“Ağ ölüm” sürətlə yayılır! – “Ölkəmizdə dərin araşdırmalar aparılsın”

“Narkotik dünyada ən çox qazanc gətirən vasitələrdən biri olduğuna görə, burada maraqlı qüvvələr çoxdur”
“Böyük, narkotikanı ölkələrə daşıyan və geniş ticarət şəbəkəsi quran adamlar müəyyən imkanlı dairələrə məxsusdurlar”
Son bir ay ərzində Azərbaycanda “patı”, “şüşə” adı ilə tanınan narkotik vasitə - metamfetamindən istifadə geniş yayılıb. Onun satış qiymətinin ucuz olması bu bəlaya düçar olan gənclərin sayının sürətlə artmasına gətirib çıxarıb. Ən pisi də odur ki, yeniyetmələr, məktəblilər bu şəbəkəyə daha çox cəlb olunur.

Sosial şəbəkələrdə də ciddi müzakirə mövzusuna çevrilən “patı” probleminə qarşı artıq rəsmi qurumlar da fəaliyyətə başlayıb. Hər gün müxtəlif ərazilər üzrə keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxslər məsuliyyətə cəlb edilir.

Millət vəkili Sabir Rüstəmxanlı “Sherg.az”a qeyd edib ki, son zamanlar narkotikə qurşanan gənclərimizin sayı, bəlkə, cəbhədə şəhid olanlardan daha çoxdur:

“Təəssüf ki, bu bəla getdikcə yayılır. Bunun bir səbəbi də kasıblıq və işsizlik, insanların asan yolla qazanc axtarmasıdır. Bütün dünyada narkotik ticarəti ilə məşğul olan iri şəbəkələr, mafiya qruplaşmaları var. Onlar bir qitədən digər qitəyə narkotik vasitələr daşımaqla məşğuldurlar.

Nə qədər işlər görülsə də, narkotik ticarəti ilə məşğul olan güclər gizli və qeyri-adi yollardan istifadə edirlər. Onların qarşısını almaq olmur ya da çox çətindir. Narkotik dünyada ən çox qazanc gətirən vasitələrdən biri olduğuna görə, burada maraqlı qüvvələr çoxdur.

Məlumdur ki, kiçik adamlar xırda ticarətlə məşğuldurlar. Ancaq böyük, narkotikanı ölkələrə daşıyan və geniş ticarət şəbəkəsi quran adamlar müəyyən imkanlı dairələrə məxsusdurlar.
Ölkəmizdə isə dərin araşdırmalar aparıb mübarizəni davam etdirmək lazımdır”.