Ramiz Göyüşovun hadisəsi hamının başına gələ bilər

"Smartfon işlədən hər birimiz, valideynlərimiz, övladlarımız bu cinayətin qurbanı ola bilərlər"
 

İntim görüntüləri yayıldığı iddia edilən Yeni Azərbaycan Partiyasının Binəqədi Rayon Təşkilatının keçmiş sədri Ramiz Göyüşov açıqlama verib. O bildirib ki, haqqında yayılan video şəxsinə qarşı edilən şantaj və qurmadır. “Bu gün bir xanım mənə görüntülü zəng etdi. Dəfələrlə zəngi geri çevirsəm də, o mənə təkrar zəng vurdu.
Çox zəngdən sonra açdım. Əvvəlcə nə baş verdiyini başa düşmədim. Xanım yarıçılpaq formada idi. Ona irad bildirib, telefonu söndürdüm. Sonra o, yenə yığdı. Yayılan videodan da görünür ki, mən məsələni anlamıram. Çünki ilk dəfə idi, belə bir halla qarşılaşırdım. Gördüm, qadının məqsədi başqadır, onu bloka atdım. Bir az sonra mənə Türkiyə nömrəsi ilə bu video göndərildi.

Məni şantaj elədilər ki, əgər onlarla əlaqəni kəssəm, haqqımda video paylaşacaqlar. Təbii ki, onların bu istəyini rədd elədim. İndi məndən qisas almaq üçün o videogörüntünü yayıblar”, - deyə o bildirib.

Göyüşov bildirib ki, həmin şəxslərin məqsədi onun ictimai-siyasi nüfuzuna kölgə salmaqdır:

"Hər şey ortadadır. İlk dəfə deyil ki, belə hallar yaşanır. Hesab edirəm ki, bu adamlar xaricdəki qüvvələr tərəfindən idarə edilir. Yoxsa onlar mənim harada çalışdığımı haradan bilir? Təbii ki, bu, sifarişlidir”.

Jurnalist, İKT üzrə mütəxəssis Səbuhi Abbasov “Şərq”ə açıqlamasında bunun hər kəsin başına gələ biləcəyini söyləyib:

“Bilirəm, hər kəsdə çoxlu suallar var. Ancaq Ramiz Göyuşovu yaxından tanıyan, onun xidmətlərini bilən bir insan kimi deyə bilərəm ki, bu prosesin üstündən keçin, sadəcə gözünüzü yumun və keçin. İcra hakimiyyətinin əməkdaşı deyil, iyunun 30-dan YAP-ın Binəqədi Rayon Təşkilatının sədri deyil. Təqaüddə olan ziyalıdır. Montajdır, “fake”dir, kibercinayətin qurbanıdır, hər nədir, bu mənə maraqlı deyil. Mən dostlarımın, xətrini əziz bildiyim insanların günahlarını paylaşan birisiyəm və hər birinizdən rica edirəm, bu prosesin üzərindən sükutla keçin. Dünyada elə bir kişi yoxdur ki, həyatının intim hissəsində səhvləri olmasın. Bu proses ətrafında olan, fırlanan, dönən hər şeyi kənara qoyuram, bir dost, Mingəçevirin inkişafında xidməti olan çox dəyərli bir insanı bir hərəkətə görə ailəsinin, yaxınlarının, əzizlərinin yanında çıxılmaz vəziyyətdə qoymayaq. Hər birimiz kibercinayətin potensial qurbanlarıyıq. Sadəcə cəmiyyətimizin, az qala, 95 faizi bu sahədə bilgisizdir və maariflənməyə ehtiyac var. Smartfon işlədən hər birimiz, valideynlərimiz, övladlarımız bu cinayətin qurbanı ola bilərlər. Mənim mənəvi borcum var və  o borcu ləyaqətlə yerinə yetirməyə hazıram. Əgər varsa, Ramiz müəllimin günahlarını yazın ayağıma”.

 Politoloq Qabil Hüseynli isə düşünür ki, bu, siyasi etikaya uyğun olmayan hadisədir:

“Məsələ barədə məlumatlı deyiləm. Ümumiyyətlə, belə olaylar barədə birmənalı, qətiyyətli danışmaq çox çətindir. Amma oxşar hadisələr siyasi etirazlara səbəb ola bilər. Əlbəttə, YAP aparıcı siyasi qüvvə olduğuna görə ona qısqanclıqla yanaşılır. Eyni zamanda nəzərə almaq lazımdır ki, son illər prezident ölkədə siyasi plüralizmin inkişafına, çoxpartiyalılığın formalaşmasına xüsusi diqqət göstərir. Belə hadisələrin qabardılması, şəxsi həyata müdaxilə isə siyasi rəqabət yox, qara piyardır. İnsanları və mənsub olduqları partiyaları gözdən salmaq partiya quruculuğunun, siyasi plüralizmin inkişafına təkan vermir, əksinə, cəmiyyətin diqqətini əsas məsələlərdən yayındırır”.

 Q.Hüseynlinin fikrincə, ictimai-siyasi şəxslərin öz fəaliyyətlərinə nəzarət etmələri gündəmdə olmalıdır:

“Cəmiyyətin normalarına zidd davranmamağa çalışmalıyıq. Çünki belə hərəkətlər milli-mənəvi dəyərlərə zərbə vurur, ictimaiyyəti demoralizə edir. Əsla milli-mənəvi dəyərləri tapdalamaq olmaz”.