5 qız atası: “Bizim nəsildə qıza qarşı sevgi var” -SÖHBƏT

Sonuncu övladımız oğlandır, amma o da qız olsaydı, yenə də sevinərdim
 
Elxan Novruzov: “Ailədə qız çox olanda kimsə onları təhsildən yayındırıb ev işlərinə cəlb edə bilir. “Ailə qurar, əri saxlayar” kimi yanaşmalar da olur. Mən o tip düşüncəni heç yaxına buraxmamışam”
 
 
 5 qızı var: Lətafət, Amira, Afaq, Şəfəq, Qumru... Deyir ki, 1-ci qızı dünyaya gələndə necə sevinibsə, digərləri üçün də eyni hissləri keçirib. Qətiyyən “Bu da qız oldu” kimi narahatlığı olmayıb. Əliheydər adlı bir oğlanları da var. Bildirdi ki, oğlu dünyaya gələndə keçirdiyi sevinc hissi onlardan çox olmayıb. Çünki onun üçün övladın qız, yoxsa oğlan olmasının heç bir fərqi yoxdur.
 Söhbət hazırda pensiyada olan 73 yaşlı Elxan Novruzovdan gedir. Onunla qızları haqqında danışmaq istədiyimizdə isə reaksiyası belə oldu: “Düz ünvandasınız, qızlarını çox sevən ata olaraq nə qədər desəniz, onlardan danışa bilərəm”.
 
“O da qız olsa, yenə də sevinərdim”
 
 E.Novruzov deyir ki, ailə quranda, çox uşaq istəyiblər:
 “Biz ailədə 6 uşaq olmuşuq. Yoldaşımgil də 6 uşaq olublar. O mühiti gördüyümüz üçün düşünürdük ki, bizim də ailəmizdə uşaq çox olsun. Elə oldu ki, ard-arda 7 qızımız dünyaya gəldi. 1 qızımız anadan olanda, biri isə 7 aylığında dünyasını dəyişib. Nəinki 2-3-cüdə, heç 7-ci qızım dünyaya gələndə də, narahatlıq keçirmədim. Çünki bir insan dünyaya gəlirdi və o, mənim övladım idi. Ona həyat verən Allahdır. Nə yoldaşım, nə də mən qız övladımız olanda, narahat olmamışıq. İndi bizim də 6 övladımız var”.
 
Sonuncu övladları oğlandır. Deyir ki, o da qız olsaydı, yenə də bir övladı olduğu üçün sevinərdi: 
“İnsan qız övladı da istəyə bilər, oğlan da. Burada problem görmürəm. Amma “oğlum olsun” deyib qızları ana bətnində öldürmək olmaz. Yaxud da əksinə. Oğlan olsun deyə qızları doğulmamış öldürürlər, nəticədə bugünkü statistikanı görürsünüz. Oğlan sayı ilə qız sayının nisbətində problem var. Oğlan çoxdur, qız az. Özü də cinsiyyəti bəlli olandan sonra uşağı ana bətnində tələf etmək cinayətdir. Nə olsun hələ dünyaya gəlməyib? O, artıq insandır və sən cinayət törədirsən, günah işlədirsən. Düzdür, sonuncu övladımız oğlandır, amma o da qız olsa, yenə də sevinərdim. Oğlanları pisləmirəm, bir oğlum var, yaxşı oğuldur, bacılarının başına pərvanədir. İndi qızlardan danışırıq, ona görə ondan çox danışmadım (Gülür)”.
 
“Övladım və insan kimi yanaşmışam, cinsinə görə seçməmişəm”
 
