Xankəndidə tərk-silah prosesi:“Ağır texnikalar çıxarılır”

“Qarabağda silah qaldıqca bu, təxribat ehtimalını daim gündəmdə saxlayır”

“Bu bölgədə qalmaq istəyənlər Azərbaycanın qanunlarına tabe olmalıdırlar” 


“Erməni terrorçuları Qarabağda özləri üçün post qurur, səngər qazır, “təmas xətti” yaradırlar. Bu məsələ bizi çox narahat edirdi. Amma son günlər yayılan videolardan görünür ki, erməni hərbçilərinə məxsus texnikalar Xankəndidən Laçın dəhlizi vasitəsi ilə Ermənistana aparılır. Belə informasiyalar cəmiyyətdə müsbət qarşılanır. 

“Şərq TV”nin efirində millət vəkili, MCP sədri Razi Nurullayev də deyib ki, Azərbaycan tərəfi heç bir halda razılıq verə bilməz ki, Xankəndidə erməni terrorçuları qalsın.



Ehtiyatda olan polkovnik Şair Ramaldanov ermənilərin Xankəndini boşaltması barədə fikirlərini “Sherg.az”la bölüşdü: 

“Bir müddət əvvəl hava hücumundan müdafiə sistemləri, indi isə ağır texnikaları Qarabağdan, o cümlədən Xankəndidən çıxarılır. Yəni tərk-silah prosesi davam edir. Əlbəttə, belə də olmalıdır. Çünki Qarabağda silah qaldıqca bu, müəyyən qüvvələrin təsiri ilə təxribat ehtimalını daim gündəmdə saxlayır.

Silah nə qədər az olarsa, təhlükəsizlik, sabitlik də bir o qədər tez təmin olunar. Əslində həm sülhməramlıların, həm də Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin əsas məqsədi məhz sabitliyi təmin etməkdir”. 

 Ş.Ramaldanov, həmçinin bildirdi ki, Qarabağda qalmaq istəyənlər Azərbaycanın qanunlarına tabe olmalıdırlar: 

“Bunu dövlət başçısı İlham Əliyev də deyib. Kim istəyirsə, Azərbaycan vətəndaşlığını qəbul edib, ərazilərimizdə yaşaya bilər. Eyni zamanda silahlı birləşmələr də mütləq qanunlarımıza tabe olmalı və silahlı qüvvələrimizin tərkibində fəaliyyət göstərməlidir.

Əks halda onlar qanunsuz hərbi birləşmələr, yəni terrorçular hesab olunur. Və belələri zərərsizləşdirilməlidirlər. Fikrimcə, problem tam həll olunanadək erməni terrorçularının Qarabağı boşaltması prosesi davam edəcək”.