Hər kəsə dərs olmalıdır


Hətta məmurun xidmət silahı ilə də foto paylaşması doğru deyil

Masallı Regional Meşə Təsərrüfatı Mərkəzinin direktoru Adəm İsmiyevin “ov macərası” işdən azad edilməsiylə nəticələnib. A.İsmiyev və müavini Sakit Şahmarovun sosial şəbəkələrdə yayılan ov görüntüləri geniş müzakirələrə səbəb olub. Fotoda Adəm İsmiyev “Winchester”i, müavini Sakit Şahmarov isə avtomat silahı nümayış etdirir. Avtomat silahın mülki şəxslərə satılması qanunvericiliklə qadağandır.

Adəm İsmiyev və Sakit Şahmarovun silahları necə əldə etməsi ayrı araşdırma mövzusudur.  Amma A.İsmiyev silahlı fotosunu özü “whatsapp” statusunda paylaşıb. Allah adamı çaşdırdısa, bitdi. Ekologiya və Təbii Sərvətlər Nazirliyi avtomat silahla fotosu yayılan vəzifəli şəxslərlə bağlı qərar verib. “Qafqazinfo”nun sorğusuna cavab olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova bildirib ki, Masallı Regional Meşə Təsərrüfatı Mərkəzinin direktoru Adəm İsmiyev işdən azad olunub. Müavini Sakit Şahmarov barəsində isə inzibati tənbeh tədbiri görülərək, sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib. Nazirlik rəsmisi əlavə edib ki, hər iki şəxs İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsi ilə cərimə ediliblər. Xatırladaq ki, İXM-nin 272.3 maddəsi ov qaydalarının kobud şəkildə pozulmasını nəzərdə tutur (lazımi icazə olmadan və ya qadağan edilmiş yerlərdə, yaxud qadağan olunmuş müddətlərdə, qadağan edilmiş alətlərlə və ya üsullarla ov edilməsi). 

Ehtiyatda olan polkovnik Mahmud Hacıyev “Şərq”ə açıqlamasında qeyd etdi ki, odlu silahla foto paylaşmaq dövlət məmuruna yaraşmayan hərəkətdir: 

- Bu şəxslər nazirliyin əməkdaşlarıdır, dövlət məmurlarıdır. Dövlət məmuru odlu silahla, ümumiyyətlə, silah kateqoriyasına aid vasitələrlə foto paylaşmamalıdır. Bu, səviyyəsizlikdir. Etik normalara, daxili intizam qaydalarına ziddir. Foto paylaşmaq cinayət deyil. Amma baxır necə foto paylaşırsan. Dövlət məmuruna yaraşmaz ki, hətta xidməti silahı varsa da, onunla fotosunu paylaşsın. Onlar barəsində lazımi ölçü götürülüb. Bu hadisə digər məmurlara, özünü cəmiyyətdən ayırmaq, etik ölçüləri pozmaqla fərqlənmək istəyənlərə dərs olmalıdır.