Küləklər şəhərindən betonlar şəhərinə çevrilən BAKI – “...Yaşıllıq yoxdur” 

Bu günlərdə sosial şəbəkələrdə paytaxt Bakının üstdən görünüşü yayılıb. Foto izləyicilərin geniş müzakirəsinə səbəb olub. Vətəndaşların böyük əksəriyyəti bildirib ki, Bakı şəhəri ancaq beton və sementdən ibarətdir. Yəni paytaxtda barmaqla sayılacaq qədər ağac və yaşıllıqlar var.

Təbii ki, bu durum vətəndaşların böyük qismini narahat edir. Bakının beton və sementdən ibarət olması ekologiyamız üçün də böyük təhdiddir.

Mövcud durum barədə “Sherg.az”a danışan Müstəqil Memarlar Assosiasiyasının rəhbəri Zemfira Budaqova bildirib ki, ölkəmizdə şəhərsalma qanunlarına heç cür riayət olunmur:

“Tikinti işləri aparılarkən müvafiq ara məsafələrinə fikir verilmir. Ona görə də paytaxtımızda yaşıllıq yoxdur. Çünki şəhərsalma layihələrinin hamısı özbaşına yerinə yetirilir.

Nə qədər ağacları kəsib, yerində bina tikirlər. Kim nə istəyirsə, onu da edir. Məsələn, pullarını verib, rahat şəkildə tikinti işi aparırlar. Bütün torpaqlarımız pula satılır.

Ona görə də bir dənə olsun yaşıllıq tapa bilmirik. Bütün bunlar ekologiyamıza da ciddi ziyan vurur. Bunun hesabatını aidiyyəti məsul şəxsdən soruşmaq lazımdır”.