Baş nazirin mövqeyi tamam zəifləyib

Gün kimi aydındır ki, Moskva regiona digər xarici dövlətlərin cəlb edilməsini istəmir

"Paşinyan üçün belə vəziyyətdə ən optimal çıxış yolu Azərbaycanla böyük sülh sazişini imzalamaq və Zəngəzur dəhlizini açmağa razı olmasıdır"

“Siyasi-diplomatik və hərbi-siyasi manevr imkanları yox dərəcəsində olan kapitulyasiyaya imza atmış bir ölkənin Baş naziri kimi Paşinyanın 9-10 noyabr tarixində təklif olunan görüşdən imtina etməsi onun danışıqlar masasımda əlini daha da zəiflədib”. Bu barədə millət vəkili Hikmət Babaoğlu deyib. Deputat bildirib ki, rus diplomatiyası ənənəvi klassik diplomatiyadır və belə məsələlərə olduqca həssasdır: 

“Nəzərə almaq lazımdır ki, 16 noyabr sərhəd təxribatından sonra Paşinyan Rusiyanın təklif etdiyi üçtərəfli görüşə razılıq verməyə məcbur oldu. Bu artıq özlüyündə onun mövqeyinin zəifləməsi kimi qəbul edilə bilər. Rusiya Prezidenti Vladimir Putinin bu məsələyə münasibətinə gəldikdə isə qeyd etmək lazımdır ki, rəsmi Moskvanın regiona digər xarici dövlətlərin, ya da beynəlxalq təşkilatların cəlb edilməsinə münasibəti birmənalı və qətidir. Rusiya Cənubi Qafqazda kənar aktorlar istəmir. Paşinyan isə ciddi şəkildə buna cəhd edir. Ona görə də Putinin mövqeyi aydındır və o, kommunikasiyaların açılmasını istəyir. Moskva hazırda kollektiv Qərb tərəfindən güncə sıxışdırılmağa çalışılır. Belə vəziyyətdə Qərbin hər hansı formada postsovet məkanına müdaxiləsini özünün təhlükəsizliyinə təhdid hesab edir. Hələ Şərqin qapısı hesab edilən Cənubi Qafqaz kimi bir regiona hər hansı formada Qərbin müdaxiləsini əsla qəbul etmir. Rəsmi Moskvanın bu məsələdə nə qədər prinsipial olduğunu hələ Gürcüstan hadisələrindən xatırlayırıq. Elə Ukrayna hadisələri də bu mənada bir nümunədir. Ona görə də Moskvanın İrəvana Qərb yaxınlaşması kontekstində münasibəti bəllidir və bu, Gürcüstanla Ukrayna nümunəsindən fərqli olmayacaq”. 
Parlament üzvü vurğulayıb ki, heç şübhəsiz, "Dəmir yumruq" yerindədir və hər an təkrarlana bilər: 

“Rəsmi Bakı bu qətiyyəti və cəsarəti artıq dəfələrlə nümayiş etdirib və bunu hamı bilir. Ona görə də Paşinyan Soçi görüşündən əvvəl Zəngəzur sakinləri ilə görüşən zaman onlara bildirib ki, Bakı Zəngəzur dəhlizini almaqda qərarlıdır və mövqeyi belədir ki, istənilən yolla bunu əldə edəcək. Əslində bu fikir Paşinyanın dəhlizə razılıq verməkdən başqa çarəsinin olmadığını etiraf etməsi kimi də qiymətləndirilə bilər. 

Paşinyanın bir daha təxribata əl atması özünüintihara bərabər ola bilər. O özü də dərk edir ki, hər təxribatdan sonra mövqeyini daha çox itirir. 

Bu isə radikalları və onun rəqiblərinin əlini gücləndirir. Məsələ ondadır ki, belə təxribatlardan sonra Paşinyan təkcə ölkə daxilində deyil, sərhəd və digər xarici stiuasiyalarda da itkilərə məruz qalır. Ona görə də Paşinyan artıq bunun fərqindədir və növbəti səhvin ona çox baha başa gələcəyini, hətta siyasi karyerasının sonu olacağını bilir. Bu isə əlbəttə siyasi karyeranın bitməsindən daha çox şey ifadə edir. 

Paşinyan üçün belə vəziyyətdə ən optimal çıxış yolu Azərbaycanla böyük sülh sazişini imzalamağa və Zəngəzur dəhlizini açmağa razı olmasıdır”.