 Müsahibimiz qızlarına bağlı olduğunu, onlarla nəfəs aldığını deyir: 
“Mən Rusiyada idim, bir dəfə yuxumu qarışdırdım. Tez narahat oldum, indiki kimi hər yerdə telefon yox idi. Şəhərə getdim ki, evə zəng vurum. Anamla danışdım, dedi ki, bir sutkadır Əsmərin (7 aylıq rəhmətə gedən qızım) qızdırması düşmür, həkimlər bacarmır. Bakıya gəldim, amma o vaxt Ağsuda yaşayırdıq (Uşaqlar universitetə qəbul olandan sonra Bakıya köçdük). Rayona getməli idim, bir şamaxılı sürücü rast gəldi. Dedim, məni rayona apar. Dedi ki, "pereval" dumandır. Göz gözü görmür. Bu təhlükə ilə sürə bilmərəm. Barmağımdan nişan üzüyümü çıxarıb sürücüyə verdim. Qızımın vəziyyətinin yaxşı olmadığını dedim. 2 saatlıq yolu, 5 saata getmişdik. Sadəcə son nəfəsinə çata bildim. Amma mən onu hiss etmişdim. O qədər bağlıyam bax”.
 “4-cü qızım Şəfəq doğulanda xəstəhal uşaq idi. Həkim demişdi ki, bu uşaqla sizə çətin olacaq. Bunu bilən ətrafda bəzi şəxslər dedilər ki, evdə qızın çoxdur, bu qız ölüb eləsə, pis olma. O qədər çox əsəbiləşdim ki. Yəni qızım çoxdursa, digəri övladım deyil? Mən övladım və insan kimi yanaşmışam, cinsinə görə seçməmişəm. Şükür ki indi o qızımda hər şey yaxşıdır, işində gücündədir, savadlı, ziyalı şəxsdir” - deyə E.Novruzov bildirir.
 
“Övlad yük ola bilməz”
 
 E.Novruzov çox qızı olmağın neqativ tərəfləri ilə bağlı ətrafda deyilənlərə fikir vermədiyini bildirdi: 
“Ətrafdan çox eşidirdik ki, bu qədər qız çoxdur, böyüdüb boşa-başa çatdırmaq çətin olacaq, sənə yükdür və s. Hətta mən ev tikdirəndə, doğma anam deyirdi ki, bədbəxt, bu evi kim üçün tikirsən? Oğlun yoxdur, evində yeznə oturacaq. “Oğlun yoxdursa, yurdun boş qalır” kimi fikirlər var axı. Zaman-zaman bu fikirləri eşidirdim, amma qəbul etmirdim. Mənim evimdə qızım oturacaqdı və o da mənim övladımdır. Anama izah edirdim ki, o, mənim balamdır, qız, oğlan olmasının fərqi yoxdur. Ailədən kənar deyilən neqativ sözlərə isə fikir verilməməsinin tərəfdarıyam. “Qız yükü, duz yükü” kimi mənfi yanaşmalara niyə fikir verək ki? Düşüncəsi olan insan bilir ki, övlad yük ola bilməz. Qızlarıma olan sevgim deyilən neqativ fikirlərə qarşı ən yaxşı arqumentim idi”.
 
“Qızlarım mənim üçün bir orduya bərabərdir”
 
 Böyük qızının 43, kiçiyinin 34 yaşı var. Deyir ki, qız-oğlan fərq etmədən bütün övladlarının təhsilli olması üçün çalışıb: 
“6 uşaq böyütmüşəm, dövlətdən heç bir yardım almamışam. Şərabçı-mütəxəssis işləyirdim, çətinliklə də olsa uşaqları böyütmüşəm. Ailədə qız çox olanda kimsə onları təhsildən yayındırıb ev işlərinə cəlb edə bilir. “Ailə qurar, əri saxlayar” kimi yanaşmalar da olur. Mən o tip düşüncəni heç yaxına buraxmamışam. Həmişə demişəm ki, övladlarım təhsilli olsunlar, öz ayaqları üstündə dura, sərbəst yaşaya bilsinlər. Kimdənsə asılı olmasınlar. Qızların hamısı orta təhsil aldılar. 4 övladım ali təhsil aldı, 2 qızım kollec oxudu. Qızlarımın ikisi tibb sahəsində, biri mühasibatlıq, biri biznes, biri pedaqoji fəaliyyətdədir. Arzuladığım kimi bu gün hər birinin öz işi var, çalışırlar, öz pullarını qazanırlar. Hər biri güclü qadındır”.
 “Qızlarımın 4-ü ailə qurub, 1-i subaydır. 8 nəvəm var, 3-ü oğlan, 5-i qızdır. Bizim nəsildə qız övladı çox olur, bəlkə də genetikdir. Eyni zamanda bizim nəsildə qıza qarşı sevgi var, daha çox olsa, yenə də xoşdur. Adətən, oğlan uşaqları çox olan ailələr fəxr edirlər, qızı çox olanlar yox. Mən 5 qızımla fəxr edirəm. Qızlarım mənim üçün bir orduya bərabərdir” - deyə E.Novruzov sonda qeyd etdi.
 
Aygün Asimqızı