Avtoxuliqanların videoları çəkilib ictimailəşdiriləcək

"Axır ki, başa düşdülər ki, küçələrdə adam güdüb cərimə yazmaqla problem həll olunmayacaq"

"O qədər pullu adamlar var ki, hər gün qaydanı pozub ödəməyə hazırdılar. 50-100 manat onlar üçün problem deyil, vaxtları qızıldır, ona görə də yüksək sürətlə gedirlər, qırmızıda keçirlər"


Baş Dövlət Yol Polisi İdarəsi bəzi sürücülərə qarşı təkcə inzibati qaydada deyil, ictimai qınaq metodlarından istifadə etməklə mübarizə aparmağın daha səmərəli olacağına inanır. Bəs bu metod nə dərəcədə effektli olacaq?



“Altay” Sosial-İqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri Elçin Bayramlı "Şərq"ə açıqlamasında bildirib ki, bunun effektliyi ictimaiyyətdən asılıdır. O qeyd edib ki, əgər insanlarımız belələrinə qarşı tənqidi nümayiş sərgiləsə, o zaman bu şəxslər əməllərindən əl çəkəcəklər:

"Axır ki, başa düşdülər ki, küçələrdə adam güdüb cərimə yazmaqla problem həll olunmayacaq. O qədər pullu adamlar var ki, hər gün qaydanı pozub ödəməyə hazırdılar. 50-100 manat onlar üçün problem deyil, vaxtları qızıldır, ona görə də yüksək sürətlə gedirlər, qırmızıda keçirlər və s. Hesab edirəm ki, DYP belə halların video və fotolarını ictimailəşdirməli, həmin şəxslər mediada, sosial şəbəkələrdə rüsvay edilməlidir. Bu, daha çox effekt verər, nəinki 50 manata cərimə etmək. Böyük qayda pozuntusu edən vəzifəli şəxslərə, imkanlı biznesmenlərə heç nə edə bilmirlər, amma ucuz maşın sürən sadə vətəndaş bilmədən kiçik bir qayda pozuntusu edərkən başının üstünü kəsib cərimə yazırlar. Bu halda problem həll edilə bilməz.
Vətəndaşlar belə qudurğan şəxslərin törətdiklərini video və fotonu çəkib ictimailəşdirməlidir. Bizdə ictimai qınaq zəifdir, amma bunu gücləndirməliyik, özü də təkcə bunda yox, bütün sahələrdə. Vəzifəli və ya pullu şəxsə yaltaqlanmaqla heç nə dəyişən, düzələn deyil. Bunu anlamalıyıq. Yalnız bir məsələdə DYP sərt davranmalıdır. Qəsdən və dəfələrlə qaydaları kobud pozub ağır qəza törədənlərə, sərxoş halda maşın sürənlərə güzəşt olmamalıdır. Avtoşluq edən şəxslərin sürücülük hüququ azı 1 il məhdudlaşdırılmalı, 3-cü belə halda maşın müsadirə edilməli və ya nömrəsi alınaraq qeydiyyatdan çıxarılmalıdır ki, ondan heç kim istifadə edə bilməsin. Bundan sonra avtoşluq problem həll olacaq".



"Yenisabah.az" saytının baş redaktoru, Jurnalist Araşdırmaları Mərkəzinin sədri Seymur Verdizadə "Şərq"ə açıqlamasında bildirib ki, o, hər zaman ictimai qınağın tərəfdarı olub:

"Yenə o fikirdəyəm ki, insanlar ətrafda baş verən hadisələrə biganə qalmamalıdırlar. Hesab edirəm ki, ictimai qınaq ən effektiv tərbiyə üsullarından biridir. Mütləq bu üsuldan faydalanmalıyıq. DYP-nin açıqlamasını normal qarşılayıram. Amma o fikirdəyəm ki, hər bir dövlət qurumu ümumxalq mənafeyi üçün əlindəki resurslardan maksimum istifadə etməlidir. Heç kimə sir deyil ki, qaydaları pozan, “avtoşluq” edən sürcülərin əksəriyyəti məmur övladları, imkanlı şəxslərin uşaqlarıdır. DYP onlara münasibətdə ayrı-seçkiliyə yol verməməlidir. Atasının vəzifəsinə, yaxud maddi imkanına görə heç bir sürücünün yaramaz əməlinə göz yummaq olmaz. Əgər qanunun aliliyi hamıya eyni qaydada şamil olunsa, qayda pozuntularının sayı ən azı yarıbayarı azalar".