Sərt reaksiya:“Molla” obrazına girən qatillər...”

 “Lerikdəki “mollanı” cinayət məsuliyyətinə cəlb etmək lazımdır”

“Onun cəzası cəhhənnəmdir”

Ötənlərdə Lerik rayonun Barzavu kəndində yaşayan 1981-ci il təvəllüdlü Zəkifə Feyruz qızı Fərziyevanın yaşadığı evində üzərində xəsarət izləri olan meyiti tapılıb. Kənd sakinlərinin verdiyi məlumata görə, qətli törədən şəxsin kimliyi məlum olub.

Dəhşətli cinayəti həmin kənddə yaşayan və mərhum Z. Fərziyevanın qonşusu, Lerikin tanınmış din xadimlərindən biri Murad Əsgərov adlı şəxs törədib.
Məlumatda bildirilib ki, molla Murad Əsgərov qonşuluqda yaşayan Z.Fərziyevanın evdə tək olduğunu bilərək gizli şəkildə mənzilə girib və qadına qarşı əxlaqsız hərəkətlər etməyə başlayıb.

3 uşaq anası olan Z.Fərziyeva qışqıraraq "evə oğru girib!" deyə qonşularını çağırıb. Qadının qışqırdığını görən M.Əsgərov cibində gəzdirdiyi bıçaqla Z.Fərziyevanın boğazını kəsərək, onu amansızlıqla qətlə yetirib.

Qadını öldürən molla haqqında Qafqaz Müsəlmanları İdarəsindən açıqlama verilib. 

Qurumun mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova bildirib ki, Aprelin 28-də axşam saatlarında Lerik rayonun Barzavu kəndində yaşayan 1981-ci il təvəllüdlü Zəkifə Feyruz qızı Fərziyevanı yaşadığı evdə qətlə yetirən Murad Əsgərov Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) təyin etdiyi din xadimi deyil.

Baş verənlərin olduqca təəssüf doğurduğunu söyləyən ilahiyyatçı Hacı Atif İsmayılov “Sherg.az”a bildirib ki, son dövrlər Azərbaycanda belə hadisələr çox yaşanır.

İlahiyyatçı qeyd edib ki, öncə hadisəni din və dindarlıqla, molla və mollalıqla deyil, insanlıqdan kənar olan hərəkət kimi dəyərləndirmək lazımdır:
“Kim olursa olsun, belə qəddarlığa yol verilməməlidir. Son zamanlar ölkəmizdə müxtəlif faktlar və hadisələrlə rastlaşırıq. Buna səbəb insanlarda mərhəmətsizlik və  insani keyfiyyətlərin itməsidir. Din pərdəsi ilə “molla” obrazına girən, dini dəyərlərimizdən xəbəri olmayan, ancaq qəbir daşlarının yanında qalan bəzi “insanlar” “mollalığı” özlərinə qazanc yolu seçiblər. Tövsiyəmiz odur ki, dini cameəyə nəzarət edən qurumlar diqqətli olsun. Əlbəttə, belə hallar dini qurumların diqqətindən yayınmır. İstər Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi, istərsə də Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) tövsiyələrini yalnız dini bilikli mütəxəsislər və peşəkarlar həyata keçirirlər”.

A.İsmayılovun sözlərinə görə, təəssüf ki, bəzən dini biliyi olmayan şəxslər rayonlarda və bölgələrdə “fəaliyyət göstərirlər”:

“Onlara nəzarət etmək mümkün deyil. Belə bir deyim var:

“Meşə çaqqalsız olmaz”. Lerikdəki “mollanı” cinayət məsuliyyətinə cəlb etmək lazımdır. Bu insan din adı altında “mollalıq” edirsə, müvafiq qaydada cərimələnməlidir. Allah “Quran-i Kərim”də belə bir ifadə işlədib:

“Hər kim bir insanı bilərəkdən, heç bir səbəbi olmadan öldürərsə, elə bil ki, bütün insanları öldürüb. Onun cəzası cəhhənnəmdir”. Kimisə öldürən şəxs həm Allah, həm də dövlət və hüquq qarşısında cinayətə məhkum olunmalıdır. Baş verənlərin bütövlükdə dinə heç bir aidiyyəti yoxdur. Əslində dindən kənar olan insanlar din pərdəsi adı altında iyrənc əməllər edir. Ümid edirəm ki, haqq-ədalət öz yerini tutacaq, kimliyindən asılı olmayaraq belə əməl törədən şəxs məsuliyyətə cəlb olunmalıdır.

Həmin şəxsə ən şiddətli cəza növləri tətbiq edilməlidir ki, başqalarına da ibrət olsun. İnanıram ki, dini sahəyə nəzarət  edən qurumlar da öz tədbirlərini görəcəklər”.