Katalizatorsuz maşınlar cərimələnir

Havanın zəhərlənməsinə görə, tədbirləri ekspertlər müxtəlif istiqamətlərdə şərh edir


Qəbul edilən qanunlarda, tətbiq edilən qaydalarda dövlət maraqları ilə yanaşı, ictimai maraqların təminatı da əsas prioritet hesab edilir. Son günlər bəzi sürücülərin avtomobilləri katalizatorsuz idarə etməsinə görə, cərimələnməsi gündəmi zəbt edən mövzudur. Sosial şəbəkələrdə avtomobillərin yol polisi əməkdaşları tərəfindən cərimə meydançasına aparılması, orada isə sürücüdən  avtomobilinə katalizator qoydurması tələbi və bunun üçün də sürücüyə 1 həftə vaxt verilməsi  barədə müxtəlif məlumatlar yayılır. Xüsusən də Bakıda katalizatoru olmayan avtomobillərlə bağlı reydlər keçirildiyi deyilir. Məlumata əsasən, reyd zamanı katalizatoru olmayan avtomobillər 150 AZN  cərimə olunur. Bundan sonra avtomobilin cərimə meydançasından çıxarılmasına bu şərtlə icazə verilir ki, avtomobil sahibi katalizator alaraq orada avtomobilə quraşdırsın. 

Əslində bu məsələyə ötən ay  Bakı şəhər Dövlət Yol Polisi İdarəsi aydınlıq gətirmişdi. İdarənin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov yerli mediaya açıqlamasında bildirib ki, nəqliyyat vasitələrində katalizatorların olmaması ətraf mühitə atılan zəhərli qazların miqdarını və mühərrikin səs gücünü artırır, bu isə inzibati xəta məsuliyyəti yaradır: “Bu tipli avtomobillərin istismarı yolverilməzdir. Bir daha vətəndaşlardan xahiş edirik ki, idarə etdikləri nəqliyyat vasitəsinin sazlığına diqqət etsinlər, mövcud çatışmazlığın aradan qaldırılması üçün lazımi tədbirlər görsünlər. Texniki baxış zamanı və yaxud avtomobili servisə apararkən nasazlıq qeydə alındıqda, həmin nasazlıqlar aradan qaldırılmalıdır. Bəzi sürücülər deyir ki, həmin avtomobilləri Gürcüstandan elə bu vəziyyətdə Azərbaycana gətiriblər. Amma qanun deyir ki, sürücü idarə etdiyi nəqliyyat vasitəsini saz vəziyyətdə saxlamalıdır. Yəni texniki nasazlıq varsa, bunu sürücü aradan qaldırmalıdır. Azərbaycanda yol hərəkəti təhlükəsizliyi və ətraf mühitin qorunması Dövlət Proqramı səviyyəsində təmin edilirsə, hər birimiz bu sahədə öz məsuliyyətimizi dərk etməliyik”.

