü dəyişmək, alnına yazılmışı pozmaq istəyirsən. Bu gücə sahib olduğunu zənn edirsən. Odur ki, vurnuxursan. Amma nə edirsən et, faydasız qalır. Sənə "Get" deyənlər gözünün yaşına baxmırlar.

Hərçənd cənnətə ilk addımlarını atanda hər şeyin yaxşı olacağına vəd verənlər də onlar idi.

Yaxalarından tutub hesab tələb etmək istəyirsən. Edirsən də. O qədər soyuqqanlı formada "Vaxtın bitib" deyirlər ki, anlayırsan: yaşadığın iztirablar kiminsə vecinə deyil. Vidalaşmaq üçün vaxt istəyirsən. Yenə müsbət cavab verilmir. "Get!". Vəssalam. Səbəb soruşursan, yenə mücərrəd cavab verirlər: "Vaxtın bitdi". Bilirsən ki, bu, həm də yarımçıq cavabdır. Çünki sənin vaxtın bitibsə, başqasının vaxtı başlayıb. İndi o cənnətdə qalacaq...Və, bəlkə də, cənnəti qazanacaq...Ya da nə vaxtsa o da başqası ilə əvəz olunacaq.

Kor- peşman gəldiyin yolu qayıdır- qapıya sarı gedirsən. Çönüb səni xoşbəxt edən cənnətə sonuncu dəfə baxmaq istəyirsən. Bunu da çox görürlər, sinəndən itələyirlər.

Beləliklə,  gəldiyin yerə- cəhənnəmə geri qayıdırsan. Amma buranın cəhənnəm olduğunu məhz indi anlayırsan. Çünki indiyədək cənnətdən xəbərin yox idi və cəhənnəm sənə dünyanın ən gözəl yeri kimi gəlirdi. Bundan sonra isə...

... Öyrəşməyə çalışırsan. İlk günlər cənnətə sarı boylanırsan. Ora getmek istəyirsən. Amma bilirsən ki, daha mümkün deyil. İstəsən də qayıda bilməzsən, cənnətin daimi sakini ola bilməzsən. Çünki sən ilk gündən bildiyin kimi, bura aid deyilsən.

Orda keçirdiyin günləri xatırladıqca cəhənnəm əzabı sənə daha ağır gələr. Yaşadıqlarını yuxu hesab edərsən. Bəzən də elə bilərsən ki, indi olanlar kabusdur.. Hərçənd hər şey realdır- keçmişdə baş verənlər də, indi olanlar da.

Vaxtında geri qayıtmadığına, cənnətə aludə olduğuna görə özünü qınayarsan.

Öz dünyanda, kimsənin səni narahat edə bilməyəcəyi cəhənnəmində öz işlərinlə məşğul olarsan. Lap əvvəlki kimi. Tədricən hər şey qaydasına düşər. Lakin hər dəfə qapı cırıltılısı səsi eşitdikcə o möhtəşəm dünyaya sarı yüyürərsən. Hər dəfə xəyal qırıqlığına uğrasan belə, nə vaxtsa cənnətdə çox xoşbəxt olmaq üçün cəhənnəmin hər əzabına dözməyə başlayarsan.

Kənan Novruzov