Amilin xütbəsində tülkü amili

Din bir tərəfə, siyasət də heyvan üzərində qurular? Ayətullah Seyid Həsən Amili xütbələrini daha heyvanlar üzərində qurur. Vallahi, billahi maraqlı bir işdir. Görünür islamın ən böyük mühafizəçisi müsəlman birliyindən, doğruluqdan, haqdan xütbə oxuyar. Amma Ayətullah statusu bu adama heç yaraşmır, mollabaşdır ki, mollabaş.

Bu mollabaşı Seyid Həsənin ilk sərsəmi deyil ki?  Azərbaycan nə zaman ki, Qarabağ deyib torpaq bütünlüyü davasını önə çəkir, onda İran Amildən amil kimi istifadə edib, önə çəkir. Əlinə hazır bir xütbə verib, oxutdurur. 
Bu mollabaşı iki il əvvəl  Cümə namazlarının birində qara libasını geri çəkib, qeyri-ciddiliyinə düzəliş etməyə çalışıb, hayqıra-hayqıra deyirdi: “Açın sərhəddi, gedək, Qarabağda döyüşək”. O, hətta ölməyə də hazır idi. Həmin vaxt iranbaşlar bu fikri qəbul etməyənləri İsrailə işləməkdə günahlandırırdılar. Amma atalar misalı, "yalan ayaq tutsa da yeriməz". Görünür, Amilinin sözü də özü kimi topal imiş... Vaxt keçdi, Azərbaycan dostlarını yanında gördü, Ermənistandakı kafirlərin başına yumruq vurdu, amma bu qovğada Amili kimi İran amili də müsəlman tərəfə, xeyirin şər üzərində qələbəsində görünmədi. Qarabağda İranın köməyinə arxalanın, ermənilərin "keçilməz səddi" də dağıldı, qələbə də, zəfər də qazanıldı. Amma əhli-müsəlmanlar İranı yanlarında deyil, başqa yerdə gördülər.

 Seyid Əli Xameneyinin nümayəndəsi Qarabağın azadlığı uğrunda canından belə, keçməyə hazır idisə, indi niyə təlimlərimizdən narahatdır. Kimsəyə o cümlədən qara libaslı İrana da sirr deyil ki, qardaş dövlətlərlə birlikdə keçirdiyimiz hərbi hazırlıqlar İrana qarşı deyil, yenə də silah alıb tədarük görən ermənilərə bir mesajdır. Bizim kiminsə torpağında gözümüz yoxdur. Lakin Azərbaycanın və qardaşlarının istənilən vaxt torpaqlarının azadlığı uğrunda müharibəyə başlamaq iqtidarında olduğu aydındır. 

İndi Ağayi Amili bunu “Şirin quyruğu ilə oynanması” kimi qiymətləndirir. Birincisi, əgər söhbət İrandan gedirsə, o dövlət şir filan deyil. Çünki şir qolunun gücünə inanır, hansısa fətvaya arxalanmır, ümid etmir. İkincisi, rəsmi Tehran özündən deyən dövlətdirsə, niyə İsraillə, Vaşinqtonla uzun illərdir höcətləşir, onları birdəfəlik məhv etmir?! Əlbəttə, gücü çatmır. İndi biz də güclənmişik.

 Baxmayaraq bizim güclü deyil, zəif olmağımızı istəyən İran mollabaşları duyur ki, artıq ox yaydan çıxıb. Hər bir işin üstü açılıb. İranın siyasəti qırx gün keçmədi ki, bəlli oldu, Ermənistana yenidən silah-sursat göndərməklə gücümüzün qarşısını almağa çalışır. O taylı-bu taylı Azərbaycanda, bir misal var, nəynən Alış? Alışı Amili ilə də əvəz etmək olar.

Əslində mollanın belə radikal mövqeyi əslində həm də dini ekstremizmdir. Aydındır, belə bəyanatlar birinci dəfə deyil və bizi daha qorxu altında saxlamaq mümkünsüzdür. İndi qorxan Amili və onun kimi Azərbaycanın güclənməsini istəməyənlərdir. İran Azərbaycanın gücləndiyini gördükcə qıcıqlanır və narahatlığını belə axmaqlıqlarla büruzə verir. Ona görə İranın hərbi təlimlərə başlaması da, Amilinin sərsəm xütbə siyasəti də təsadüfi deyil. Bu, daxildəki narahatlığın, qorxunun, kinin və riyanın növbəti inikasıdır. Bir dövlət nə qədər xəbis olmalıdır ki, hansısa qonşusunun öz torpaqlarında keçirdiyi hərbi təlimlərdən təlaşa düşsün. Çünki torpaqlarımızın işğalında əlləri, iştirakları var. Ağıllı müsəlman cameəsi Seyid Həsən Amilidən soruşmaq istəyir: sizin o şiriniz niyə tülkülüb edib, bizim müsəlman torpaqlarına qanunsuz girir, yük, o cümlədən silah daşıyır? Axı şir özünü ağır-ayana aparar. Daha meymunluq etməz, quyruq bulamaz....

Ey müsəlmanlar, lütfən söyləyin, Seyid Həsən Amilinin “Danabaş kəndinin əhvalatları”ndakından nə fərqi var? Onlar da cahil idi, bu da. Cahillik isə ən pis korluqdur. Baş verənləri nə qədər istəsən də görə bilmirsən. Belə ki, Azərbaycanın qalib dövlət olduğunu, öz torpaqlarını azad etdiyini, qardaşları ilə birlikdə hərbi qüdrətini artırdığını, demək olar, bütün dünya qəbul edir. İran dini nümayəndələrinin başlarına taxdığı çalma isə, yəqin, artıq gözlərinə düşüb. Bir azdan qulaqları da tutulsa, təəccüblənməyin...

 Mirzə Ələkbər Sabir yazırdı: “Artdıqca həyasızlıq olur el mütəhəmmil,
Hər zülmə dözən canları neylərdin, ilahi?!”. 

Bu iki misra İranın hazırkı mollabazlarının siyasətinin bariz ifadəsidir. 

Əlqərəz, Amili özünün tülkü siyasətində heyvanat aləminə söykənir. Çünki elə isə qoy onlar əvvəlcə şir olmağı, özlərini şir kimi mərd, qeyrətli aparmağı bacarsınlar, ondan sonra qalan məsələlərə aydınlıq gələr. Hələlik isə islamın ali dəyərlərinə söykənməyən, ermənibaş mollaların davranışlarını ancaq tülkünün hərəkətləri ilə müqayisə etmək mümkündür. Biz həqiqəti və Tehrandan fərqli olaraq həqiqətləri danmırıq. Cabir Novruz demiş, tülkülərə tülkü, aslanlara aslan deyirik...

İslam Ağayev