Sürücü məsuliyyətli olmalıdır 

Verilən cavab hüquqi baxımdan qaneedicidir. Lakin sürücülərin narazılığının da müəyyən əsasları var. Məsələn, qonşu ölkədən avtomobil alıb gətirənlər iddia edir ki, əgər avtomobilin katalizatorunun olmaması texniki nasazlıq hesab edilirsə, niyə sərhəd-keçid məntəqəsində nasaz avtomobilin ölkə ərazisinə buraxılmasına icazə verilir? Və bu qayda niyə bütün avtomobillərə tətbiq edilmir? Narazı sürücülər xatırladır ki, son dövrlər Avropa ölkələrindən gətirilən bir çox hibrid avtomobillərinin katalizatoru Gürcüstanda çıxarılaraq Azərbaycana katalizatorsuz tranziti həyata keçirilir. Bir çox vətəndaş iddia edir ki, avtomobilləri ölkəyə gətirərkən katalizator olmayıb və maşın bu formada da gömrükdə qeydiyyatdan keçirilib. Sosial şəbəkələrdə avtomobil ustalarının məsələylə bağlı açıqlamaları var. Onlar mövcud duruma belə aydınlıq gətirir: “Bizim müştərilərimiz var ki, bununla bağlı onlarda problemlər yaranıb. Əslində avtomobillərdə katalizatorlar olmalıdır. Avtomobillər ölkəyə gətirilərkən gömrükdə mütləq yoxlanılmalıdır. 
Lakin çox vaxt bu və digər detalları yoxlamaq üçün peşəkarlar olmur. Bu səbəbdən də yoxlanılma aparılmadan avtomobillər qeydiyyata alınır. Son günlər bu məsələnin üstünə düşüblər. Katalizatorun olması avtomobil yanacağının işlənməsinə təsir edir. Mühərrikə daxil olan yanacaq emal olunarkən zəhərli maddələr havaya buraxılmır. Motor da normal işləyir. Lakin bəzi işbazlar katalizatoru çıxararaq min dollara ayrıca satırlar. Katalizatorun olması mühərrikin səssiz işləməsinə, yağın çox israf olunmamasına, yanacağın az yandırılmasına təsir edir". Vətəndaşların avtomobillərinin gömrükdə katalizatorsuz qeydiyyata salınmasına gəlincə, rəsmi tərəfdən məsələ təkzib olunub. Dövlət Gömrük Komitəsindən bildirilib ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 14 yanvar 2014-cü il 2 saylı qərarı ilə Azərbaycan Respublikasına idxal edilən avtonəqliyyat vasitələrindən atmosfer havasına atılan zərərli maddələr üzrə 2014-cü il aprelin 1-dən AVRO-4 ekoloji normaları tətbiq edilir. 
"Avtonəqliyyat vasitəsinin AVRO-4 ekoloji normalara uyğunluğu nəqliyyat vasitəsinin VIN kodu - nəqliyyat vasitəsinin eyniləşdirmə nömrəsi vasitəsilə bazadan təyin edilir. Bu baxımdan ekoloji normalara cavab verən nəqliyyat vasitələrində katalizator sisteminin işlək olması vacibdir", - deyə qurumdan bildirilib. 
Deyilənlərdən görünür ki, avtomobilin katalizatorunun olması bütün hallarda ilk növbədə sürücüyə sərfəlidir. Avtomobilin katalizatorunun olmaması qanunla texniki nasazlıq hesab edilirsə, nasazlığı aradan qaldırmaq sürücünün öhdəsinə düşür. Həmçinin avtomobilin katalizatorsuz idarə edilməsi nəticəsində havaya zəhərli qazlar miqdardan artıq ötürülürsə, bu, ekologiyaya, ətraf mühitə ziyan vurulması deməkdir. Vətəndaş məsuliyyəti bizdən tələb edir ki, ətraf mühitin çirklənməsinin qarşısını alaq, təbiətin mühafizəsinə çalışaq. Bunun ən asan yolu da dövlətin həyata keçirdiyi tədbirlərə dəstək olmaqdır. Bir sürücüdən tələb olunansa, atmosferə mümkün qədər az zəhərli qazın ötürülməsinə səy göstərməkdir. Sonucda bu havanı hamımız uduruq. Həmin sürücü də, onun ailəsi, övladları da.   

Təmiz hava almaq istəyiriksə, qanunun tələblərinə əməl etməliyik

Məsələyə yenə də müxtəlif yanaşmaların şahidi oluruq. Sürücülər arasında populyar olan "Avtostop" verilişinin aparıcısı Tural Yusifov "Facebook" səhifəsində yazıb ki, Azərbaycanda avtomobilin texniki baxış qaydaları bütünlüklə ziddiyyət təşkil edir. Onun fikrincə, "Toyota Prius"lar ölkəyə katalizatorsuz daxil olubsa, bunda sürücünün günahı yoxdur. "Ölkədə yükdaşımada olan bütün avtomobillərin 90 faizində qurum filteri yoxdur. Köhnə avtobuslarda bu katalizatoru gördüm deyən yoxdur. Sınıq-salxaq minik avtomobilləri tərəfə baxan belə yoxdur. Amma nə üçünsə "Prius"lara diqqət edilir. Sanki kimsə məlumat verib ki, bunların katalizatoru yoxdur”. Katalizator vacibdir. Hava zəhərlənir, ekologiya pozulur və s. Bəs onda texniki baxış qaydalarında nə deyilir? Avtomobil texniki baxışa gələndə texniki nasaz olsa belə ona texniki baxış talonu verilir. Gələn il üçün gəldikdə isə həmin nasazlıq olmamalıdır. Deməli, bizim qaydalara əsasən, katalizatorsuz avtomobil ən azı 1 illik texniki baxışdan keçə bilər və onun bir illik möhləti var. Bu nasazlığı gələn dəfə texniki baxışa gələndə aradan qaldırmalıdır.

