AzTV-nin rejissoru: “Minanı həmin 10 gün ərzində basdırıblar”

“Kəlbəcərin Susuzluq kəndinə ilk səfərimiz idi. Kəndə gedəndə hərbçilərdən və digər şəxslərdən soruşduq. Hər kəs yolun işlək olduğunu söylədi”. 
Bu sözləri “Şərq” TV-nin “Düzünü deyək” verilişinin növbəti qonağı olan AzTV-nin rejissoru Emin Məmmədov deyib.
Onun sözlərinə görə, bədbəxt hadisə baş verməzdən öncə yoldan traktor və maşınlar da keçib:
“Belə hesab edirəm ki, ermənilərə 10 gün vaxt verdiyimiz zaman onlar həmin ərazilərə minalar basdırıblar. 60 santimetr dərinlikdə minanı yerləşdirirlər və üzərinə taxta qoyurlar. Zaman keçdikdə isə həmin taxta çürüyür və kimsə keçdikdə partlayır.

Düşünmürəm ki, minalar hadisə yaşanmaz bir neçə gün öncə basdırılıb.  Orada hərbçilərimiz, xüsusi təyinatlılarımız var. Onların olduğu zaman kimsə gəlib diversiya yarada bilməz.
10 gün zaman verildiyi zaman bu işi görüblər. Hətta erməni mətbuatında oxumuşdum, deyirdilər ki, “sizə sürpriz hazırlamışıq””.