Təklif: "Mina təmizləyənlərə daha tez pensiyaya çıxmaq hüququ verilsin"

Torpaqlarımız işğaldan azad olunduqdan sonra mina təmizləyənlərin üzərinə daha çox görəv düşüb. İlkin qiymətləndirmələrə görə, azad olunan ərazilərimizdə işğal müddətində erməni silahlı qüvvələri tərəfindən yüz minlərlə mina basdırılıb.
Bunu "Şərq"ə açıqlamasında Milli Məclisin deputatı, iqtisadçı-ekspert Vüqar Bayramov deyib. Onun sözlərinə görə, yalnız Füzuli və Zəngilan rayonlarına 92 mindən çox mina basdırılıb ki, bu da mina təmizləyənlərin işinin miqyasının necə geniş olduğunu təsəvvür etməyə imkan verir: "İkinci Dünya Müharibəsi daxil olmaqla fərqli savaşların nümunələri göstərir ki, ərazilərin minalardan təmizlənməsi uzun müddət tələb edir.

Aydındır ki, minatəmizləyənlər həyatı baxımdan məsuliyyətli və şərəfli fəaliyyət həyata keçirirlər. Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işinin gücləndirilməsi fonunda minatəmizləyənlərə də xüsusi güzəştlərdən istifadə hüququnun verilməsi məqsədəuyğun olardı. Əvvəla, mənzil təminatının yaxşılaşdırılması üçün minatəmizləyənlərə də sosial ipotekadan istifadə hüququnun verilməsi məqsədəuyğundur. Belə ki, güzəştli ipotekadan istifadə etmək hüququ minatəmizləyənlərin aşağı faizli kreditlər ilə ev almasına imkan yarada bilər".

Deputat "Əmək pensiyaları haqqında" qanunun 9-cu maddəsinə uyğun olaraq Nazirlər Kabineti tərəfindən minatəmizləyənlərə də güzəştli, yəni daha tez pensiyaya çıxmaq hüququnun verilməsini təklif edib:

"İş şəraitini və risk dərəcəsini nəzərə aldıqda minatəmizləyənlərə daha tez pensiya yaş hüququnun verilməsi məqsədəuyğun olardı. Üçüncüsü, ANAMA-nın uzun müddət çalışan əməkdaşlarının pensiya kapitalı məbləğinə yenidən baxılması və 22 faizlik sosial sığorta güzəştinin nəzərə alınaraq vəsaitin hesablanmasına ehtiyac var. Belə ki, uzun müddət həmin işçilər üçün 22 faizlik sosial sığorta güzəştinin tətbiq olunması səbəbindən onların pensiya kapitalı məbləği yüksək olmayıb. Dördüncüsü, maliyyə imkanları artdıqca ANAMA əməkdaşlarının əmək haqlarında artımların davam etdirilməsi vacibdir. Bu, mina təmizləyənlərin sosial müdafiəsinin daha da gücləndirilməsi baxımından əhəmiyyətlidir. Bütövlükdə, növbəti illərdə ANAMA əməkdaşlarının şərəfli fəaliyyəti daha da genişlənəcək".