Bakıda tikinti zamanı heç nə nəzərə alınmır

Oyuncaq tikililər, oyuncaq damlar, oyuncaq dayanacaqlar qurulur, külək də dağıdır

"Gecələr o ərazidəki ağacların dibinə kislota tökürlər, beş-on günə ağaclar quruyur, sonra aktlaşdırıb kəsirlər və çox keçmədən orada “filankəs müəllim”in obyekti peyda olur"


Paytaxtın yağışa təslimçiliyinə alışmışdıq, külək də bir yandan yağışa “qahmar” çıxdı. Amma yağış, küləyin  yanında toya gedəsidir. Bir dərdin olur ki, sel-sularını necə yarıb keçəsən. Küləkdə isə dərd artır. Bilmirsən təhlükəni hardan gözləyəsən – göydən, yoxsa yerdən. Başına daş da düşə bilər, şifer də, alkapon da. 

Elektrik dirəyinin altında da qala bilərsən, işıqforun da, ağacın da. Paytaxtda  noyabrın 10-u, günün ikinci yarısından başlanan güclü külək - əslində bu, tam bir qasırğa idi – noyabrın 11-i gün ərzində də davam etdi. Və şəhər sakinlərinə xeyli problemlər yaşatdı, şəhər infrastrukturu da böyük fəsadlara, dağıntılara məruz qaldı. Şəhər yağış sularına qərq olanda “əsas” tapılır, deyirlər ki, yağıntının miqdarı normadan artıq olub, neyləyək?! 

Deyirlər də!.. Ağıllı, vicdanlı adamlar nə etmək lazım olduğunu bilir, amma təəssüf ki, məsuliyyətsiz, səhlənkar, öz xeyrini güdən məmurlar nə onları dinləyir, nə də məsləhətə qulaq asır. Yağışı qoyaq bir kənara.  Bəs küləyə nə sözünüz? 

Külək də normadan artıq əsir?! Bakının küləkli şəhər olması ki, tarixi gerçəklikdir! Demək, küləklər şəhərində tikintilər, konstruksiyalar – ümumiyyətlə, hər bir detal küləyə hesablanmalıdır. Hesablanmayanda, bu cür ağır nəticələr yaranır. İllərdir, mütəxəssislər həyəcan təbili çalır ki, yaşıllıqlar məhv edilir, ağacların kökləri bilərəkdən qurudulur. Vecinə alan yoxdu. 

Külək bir balaca üzünü turşudan kimi ağaclar köklü-köməcli başlarını yerə qoyur. Ya da avtomobillərin belinə! Səkilərdəki ağacların əksəriyyətinin dibi betonlanır. Ağac kökləri oksigen ala bilmir və zəifləyirlər. Qısası budur  ki, paytaxtımız yağışa, küləyə, qara, hətta günəşə də ayaq tutdura bilmir. Məhz məsuliyyətsiz məmurlar səbəbindən.


Sosioloq, “Altay” Sosial-İqtisadi Araşdırmalar Mərkəzinin sədri, "Ekoloq Jurnalistlər Birliyi"nin üzvü Elçin Bayramlı “Şərq”ə açıqlamasında paytaxtda işlərin iqlim şərtlərinə uyğun aparılmasının vacibliyini vurğuladı: 

- Bakı faktiki olaraq küləklər şəhəridir, bəzən isə qasırğalar şəhərinə çevrilir. Buna görə də bu şəhərdə tikinti və yaşıllaşdırma zamanı ən əsas nəzərə alınası amil bu olmalıdır. Keçən əsrdə bunu nəzərə alırdılar. İndi isə oyuncaq tikililər, oyuncaq damlar, oyuncaq dayanacaqlar qurulur, külək də dağıdır. Bakının yağışa, küləyə təslim olmasının səbəbi nə olacaq ki? Əlbəttə korrupsiya. Kim harda nə istəyir, necə istəyir tikə bilər, heç bir arxitektura norması, şəhərsalma qaydası, infrastruktur sistemi burada keçmir, yeganə şərt puldur, pulunu ver, harda nə istəyirsən elə. Bu səbəbdən də Bakı eybəcər və xaotik bir şəhərə çevrilib. Konkret olaraq paytaxt tam iflic vəziyyətə düşüb. Tıxaclar dəhşətli vəziyyətə çatıb. Çünki harda gəldi sıx-sıx hündür binalar tikilib və dar küçələr normadan dəfələrlə artıq avtomobil hərəkətini ödəyə bilmir. Hər gün işə gedib-gələrkən Bayılda Neftçi Qurban küçəsindən keçirəm. Təsəvvür edin, 1 gəliş-1 gedişli dar bir küçədir. Küçənin hər iki tərəfi boyunca 20 mərtəbəli binalar tikilir, artıq oradan keçmək qeyri-mümkün hal alıb.  O binalar tikilib başa çatandan və istifadəyə veriləndən  sonra orada tam kollaps vəziyyəti olacaq. Əksər yerlərdə də belədir. Bu şəhərin Baş Planı yoxdurmu, bu nə biabırçılıqdı, kimin kefi harda nə istəyir onu da edir?!

E.Bayramlı güclü küləklər zamanı ağacların kökündən qopması  probleminə də toxundu:

- Yaşıllıqlara gəldikdə, Bakı onsuz da əhali və əraziyə nisbətdə yaşıllıq sahəsinin az olduğu şəhərlərdən idi, 80-ci illərlə müqayisədə bu şəhərdə yaşıllıq sahələrinin həcmi 2 dəfədən çox azalıb, əhali 2 dəfə, binaların, evlərin sayı 3-4 dəfə artıb. Kim harda obyekt tikmək istəyir, orda günün günorta çağı hamının gözü qarşısında ağacları kəsir. Belə edə bilməyəndə, yəni sakinlər imkan verməyəndə də gecələr o ərazidəki ağacların dibinə kislota tökürlər, beş-on günə ağaclar quruyur, sonra aktlaşdırıb kəsirlər və çox keçmədən orada “filankəs müəllim”in obyekti peyda olur. Bizdə sakinlərin ictimai və sosial məsuliyyəti, birliyi, ictimai etiraz olmadığından bunu çox rahatca edə bilirlər. Ağaclara düzgün qulluq edilmir, ona görə də adi külək belə onları aşırır. Həyətlərdəki ağaclar quruyur. Çünki “Azərsu” həyətlərdəki su krantlarını kəsib, o ağaclar suvarılmır.  Yalnız parklarda və bəzi küçə kənarlarındakı ağaclar hərdən suvarılır. “Azərsu”nun bu “xidmətləri” sayəsində tezliklə Bakıda yaşıllıq həcmi bir neçə dəfə də azalacaq. Həyətlərin, ara küçələrin kənarındakı ağaclar quruyacaq. Bu isə Bakıda onsuz da ağır olan ekoloji vəziyyəti dəfələrlə ağırlaşdıracaq. Konkret Bakı şəhəri tam iflicolma həddindədir. Bu məsələlərlə bağlı böyük bir iş açılmalıdır, buna yol verən minlərlə məmur əmlakı müsadirə olunmaqla həbs edilməli, uyğun olmayan obyektlər sökülməli, şəhər yenidən baş plana və şəhərsalma normalarına uyğun qurulmalıdır. Əks halda tezliklə Bakı yaşanılması mümkün olmayan iflic şəhərə çevriləcək.