7 yol xəritəsi uğurlu icra olunur

Azərbaycanla Rusiya arasında ən çox inkişaf edən sahələrdən biri təhsildir


“Rusiya ilə bütün istiqamətlər üzrə qarşılıqlı münasibətlərin səviyyəsini daha da yüksəltmək əzmindəyik”. Bunu Prezident İlham Əliyev Soçidə Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə görüşündə bildirib. Dövlət başçısı qeyd edib ki, Rusiya-Azərbaycan arasında əmtəə dövriyyəsi artır. İqtisadi sahədə əməkdaşlıq, o cümlədən biznes dairələri arasında qarşılıqlı maraq çox güclüdür: “Əlbəttə, münasibətlərimizin çoxlu sahələri ehtiva etməsi bizi çox sevindirir. Hazırda biz iqtisadiyyatın, nəqliyyatın əksər sahələrinə, humanitar əməkdaşlığa aid 7 yol xəritəsini reallaşdırırıq. Azərbaycan tələbələrinin Rusiyada təhsil almaları üçün gözəl şərait yaradılıb. 

15 mindən çox azərbaycanlı, Azərbaycan vətəndaşı Rusiyanın ali məktəblərində təhsil alır. Əslində bu, bütöv bir ali məktəb deməkdir. Burada çox yaxşı təhsil verilir və bu, avtomatik olaraq ölkələrimiz arasında körpü olur. Bizim münasibətlərimizin inkişafı işində bu həftə çox əlamətdar olub”. 

Prezident İlham Əliyev bu həftə rusiyalı rəsmilərlə keçirdiyi görüşləri də xatırladıb: “Mən bu həftə Rusiya Federasiyası hökumətinin sədrinin müavinini qəbul etmişəm, dünən axşam Rusiya Elmlər Akademiyasının prezidentini qəbul etdim. Sizin humanitar əməkdaşlıq üzrə xüsusi nümayəndəniz Azərbaycanın və Ermənistanın intellektualları, mədəniyyət xadimləri arasında Rusiya tərəfin fəal iştirakı ilə əlaqələrin nizamlanması kimi çox mühüm bir missiya ilə bütün həftə ərzində Bakıda olub. Bu günlərdə, bu həftə Rusiyanın ixrac mərkəzi və “Roseksimbank”ın böyük biznes konfransı keçirilib. Bu konfransda Rusiyanın 30-dan çox şirkəti iştirak edirdi. Yəni bu, bir həftə bizim qarşılıqlı fəaliyyətimizin istiqamətlərinin yalnız bir hissəsini səciyyələndirmək üçün kifayət qədər əlamətdardır”.

Rusiya-Azərbaycan əlaqələri ilə bağlı “Şərq”ə danışan millət vəkili Ceyhun Məmmədov deyib ki, Azərbaycan hər zaman Rusiya ilə qarşılıqlı əlaqələrin inkişafına xüsusi önəm verib. Deputat bildirib ki, iki ölkə rəhbərinin həyata keçirdiyi uğurlu siyasət nəticəsində Azərbaycan-Rusiya münasibətləri bu gün strateji tərəfdaşlıq xarakteri daşıyır: 

“İkitərəfli əlaqələrin inkişaf dinamikası olduqca müsbətdir. Tərəflər qarşılıqlı əlaqələrin bütün istiqamətlər üzrə inkişaf səviyyəsinin yüksəldilməsində maraqlıdır. Hazırda iki ölkə iqtisadi, siyasi, mədəni sahələrdə sıx əlaqələrə malikdir. İldən-ilə ölkələr arasında ticarət dövriyyəsi yüksəlir, hər iki ölkənin iqtisadi əməkdaşlığın inkişaf etdirilməsində çox böyük marağı var. Azərbaycanla Rusiya arasında iqtisadiyyat və humanitar sahələrin əksər sferalarını əhatə edən 7 yol xəritəsi uğurla icra olunur. Əməkdaşlığın ən çox inkişaf etdiyi sahələrdən biri də təhsildir. Rusiyada azərbaycanlı tələbələrin təhsil almasına əlverişli şərait yaradılıb. 15 minə yaxın azərbaycanlı gənc Rusiyada təhsil alır. Azərbaycanda Rusiyanın bir neçə dövlət universitetinin filialı fəaliyyət göstərir. Bu gün Ermənistandan fərqli olaraq Azərbaycan dilində rusdilli məktəblər sərbəst fəaliyyət göstərir. Azərbaycan vətəndaşlarının rus dilində təhsilinə hansısa məhdudiyyətlər tətbiq edilmir. Eyni  zamanda rus dilində televiziyalar, qəzet və jurnallar nəşr olunur. Bütün bunlar iki ölkə arasında mədəniyyət və təhsil sahəsində əməkdaşlığın yüksək səviyyədə olduğunu göstərir”. 
C.Məmmədov vurğulayıb ki, rəsmi şəxslər arasında qarşılıqlı səfərlərin dinamikası da yüksəkdir: “Son bir həftədə Prezident İlham Əliyev Rusiya hökuməti sədrinin müavinini, Rusiya Elmlər Akademiyasının prezidentini, Rusiya Prezidentinin humanitar əməkdaşlıq üzrə xüsusi nümayəndəsini qəbul edib. Həftə ərzində Rusiya Ekspert Mərkəzinin və "Rosekzimbank"ın iştirakı ilə biznes konfransı keçirilib. Tədbirdə Rusiyanın 30-dan çox şirkəti iştirak edib. Bu da öz növbəsində iqtisadiyyat və biznes sahəsində yüksək əməkdaşlıqdan xəbər verir. Bu əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün kifayət qədər potensial var. Azərbaycan buna hazırdır”.