“Bu məmurlar iş və danışıq üslublarını dəyişsinlər, yoxsa DTX...” - AKTUAL

“...Onların da “qapısını döyəcək” 

“Başa düşməlidirlər ki, bu dəqiqə şəhid, qazi ailəsi ən həssas sosial təbəqədir, həmin insanların problemi həllini tapmalıdır”


Parlamentin dünən keçirilən iclasında Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva bəzi məmurları tənqid edib. Millət vəkili bildirib ki, bəzi məmurlar onun parlamentin iclasında problemlər haqda danımasına qarşı çıxırlar.

“Bəzən mənə deyirlər ki, bir məsələni üç-dörd dəfə qaldırırsınız. Hələ durub sayırlar da. Bir məsələ dörd dəfə qaldırılırsa, deməli problem həllini tapmayıb. Bir şəhid atası müraciət edir və bildirir ki, məhkəmə qərar versə də, oğlunun sığorta pulunu ala bilmir. Ona görə də mənə müraciət edirlər ki, qurumlardan cavab ala bilmirlər, onların adından danışmağımı istəyirlər”.

Deputat qeyd edib ki, vətəndaşlar bəzi məmurların qəbuluna girə bilmir. Millət vəkili əlavə edib ki, məmurlar üslublarını dəyişməsələr, növbəti dəfə onların adları açıqlanacaq.

Millət vəkili Sabir Rüstəmxanlı isə bildirib ki, deputat öz fəaliyyətini fasiləsiz həyata keçirə bilməlidir və deputat sorğusunun növü müəyyənləşdirilməlidir: “Nazirliklərə gedən məktublara reaksiya verilməsində ciddi problemlər var. Cəmiyyətdə qanunverici orqanın nüfuzunu artırmalıyıq. Millət vəkillərinin heç birinə adi telefon kitabçası verilmir. Nazirlər Kabinetinin, Prezident Administrasiyasının, nazirliklərin telefonları bizdən gizlidir. Deputat ancaq sorğu əsasında sual verə, məsələ qaldıra bilər. Nazirliklərdə bizi heç qəbul etmirlər. Köməkçi telefonu açır, deyir əlaqə saxlayacağıq”.

Jurnalist Aygün Muradxanlı “Sherg.az”a söyləyib ki, ölkəmizdəki bəzi məmurların davranış tərzi və iş üslubu yanlışdır. Onun sözlərinə görə, əhalinin hansısa problemlərinin işıqlandırılması məmurlara sərf etmir:

“Qənirə xanım Paşayeva parlamentə layiq olan şəxslərdəndir. O, hər seçkidən sonra vətəndaşlarımızın etimadını qazanan millət vəkilidir. Bu baxımdan onun dili də var, dilçəyi də.

Lakin bəzi deputatlar şəxsi maraqları üçün məmurların qapısını döyürlər.

Ona görə də məmurlarda belə bir məntiq formalaşıb: Onlar ağıllarına gətirmək istəmirlər ki, bir millət vəkili xalqın problemini gündəmə gətirə bilər. Məmurlara elə gəlir ki, deputat ancaq şəxsi maraqları üçün onlara müraciət etməlidir.

Bu zaman ürəkləri istəyəndə müraciətə baxarlar, istəməsələr də yox. Amma millətin problemini qaldıran zaman buna imkan vermək istəmirlər. Ona görə də məmurlarımız təfəkkürlərini dəyişməlidirlər.

Başa düşməlidirlər ki, bu dəqiqə şəhid, qazi ailəsi ən həssas sosial təbəqədir, həmin insanların problemi həllini tapmalıdır. Hazırda Azərbaycanın bir dövlət olaraq inkişafı varsa, bunları şəhid və qazilərimizə borcluyuq. Həmçinin onların ailə üzvlərinin problemi cəmiyyət olaraq bizim məsələmizdirsə, məmurların ən birinci vəzifəsi olmalıdır! Məmurlar iş üslublarını dəyişsələr, ölkəmizdə hörmət qazana bilərlər.

Hətta adları da müsbət mənada çəkiləcək. Yoxsa günlərin birində Dövlət Təhlükəsizlik Xidməti (DTX) onların da “qapısını döyəcək” ”.