Poladlar, Xudayarlar doğulur... 

“Valideynlər övladlarını qəhrəmanlarımız kimi böyütmək istəyirlər”

Bu il doğumu qeydə alınmış uşaqlara Vətən müharibəsi iştirakçılarının şərəfinə qoyulan ən populyar iki ad məlum olub. Yeni doğulan 154 körpəyə Polad adı verilib. Uşaqlara Polad adının verilməsi 2020-ci ildə və 2021-ci ilin altı ayında əvvəlki illərlə müqayisədə kəskin artıb. Yəni, ölkəmizdə Polad adı ən çox 2020-ci il ərzində məşhurlaşıb.

Belə ki, 2018-ci ildə 55 uşağa, 2019-cu ildə 53 uşağa Polad adı verilmişdisə, ötən il Polad adı verilən uşaqların sayı 193 olub. Bununla yanaşı, bu il 33 uşağa Xudayar adı verilib. Bu ad ötən il ərzində isə cəmi 3 nəfərə qoyulub. 2018-ci ildə cəmi bir uşağa Xudayar adı verilmişdisə, 2019-cu ildə ölkədə yeni doğulan uşağa bu adın verilməsi qeydə alınmamışdı.

“Azəri-türk” Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı “Sherg.az”a açıqlamasında sözügedən təşəbbüsü yüksək qiymətləndirdi:

“Əlbəttə, təqdirəlayiqdir. Bu, bizim necə qədirbilən xalq olduğumuzu göstərir. Şəhid və qazilərimizin adına məktəblərin, küçələrin olması sevindiricidir. Amma təkcə bununla kifayətlənmək olmaz. Görünür, valideynlər övladlarını qəhrəmanlarımız kimi böyütmək istəyirlər”.