ÇAĞIRIŞ:“Narkomaniyaya qarşı birgə mübarizə aparmalıyıq” - “Ağ ölüm”ə son!

Son zamanlar ölkəmizdə narkotik vasitələrdən istifadə edənlərin və satanların sayı xeyli çoxalıb. Demək olar ki, hər gün qəzet və sayt manşetlərini  “filan yerdə narkotik vasitə satan şəxs saxlanıldı” başlıqlı xəbərlər “bəzəyir”. Sosial şəbəkələrdə “patı” adlı maddə istifadəçilərinin içacıdan görüntülərini izləyirik. Narkotikin təsirindən qeyri-adi hərəkətlər edir, özlərini itirirlər. 

Gözlərinin alt hissəsi qaralır, bəbəkləri itir, dizləri bükülür. Filmlərdə gördüyümüz “zombi”lərə bənzəyirlər. Əksər hallarda isə zəhrimardan çox istifadə etidkləri üçün həyatla vidalaşırlar. Artıq narkotik vasitələr o qədər əlçatandır ki, nəinki gənclər, yeniyetmələr belə bu bəlaya düçar olurlar. Texnologiyanın inkişafından yararlanıb narkotik vasitələri sosial şəbəkələrdə satışa çıxarırlar. Elə bu gün genişmiqyaslı əməliyyat nəticəsində sosial şəbəkələrdə narkotik satan dəstə ifşa edilib. Məlum olub ki, onlar “şüşə”, “patı” adlanan metanfetamin və “kola”, “kakos” adlanan heroinin satışı ilə məşğul imişlər.

Bəs gəncliyimizi “ağ ölümün” əlindən necə qurtaraq?

“Sherg.az” vasitəsilə gənclərə çağırış edən xalq artisti Nurəddin Mehdixanlı vurğulayıb ki, bir millətin varlığı onun sağlam nəslinin yetişməsi ilə bağlıdır:

“Bir xalqa  qarşı açıq savaş apara bilməyəndə, onunla gizli savaşırlar. O cür bədnamların silahlarından biri isə narkotikdir. 

Çox qəribədir ki, Azərbaycan doğma torpaqlarını işğaldan azad etdikdən sonra düşmənlərimiz gəncliyimizə qarşı savaş başladıblar. Bu, bizim nəslimizi məhv etmək məqsədi daşıyır. Hər bir valideyn övladını nəzarətdə saxlamalıdır və gənclərimiz bilməlidirlər ki, onlar şərəfli millətin nümayəndələridirlər. 

Buna uyğun yaşamalıdırlar. Vətəndaşlarımız bizə qarşı açılan savaşa “yox” deməyi bacarmalıdırlar. Vəzifəsindən, peşəsindən, mövqeyindən asılı olmayaraq hər kəs qarşı çıxmalıdır. Narkotikaya və onun satıcılarına, alıcılarına açıq müharibə elan olunmalıdır. Azərbaycan hüquq- mühafizə orqanları, Daxili İşlər Nazirliyi bununla bağlı ciddi işlər görürlər. Amma xalqın birbaşa dəstəyi olmadan aparılan  mübarizə istədiyimiz nəticəni verə bilməz. Ona görə 10 milyon azərbaycanlı bu savaşın döyüşçüsü olmalıdır.  

Necə ki, yumruq kimi birləşib, torpaqlarımızı azad etdik, böyük güclərə qarşı vuruşduq. İndi də eyni şəkildə narkomaniyaya qarşı birgə mübarizə aparmalıyıq, alıcılarını və satıcılarını layiq olduqları cəzaya yetirməliyik. Başqa yolumuz yoxdur, bu ilanın və onu  bizim yurdumuza soxanların başlarını əzməliyik. Çünki biz qalib millətik, bir olanda güclü oluruq, güclü olanda da həll edə bilməyəcəyimiz  problem yoxdur. Allah millətimizi, qalib gəncliyimizi qorusun. İnanıram ki, bu müharibədə də qələbə qazanacağıq”.

Samirə Ərəblinski