Metro açıldı, amma sərnişinlərin sayı azalıb

Metropoliten rəhbərliyi nəticənin belə olacağını təxmin edirmiş

Bəxtiyar Məmmədov: "Eybi yox, təki insanlarımız sağlam olsun, zərurət olmadan evdən çıxmasınlar, ictimai nəqliyyatdan istifadə etməsinlər və yoluxmasınlar"

"Pandemiya bitdikdən sonra sərnişindaşıma da artacaq"


"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti bir həftəlik sərnişindaşıma statistikasını açıqlayıb. Bu barədə "Bakı Metropoliteni" QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov məlumat verib. B.Məmmədov bildirib ki, sərnişindaşımanın bərpa olunduğu ilk həftə ərzində metropoliten daha az sərnişin daşıyıb: "Sərnişindaşımanın bərpa olunduğu ilk həftə ərzində metropoliten 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 2 dəfəyə yaxın az sərnişin daşıyıb. Orta hesabla gün ərzində 350000 - 400000 civarında sərnişin daşınıb. “8 Noyabr” stansiyasından isə orta hesabla gün ərzində 2500 civarında sərnişin istifadə edib". 

Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə "Bakı Metropoliteni" QSC-nin fəaliyyəti pandemiya ilə əlaqədar olaraq ötən ilin 1 aprelində bağlanıb, mayın 9-da isə metropolitenin fəaliyyəti yenidən bərpa olunub. Bir müddət sonra, iyulun 4-dən sentyabrın 14-dək metropolitenin fəaliyyəti yenə  dayandırılıb. Sentyabrın 14-dən oktyabrın 19-dək metropolitenin fəaliyyəti yenidən bərpa olunub. Nazirlər Kabinetinin qərarı ilə oktyabrın 19-da metropolitenin fəaliyyəti dayandırılıb və bu ilin 31 mayından etibarən "Bakı Metropoliteni" QSC-nin fəaliyyəti yenidən bərpa olunub.
Bir həftəlik sərnişindaşıma statistikası təəccüblü görünür. Aylarla metro həsrəti çəkənlər nə oldu bəs?! Hesabla gərək indi metroda “iynə atsan yerə düşməməliydi”. Çünki gündəlik ictimai nəqliyyatdan istifadə edənlər pandemiya başlanandan avtobuslardan narazı idilər, giley-güzar bitmək bilmirdi. BNA-nın “ekspress” adlandırıb xəttə buraxdığı “M1”, “M2”, “M1a”lar əhalini boğaza yığmışdı. Gecikmələr, tıxaclar, avtobus salonlarının “bəs” deyincə dolması, əlavə xətt avtobusları sürücülərinin sərnişin əldə etməkdən ötrü dayanacaqlarda “yuxuya getməsi”... Ayların məşəqqətindən sonra nəhayət metro açılır, amma sərnişin sayı 2 dəfə azdır. Niyə? 

“Bakı Metropoliteni” QSC mətbuat xidmətiinin rəhbəri Bəxtiyar Məmmədov “Şərq”ə açıqlamasında sərnişindaşımadakı azalmaların səbəbini izah etdi: 

- Əvvəla onu deyim ki, metronun fəaliyyətinin bərpa olunduğu ilk həftə ərzində sərnişindaşıma statistikasının ötən il deyil, 2019-cu ilin müvafiq dövrü ilə müqayisə aparılması ötən il metronun Nazirlər Kabinetinin qərarına uyğun olaraq fasilələrlə işləməsidir. Ən doğru müqayisə məhz 2019-cu ilin müvafiq dövrü ilə aparıla bilər. Həmçinin ötən il pandemiya şəraiti idi, sərt karantin qaydalarının tətbiq edildiyi zamanlar olub. Bu şərtlər metroda sərnişindaşımanın azalmasına  təsirsiz ötüşməyib. Pandemiya yenə davam edir, bitməyib. Metropoliten də fəaliyyətini buna uyğun tənzimləyir. Sosial məsafənin mümkün qədər gözlənilməsi, tibbi maskalardan istifadə tələbi yenə var. Eyni zamanda şənbə-bazar günləri ictimai nəqliyyatın hərəkəti dayandırılır, o cümlədən metronun da. Metro sərnişinlərinin müəyyən təbəqəsini tədris prosesində iştirak edənlər – tələbə, şagird, müəllim heyəti təşkil edir. Hazırda dərslər daha çox onlayn keçirildiyindən təbii ki, metro bu təbəqəni müvəqqəti itirmiş vəziyyətdədir. Karantin rejiminin davam etməsi səbəbiylə bir sıra idarə və müəssisələr iş rejimində dəyişiklik edib. Başqa bir səbəb paytaxta gələnlərin sayındakı azalmadır. Yenə də pandemiya şəraiti insanların miqrasiyasının qarşısını istər-istəməz alır. Bunlar  sərnişindaşımanın azalmasına təsir edir. Deyim ki, bizim üçün bu, gözlənilən idi. Sadalanan səbəblər bizə məlum idi və nəticənin  belə olacağını təxmin edirdik. Əslində, pandemiya dövrü üçün bu, müsbət statistikadır. Metropoliten üçün nə qədər ziyanlı olsa da. Çünki ilk növbədə sağlamlıq vacibdir. Metroda sərnişin azdırsa, deməli, sosial məsafənin gözlənilməsi mümkün olur. Eybi yox, təki insanlarımız sağlam olsun, zərurət olmadan evdən çıxmasınlar, ictimai nəqliyyatdan istifadə etməsinlər və yoluxmasınlar. Pandemiya bitdikdən sonra sərnişindaşıma da artacaq.