Yazıçı ilə jurnalist “atışdı”: “Kitab oğurluğu cinayətdir, yoxsa qəhrəmanlıq? – Fikirlər haçalandı

Aqşin Kərimov:“...Cəmiyyətin sağlamlaşması üçün reseptlər verənlərin bir hissəsinin bu qanun pozuntusuna haqq qazandırması məndə təəccüb yaratdı”

Kəramət Böyükçöl:“Oğru tutan idinizsə, gözünüzün qabağında lap dəhşətli əməllər törədənlər var, gedib onları tutardız”



Ötənlərdə iki nəfər gəncin kitab mağazasından oğurluq etməsi bütün cəmiyyətin gündəmini zəbt etdi. Paytaxt sakinləri Elməddin Süleymanlı və Elvin Əhmədov kitab oğurladıqları üçün saxlanılıblar. Baş verənlər cəmiyyətdə fikir ayrılıqlarına, bəzi müzakirələrə səbəb olub. İnsanların böyük əksəriyyəti ölkəmizdə kitab oxuyanların az olduğunu əsas gətirərək, gənclərin saxlanılmasının düzgün olmadığını söyləyiblər. Bəziləri isə nə olur-olsun oğurluğun qanunla düzgün olmadığını qeyd edir.

Mövzu barədə “Sherg.az”a danışan jurnalist Aqşin Kərimov bildirib ki, həmin kitab oğurluğu böyük ictimai təhlükə törədən əməl hesab olunmur:

“Ümumiyyətlə, iki gəncin iki kitab oğurlaması, əgər o kitabların ikisinin dəyəri 100 manatdan çox deyilsə, cinayət sayılmır. Cinayət Məcəlləsində 177-ci maddəsinin “Qeyd” hissəsinin birinci bəndinə baxmaq kifayətdir ki, bu arqumenti səsləndirək. Lakin nəticədə, bu, özgə əmlakını talamadır və cinayət əməli olmasa belə, qanun pozuntusudur. Hər addımda qanundan danışan, cəmiyyətin sağlamlaşması üçün reseptlər verənlərin bir hissəsinin bu qanun pozuntusuna haqq qazandırması məndə təəccüb yaratdı. Qəribə bir arqumentləri də var və kiflənmiş bir ifadəni səsləndirirlər: “Kitab oğurluğu oğurluq sayılmır”. Məsələ bundadır ki, onlar heç dəyərin 100 manatdan çox olması arqumenti üzərindən bu mühakiməni yürütmürlər, onlara görə, ümumiyyətlə kitab oğurluğunun istənilən təzahürü normal qarşılanmalıdır. Bu, cəmiyyətin sağlamlaşmasına qarşı ən zərərli və təhlükəli ideyaların dövriyyəyə buraxılmasıdır”.

A.Kərimov hesab edir ki, qanunların işləkliliyindən, cəmiyyətin inkişafından danışırıqsa, qanun pozuntularına qarşı çıxmalıyıq:

“Bəziləri isə gənclərin addımını kitab oxumağa təşviq kimi qiymətləndirir. Qanun pozuntusu üzərindən kitab oxumağa təşviq absurd və diletant yanaşmadır. İşin mənəvi tərəfinə gəldikdə də, gənclərə haqq qazandırmaq olmur. Çünki onlar belə deyək, aşırı zərurət olmadığı halda kitabları oğurlayıblar. O ki qaldı, həmin gənclərin fotosunun yayılmasına, buna hüquq da, mən də qarşıyam. İnzibati Xətalar Məcəlləsinə əsasən, inzibati xəta törədən şəxsin icazəsi olmadan onun fotosunun yayılması qadağandır”.

Yazıçı, publisist Kəramət Böyükçöl isə düşünür ki, Azərbaycanda nə qədər əclaflıq edirsənsə et, özünə bəraət qazandırmaq üçün kifayət qədər əsaslar var:

“Məsələn, hər kəs “onsuz məndən də çox bu əclaflıqları edənlər var” deyə düşünür. Cəmiyyət başdan ayağa çirkab içindədir. Heç bir oğurluğa haqq qazandıra bilmərəm. Lakin bu ölkədə o qədər haqsızlıq, ədalətsizlik və oğurluqlar baş verir ki, onların fonunda 2 nəfər kitab oğrusuna qarşı belə münasibəti qəbul edə bilmirəm. Oğru tutan idinizsə, gözünüzün qabağında lap dəhşətli əməllər törədənlər var, gedib onları tutardız. Məsələn, Gəncənin icra başçısı bir nəfər güllələdi. Aydın məsələdir ki, bu şəxs cinayətkardır. Amma cəmiyyət cinayətkarı qəhrəmana çevirdi. Çünki demək istəyirdilər ki, hüquqa, qanuna qarşı daha böyük cinayətkar elə icra başçısının özü idi. Cəmiyyətin kitab oğrusuna haqq qazandırmağın alt şüurunda məhz bu məsələlər dayanır”.