Azərbaycan “Zəfərdən yaşıl düşüncəyə” keçir

Elman Cəfərli: "Yaşıllaşdırma daha çox sənaye şəhərlərinin ərazisində həyata keçirilməlidir"

Ekologiya və ətraf mühitin mühafizəsi 

Azərbaycanda ətraf mühit problemlərinin həlli istiqamətində genişmiqyaslı işlərin görülməsi, ekoloji vəziyyətin yaxşılaşdırılmasına yönəlmiş dövlət siyasəti ölkənin dayanıqlı inkişaf strategiyasının mühüm tərkib hissəsidir. Azərbaycan hələ 2003-cü ildə ekoloji cəhətdən davamlı sosial-iqtisadi inkişaf üzrə milli proqram qəbul edib. Azərbaycan, qlobal iqlim dəyişmələrini bəşəriyyətin üzləşdiyi ən çətin problemlərdən biri hesab edir və bu problemin qarşısının alınmasına yönəldilən birgə səyləri dəstəkləyir. 

Meşələrin artırılması və yaşıllaşdırma işlərinin aparılması ümumi ekoloji vəziyyətin yaxşılaşdırılmasında, eyni zamanda, iqlim dəyişmələri ilə bağlı təsirlərin minimuma endirilməsində effektiv bir vasitədir. Bu baxımdan azmeşəli ölkə kimi yaşıllıqların artırılması və mühafizəsi prioritet istiqamətlərimizdən sayılır. Yaşıllaşlaşdırma siyasəti dövlətin həyata keçirdiyi uğurlu işlərdən biridir.

 Qanunvericiliyə uyğun olaraq Azərbaycanda yaşıllaşdırma işlərilə müvafiq rayon icra hakimiyyətləri, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, eləcə də digər qurumlar məşğul olur. Yaşıllaşdırma şəhərsalma siyasətinin mühüm tərkib hissəsi olaraq, şəhər və şəhərətrafı ərazilərdə ətraf mühitin sağlamlaşdırılmasına xidmət edir. İri həcmli tikintilər, əhali artımı, şəhər infrastrukturunun sürətlə böyüməsi, atmosferə buraxılan zərərli qazlar və digər antropogen amillər mövcud yaşıllıq sahələrinin qorunmasına və yaşıllıqların genişləndirilməsinə kəskin ehtiyac yaradıb. Bu baxımdan son dönəmlər kütləvi olaraq yaşıllaşdırma işinə, ağacəkmə kampaniyalarına start verilib. Paytaxt Bakının və ölkəmizin müxtəlif rayonlarında böyük yaşıllıq zolaqları salınmaqdadır. Artıq işğaldan azad olunmuş rayonlarımızda da ağacəkmə işləri aparılır. 

Noyabrın 20-də Ağdam şəhərinin işğaldan azad edilməsinin ildönümü münasibətilə rayonun işğaldan azad edilmiş hissəsində Prezidentin Xüsusi Nümayəndəliyinin, Ağdam Rayon İcra Hakimiyyətinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə ağacəkmə aksiyası keçirilib. Ağacəkmə aksiyasında sözügedən dövlət qurumlarının əməkdaşları, Şəhid ailələri, “Bir könüllü” təşkilatı və Ağdam könüllüləri, həmçinin digər həmvətənlərimiz iştirak ediblər. Qeyd edək ki, Ağdamda baş tutan ağacəkmə aksiyası cənab Prezidentimiz İlham Əliyevin bütün ölkə üzrə başlatdığı 44.000 ağacın əkilməsi kampaniyasının davamı olaraq icra edilib. Ağacəkmə aksiyası zamanı Meşə Zolağı adlandırılan ərazidə 1000 ədəd ağacdan 53 ədədi Ağdam rayonu qeydiyyatında olan 53 Vətən müharibəsi Şəhidinin adına əkilib və Şəhidlərimizin adları əbədiləşdirilib. Noyabrın 21-də də Ağdamda şəhərin işğaldan azad olunmasının birinci, Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 29-cu ildönümü münasibətilə ağacəkmə kampaniyası keçirilib. 

Bundan əlavə Ekologiya və Təbii Sərvətlər, Təhsil nazirliklərinin, IDEA İctimai Birliyinin birgə təşkilatçılığı ilə Xocahəsən qəsəbəsində “Yaşıl Marafon” layihəsi çərçivəsində “Zəfərdən yaşıl düşüncəyə” devizi altında ağacəkmə kampaniyası baş tutub.

