8 il həbsdə yatdı

İndi ildə 200 min lirə qazanır 

Hatayın Reyhanlı bölgəsinin sakini aqrar mühəndis Kübra Gürlər evinin altında soxulcan gübrəsi istehsal edərək ailə büdcəsinə gəlir gətirir. K.Gürlər hələ tələbə ikən təbii gübrə istehsalıyla maraqlanıb, bu işə həvəsli olub. İl yarım öncə isə 140 kvadrat metrlik evinin zirzəmisini “sənaye mərkəzi” halına dönüşdürüb. 300 min soxulcan alaraq gübrə istehsalına başlayıb. Qısa müddətdə soxulcanların sayı 1 milyona çatıb. 1 milyon soxulcandan K.Gürlər illik 12 ton gübrə əldə edir. “Sərq” Türkiyə mediasına istinadən bildirir ki, soxulcan gübrəsi istehsalı barədə K.Gürlər "Anadolu" agentliyinə danışıb. Xanım mühəndis deyib ki, müxtəlif ev heyvanlarının ifrazatlarını meyvə və tərəvəz çürüntüləri ilə qarışdırır və bu qarışıqla soxulcanları bəsləyir, 1 tona yaxın gübrə əldə edir və Hataya, Şanlıurfaya göndərir:

“İşim çətin, amma əyləncəlidir. Soxulcanları bəlli mərhələdə bəsləyirik, onlara körpəyə qulluq edər kimi baxırıq. Bundan 2 min lirə qazancımız olur. Hədəfim istehsalı daha da genişləndirmək və soxulcan gübrəsi ixracatçısı olmaqdır”. Türkiyədə son illərdə soxulcan gübrəsi getdikcə populyarlaşır. Dənizlidə yaşayan 50 yaşlı Mükərrəm Güleç də eynilə K.Gürlər kimi soxulcan gübrəsi istehsalı ilə məşğuldur. İki qadın arasındakı fərq budur ki, Mükərrəm Güleç 8 il həbs yatıb. Həbsxanadan çıxdıqdan sonra soxulcan gübrəsi istehsalı layihə ilə İŞKUR-a müraciət edib, maliyyə yardımı istəyib. Layihəsi bəyənilib və “Hibə dəstəyi” (hədiyyə olaraq maliyyə ayırma proqramı) çərçivəsində 18 min lirə maliyyə yardımı alıb. Soxulcan gübrəsi istehsalı üçün kiçik bir təsisat qurub. 

 4 il ərzində istehsalını genişləndirə bilib, 500 kvadrat metrlik ərazidə 20 milyon soxulcan bəsləyərək ayda 70 ton gübrə əldə etməyə nail olub. İllik gəliri isə 200 min lirədir.

M.Güleç “mən həbsə girdiyimdə naqilli telefonlar vardı, mən həbsdən çıxanda artıq “ağıllı telefonlar”. Nə edəcəyimi bilmirdim. Gübrə istehsalı fikri həbsdə olarkən ağlıma gəlmişdi. Layihə hazırladım, İŞKUR-a təqdim etdim. Qəbul etdilər. 18 min lirə yardım almaq haqqı qazandım. Çal əyalətində 100 kvadrat metrlik ərazidə işə başladım. İndi müəssisəmin ərazisi 500 kvadrat metrdir. Ayda 70 ton gübrə əldə edirəm. Gübrə bazarında yerim var artıq. Konya, Antalya, Dənizli  və ətraf kəndlərə gübrə satıram. İldə 200 min lirə gəlir əldə edirəm” deyən M.Güreç məqsədinin azadlıqdan məhrum edilmiş qadınları istehsala cəlb etmək olduğunu söyləyib.