Şizofreniya xəstəsinə 7 aydır pensiya kəsilmir

Razi Nurullayev: "Haqqını ala bilməyən yüzlərlə xəstə var və onlarla maraqlananlar yoxdur"

“Yerlərdən müxtəlif məsələlərə dair çoxlu şikayətlər daxil olur. Halbuki, onlar yerli səviyyədə də həll edilə bilər. Yaxud mərkəzdə aidiyyəti qurumlar məsuliyyətli yanaşıb özləri həll edər, daha futbol topu kimi o qapıdan bu qapıya göndərməzlər”. Bu sözləri millət vəkili, Milli Cəbhə Partiyasının sədri Razi Nurullayev deyib.

Deputat bildirib ki, rayonların birində bir neçə nəfər ona yaxınlaşıb və problemlərini dilə gətiriblər:

“Hər birinin problemləri Allahın köməkliyi ilə həll edilib. Sadəcə, bir nəfərin probleminin üzərində dayanmaq istəyirəm. Həmin şəxs xəstədir, şizofreniyadır və pensiyası kəsilib. Üstündən 7 ay keçib, amma hələ də araşdırma gedir. Nə araşdırması? Həkimlər, tibbi-sosial ekspertiza komissiyaları görünən uca dağa dağ demirlər, deyillər ki, “deyəsən dağ deyil, təpədir, yaxud alçaq dağdır”. Olmaz belə. Elə xəstəliklər var ki, görünən dağ kimi aydındır və onu tez həll etmək lazımdır”. 

Parlament üzvü qeyd edib ki, hər kəsin nazirə, müavinə, vəzifəli şəxsə çıxış imkanları yoxdur:

“Biz də hər kəsin əlindən tutub idarələrə aparmağa vaxt edə bilmərik. Xahiş və tələb edirəm ki, görünən başı qarlı uca dağa təpə deməsinlər. Mən bir problemlə bağlı cənab nazirə yazdım, məsələ 3 gün içində tam həllini tapdı. Xəstəyə ömürlük ikinci qrup təyin edildi. Təşəkkürümü də bildirdim. Hörmətli müavinlərə də yazıram, göndərirəm, çox həssaslıqla yanaşırlar. Sağ olsunlar, bütün haqlı məsələlər də həllini tapır. Amma haqqını ala bilməyən yüzlərlə xəstə var və onlarla maraqlananlar yoxdur”.