Şəhid övladlarına diqqət hər birimizin borcudur:“...Zərbə alıblar”

Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan qəhrəmanların övladları üçün “Qaliblər düşərgəsi” fəaliyyətə başlayıb. 13-14 yaşlı yeniyetmələr üçün nəzərdə tutulmuş düşərgənin məqsədi şəhid övladlarının intellektual və emosional inkişafına dəstək vermək, onların yay tətilini daha da maraqlı və yaddaqalan etməkdir.

“For Azerbaijan” Xeyriyyə Təşkilatının təşəbbüsü və dəstəyi, Dövlət Miqrasiya Xidmətinin təşkilati dəstəyi ilə reallaşan layihə Təhsil Nazirliyi, Rabitə, Nəqliyyat və Yüksək Texnologiyalar Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Mədəniyyət Nazirliyi, Sosial Xidmətlər Agentliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Bakı Nəqliyyat Agentliyi, Dövlət Turizm Agentliyi, həmçinin digər dövlət qurumları, özəl sektor və qeyri-hökumət təşkilatlarının birgə səyi nəticəsində ərsəyə gəlib. Təşkilati-logistik məsələlər üzrə tərəfdaş “Miqrasiya Könüllüsü” İctimai Birliyidir. Düşərgədə Azərbaycan Könüllülər Təşkilatının üzvləri də layihə müddətində iştirakçıları müşayiət edəcəklər.


Qarabağ qazisi Kamil Musavi “Sherg.az”a açıqlamasında bu təşəbbüsləri yüksək qiymətləndirdi: 

“Əlbəttə, çox yaxşıdır. Bu, uşaqların cəmiyyətə inteqrasiyası üçün vacibdir. Çünki onlar kifayət qədər zərbə alıblar. Daha da assosiallaşmalarına icazə vermək olmaz. Və bu, təkcə müvafiq qurumların deyil, hər birimizin işidir”.