Xalqın sosial rifahı yaxşılaşdırılmalıdır



Millət vəkilinin çağırışına hökumət üzvləri ciddi yanaşmalıdır

“Pensiyalar kəsilir, kommunal xərclər maaşları üstələyir, bu məsələlərə baxılmalıdır”. Bu sözləri Milli Məclisin dünənki iclasında millət vəkili Sabir Rüstəmxanlı deyib. Deputat bildirib ki, müharibədən sonra yeni Azərbaycanda yaşamaq istəyirik: “Büdcə də bunu özündə əks etdirməlidir. 

Bizim üçün prioritet işğaldan azad olunmuş yerlərin bərpası məsələsidir. Xalq bunu başa düşür. Cəmiyyətdə olan bu sabitlik xalqın bunu başa düşməsinə görədir. Ancaq xalqın sosial rifahı da yaxşılaşdırılmalıdır. Biz cəmiyyətdəki ağrıları görürük və deyirik. Onun müalicəsi hökumətin işidir. Xahiş edirəm, deyilənlərə hökumət üzvləri ciddi yanaşsınlar. Prezidentin ölkə boyu kərpic-kərpic qurduğu siyasət məmurların etinasızlığı ilə sökülməməlidir. Kəndlərdə məktəblərə, rayonlarda kinoya diqqət artırılmalıdır. Dövlətimizin ana dilinin inkişafı ilə bağlı qərar və qanunları ortada olsa da, Bakının mərkəzində ancaq xarici dillərdə reklamlar yerləşdirilir. Nəyə görə buna diqqət ayırmırıq?”.