Bəs onda bu avtomobillər niyə dayandırılır? Sahibinin ən azı 1 il vaxtı varsa, bu, nə deməkdir? Deyilənə görə, avtomobillər katalizatorsuz da gəlir. Bəs gömrükdə "yaşıl zona"da yoxlanış niyə aparılmır? Sadəcə vin kodla yoxlanış edirlər ki, Avro 4-dür? Görünən odur ki, qanunun ziddiyyətindən, gömrük komitəsinin göz yummasından yenə sürücülər əziyyət çəkəcək.

“Avtosfer.az” saytının baş redaktoru, nəqliyyat üzrə ekspert Elməddin Muradlı isə məsələyə tam ayrı nöqtədən baxır. Ekspert açıqlamasında bildirib ki, bəzi işbazlar bu avtomobilləri Bakıya gətirdikdə katalizator çıxarılır. Onun fikrincə isə burada yol polisini günahlandırmaq düzgün deyil: 

- Əsasən hibrid avtomobillərdə katalizator problem yaradır. Bəzi işbazlar bu avtomobilləri Bakıya gətirdikdə katalizator çıxarılır. Dəqiq bilinmir ki, bu avtomobillər Bakıya gətirilərkən katalizatorlar çıxarılır, yoxsa elə bu formada ölkəyə gətiriblər. Avtomobillər taksi sürücülərinə verilir. Sonra yol polisinin keçirdiyi reydlər zamanı belə avtomobillər aşkarlanır və sürücülər barədə tədbirlər görülür. Yol polisi də qanunun tələbinə uyğun tədbir görür. Sual verilir ki, texniki baxış zamanı bu qüsurlar niyə üzə çıxmır? Birinci, bunlar hibrid avtomobillərdir. Hibrid və elektromobillərin texniki baxışla bağlı yanaşması fərqli olmalıdır. Çünki həmin avtomobilin mühərriki işə düşdükdə havaya yanacaqla işləyən maşından fərqli zəhərli qaz buraxılır. Ona görə bu maşınların texniki baxışda qüsurunu asanlıqla tutmaq olmur. Yol polisi də texniki baxış zamanı avtomobillərin katalizatorlarını yoxlamaq üçün maşının altına girməməlidir. Sadəcə vizual baxış keçirir. Maşının rənginə, ban nömrəsi, zəhərli qazların havaya buraxılma miqdarı, təkərlərin protektorları, apteçka və s. yoxlanılır. Maşının idarəetmə sistemi, əyləc sisteminə baxılır. Bu tip maşınların texniki baxışını keçirmək üçün həmin avtomobillərdən yaxşı anlayışı olan mütəxəssislər olmalıdır. Texniki baxış məntəqələrində xüsusi ixtisaslaşmış ustalar oturmalıdır. Qeyd edək ki, avtomobildə katalizatorun çıxarılmasına görə 50 AZN cərimə yazılır. Lakin katalizatoru çıxarıb, yerinə digər avadanlıq quraşdırılarsa, bu zaman sürücüyə 150 manat cərimə yazılır. İstənilən halda avtomobil cərimə meydançasına aparılır. Bütün hallarda sürücülərdən vətəndaş məsuliyyəti tələb edilir. Sürücü hüquqi dövlətin vətəndaşı olaraq qanunun tələblərinə əməl etməlidir. Xüsusən bu tələblər ümumi istifadə etdiyimiz hava, təbiətin mühafizəsi, ekologiyanın zərər görməməsi ilə bağlıdırsa.