 Kampaniyada müvafiq qurumların rəhbər şəxsləri və aidiyyəti struktur bölmə rəhbərləri, ölkəmizdə təhsil alan əcnəbi tələbələr, ali təhsil müəssisələrinin nümayəndələri, “Hökumətlərarası Təqaüd Proqramları (HTP)” məzunları iştirak ediblər. Ekoloji vəziyyətin yaxşılaşdırılması, yaşıllıqların artırılması, eyni zamanda əcnəbi tələbələrin şəbəkələşməsi və ictimai aktivliyinin artırılması, əcnəbilərin Azərbaycanda təhsilinin təşviqi məqsədilə payız ağacəkmə marafonunda 17 ali təhsil müəssisəsindən 48 ölkəni əhatə edən 100-dən çox əcnəbi tələbə iştirak edib. “AzerGold” QSC də Daşkəsən rayonunda yerləşən “Çovdar” mədənində ağacəkmə aksiyası keçirib. Aksiya çərçivəsində təqribən 1 hektar ərazidə yerli şəraitə uyğun, ümumilikdə 2000-ə yaxın ting əkilib, həmçinin xüsusi ayrılmış əraziyə palıd toxumları səpilib. Yeni əkilən ağac tingləri və toxumlar suvarılaraq onlara aqrotexniki qaydada qulluq göstərilib. Ötən gün Milli Məclisdə 2022-ci ilin dövlət büdcəsinin müzakirəsi zamanı çıxış edən parlamentin Təbii ehtiyatlar, energetika və ekolgiya komitəsinin sədri, millət vəkili Sadiq Qurbanov deyib ki, büdcədə park və xiyabanlarda abadlaşdırma, yaşıllaşdırma işlərinin görülməsi üçün 9,2 milyon manat vəsait nəzərdə tutulub: “İşğaldan azad olunmuş ərazilərdə ekoloji genosidin həyata keçirildiyini, flora və faunaya böyük zərərlər vurulduğunu nəzərə alaraq, ekoloji tarazlığın təmin olunması məqsədi ilə bu sahəyə daha çox diqqət ayrılması məqsədə müvafiq olar”. Deputat vurğulayıb ki, artıq “Təmiz şəhər” konsepsiyasından “Təmiz ölkə” konsepsiyasına keçmək vaxtıdır”. 

“Yaşıl Dünya” Ekoloji Maarifləndirmə” İctimai Birliyinin sədri Elman Cəfərli “Şərq”ə bildirib ki, ölkə üzrə yaşıllaşdırma işlərinin aparılması çox yaxşı haldır. Birlik rəhbərinin sözlərinə görə, son illər bu istiqamətdə istər dövlət qurumları, istərsə də imkanlı QHT-lər tərəfindən böyük işlər görülüb: 

“Yaşıl Dünya” Ekoloji Maarifləndirmə İctimai Birliyi olaraq könüllü təbiətsevərlərin iştirakı ilə Bakının Məhəmməd Hadi, Nəsrəddin Tusi küçələrində yaşıllaşdırma işləri həyata keçirmişik. Ölkə üzrə ağaclıq və meşə sahələrinin genişləndirilməsi çox yaxşıdır. Amma mənim fikrimcə, yaşıllaşdırma daha çox sənaye şəhərlərinin ərazisində həyata keçirilməlidir. Bakı, Gəncə, Sumqayıt şəhərlərində yeni yaşıllıq sahələri salınmalıdır. Son vaxtlar xüsusən Bakı və Sumqayıt şəhərlərində yaşıllıq sahələri məhv edilib, yerində göydələnlər, ticarət obyektləri tikilib. Yaşıllığın məhv edilməsi ekoloji tarazlığı pozub, bəzi yerlərdə torpaq sürüşmələrinin aktivləşməsinə səbəb olub”. 
E.Cəfərli vurğulayıb ki, yaşıllaşdırma işi mövcud ağaclıqların qorunmasına paralel aparılmalıdır: “Bir tərəfdə yeni yaşıllaşdırma salınır, başqa tərəfdə çoxillik ağaclar məhv edilir. Bakının Nizami, Xətai rayonları ərazisində son 15 ildə nə qədər çoxillik ağac kəsilib. “Neftçilər”, “Həzi Aslanov”, “Əhmədli” metrosunun həndəvərinə gedin, mənzərə adamın ürəyini ağrıdır. İlk növbədə Bakı və Sumqayıt şəhərlərində göydələnlərin tikintisi qadağan olunmalıdır. Yaşıllıqları məhv edənlərə qarşı sərt cəzalar tətbiq olunmalıdır”.