Partiya sədri: "Qanuna dəyişiklik milli bayramlarımıza münasibətdə boşluq və ziddiyyətlərin aradan qaldırılmasına xidmət edir"

“Milli Məclisin 28 mayın Müstəqillik Günü, 18 Oktyabrın isə Müstəqilliyin Bərpası Günü kimi elan edilməsi barədə qərarını alqışlayırıq. Bu təklifə etiraz edənləri və arxasında bəd niyyətlər axtaranları ciddiyə almaq lazım deyil”. 

Bunu “Sherg.az”a açıqlamasında Milli Həmrəylik Partiyasının sədri Əlisahib Hüseynov deyib. 

Partiya sədri bildirib ki, məntiqə söykənməyən etirazlar demaqogiyadan başqa bir şey deyil: 

“Əlbəttə, istənilən təklifə, qərara etiraz bildirmək olar. Ancaq etirazın məntiqi əsası olmalıdır. Bəzi məntiqsiz və qərəzli şəxslər bu təşəbbüsü respublikadan, cümhuriyyət ənənələrindən imtina etmək cəhdi kimi dəyərləndirirlər. Lakin bu cür dəyərləndirmələr absurddur və diletant, səthi yanaşmanın nəticəsidir. Məsələyə bu cür dar baxış bucağından yanaşmaq lazım deyil. Reallıq odur ki, qanuna dəyişiklik iki mühüm tarixi hadisəyə və milli bayramlarımıza münasibətdə boşluq və ziddiyyətlərin aradan qaldırılmasına xidmət edir. Hətta elementar hüquqi bilikləri olan şəxslər də anlayır ki, əslində bu düzəlişlər Azərbaycan Xalq Cümhuriyyəti ilə müasir Azərbaycan Respublikası arasında hüquqi-siyasi varisliyin daha dəqiq və aydın şəkildə ifadə olunmasına imkan verir. Odur ki, bu məsələyə dar müxalifətçilik pəncərəsindən, inkarçı mövqedən yanaşmağı əsla düzgün hesab etmirəm. Biz bu cür önəmli məsələlərdə ümumilli maraqlardan, milli həmrəylik mövqeyindən çıxış etməyi bacarmalıyıq”.