Alim mərhum naziri müdafiəyə qalxdı:“Mərdimazar olmayıb”  

“O vaxtlar Azad müəllim gənc idi, yanıma da gəlib-gedirdi”

“Pis adam deyildi. Yəni arxası ilə danışılası biri olmayıb”


Bu günlərdə 56 yaşında vəfat edən Gənclər və idman naziri Azad Rəhimovun ölümündən öncəki son fotosu üzə çıxıb. Foto mərhum nazirin müalicə aldığı dövrə təsadüf edir. Müxtəlif sosial şəbəklərdə mərhum nazir haqqında xoşagəlməz ifadələr səsləndirilir. Dünyasını dəyişən biri haqqında qeyri-etik ifadələrin işlədilməsi təbii ki, təəssüf doğurur. Maraqlıdır ki, məmurlara qarşı sərt reaksiyalar onların ölümündən sonra da davam edir. Bunu “Zamanında rüşvət və korrupsiyaya yol verməzdi” deyib, qınağa haqq qazandıranlar da var, onu pisləyənlər də. 



Mərhum nazirlə yaxından tanış olduğunu deyən sosioloq-alim Əhməd Qəşəmoğlu  “Sherg.az”a bildirib ki, A.Rəhimov neqativ ifadələrə layiq nazir olmayıb:

“Bir zamanlar Azərbaycan Komsomolu Mərkəzi Komitəsinin Elmi Mərkəzində işləyirdim. Mərkəzin rəhbəri idim. O vaxtlar Azad müəllim gənc idi, yanıma da gəlib-gedirdi.

O, pis adam deyildi. Yəni arxası ilə danışılası və mərdimazar biri olmayıb. Belə şəxslərin arxası ilə danışmaq məsuliyyətsizlik, cəmiyyətimizdəki xoş olmayan xəstəliyin əlamətidir.

Bu xəstəliyin də adı odur ki, insanlar necə gəldi danışmağı xoşlayırlar. Belə davranış vətəndaşlarımız üçün yaxşı göstərici deyil. Bir toplumda ki, bu cür vərdiş yaranıb, deməli, həmin cəmiyyətin mənfi göstəricisi var.

İnsanlar daha ciddi məsələrə diqqət ayırmaq yerinə özlərini çoxbilmiş, qayğıkeş kimi göstərib, onun-bunun arxasıyla danışmağı xoşlayırlar.

Dünyasını dəyişən biri haqqında xoşagəlməz ifadələr səsləndirmək etik deyil.

Bir var ki, bu insan çox mənfur işlər görə, o zaman mənfi fikir səsləndirən insanları başa düşmək olar. Çünki insanlara qarşı pislik edən məmur haqqında kimlərinsə yana-yana danışmağını müəyyən mənada anlamaq olar.

Lakin rəhmətə getmiş biri neqativ işlərə əl atmayıbsa, onun haqqında mənfi danışmaq yaxşı əlamət deyil”.