Problemlərin həlli daha çox bələdiyyələrin özlərindən asılıdır



"Əgər bələdiyyə sədri icra başçısının əmrini müti şəkildə icra edirsə, demək "sonu çatmaq" üzrədir

“Bu gün bələdiyyələrin uğurlarla yanaşı ciddi problemlərlə də üz-üzə qalması hər kəs üçün danılmaz faktdır”. Bu barədə bələdiyyə üzrə ekspert Vüqar Tofiqli deyib. Ekspert bildirib ki, problemlərin həlli daha çox bələdiyyələrin özlərindən asılıdır: 

“Birinci olaraq elə bələdiyyələrin özləri irəli düşüb mövcud problemlərin həllinə nail olmalı, heç olmasa, bu təşəbbüsdə olmalıdırlar. Yəni bələdiyyənin media orqanları ilə əməkdaşlıq əlaqələrinin qurulması, şəffaflıq prinsiplərinin qorunması, hesabatlılığın təmin edilməsi, sivil şəkildə fəaliyyətin təbliğ edilməsi önəmlidir. Problemlərin ictimailəşdirilməsi və ən əsası vətəndaş müraciətlərinin diqqətdə saxlanılması və məmnunluğunun təmin edilməsi hər bir bələdiyyə sədrinin əsas vəzifəsi olmalıdır.

Bəs, bu gün bələdiyyə sədrləri buna riayət edirlərmi? Edirlərsə, hansı forma və məzmunda edirlər? Bax, elə əsas məsələ budur. Əgər bələdiyyə sədri icra başçısının qarşısında acizanə dayanır, müti şəkildə deyiləni edirsə, əksinə, sadə vətəndaşın müraciətinə, ən nəhayət, bizim zənglərimizə cavab vermirsə, demək, bələdiyyənin “sonu çatmaq” üzrədir. Deməli, problemləri həll edilməmiş qalacaq. Ayıb olsun belə sədrlərə. Növbəti dəfə belə sədrlərin adları bir-bir çəkiləcək və “səmərəli fəaliyyəti” barədə açıqlamalar veriləcək”.