Hüquq müdafiəçisi sərt reaksiya verdi

Qardaşı qızını qaçırana ömürlük həbs cəzası verilməlidir

"İmkan verməməliyik ki, 2-3 belə alçaq adam xalqımızın əsrlərlə qoruduğu qadın ləyaqəti, qadın namusuna təcavüz etsin, dəyərlərimizi tapdalasın"

Yevlaxda itkin düşən azyaşlı qızı əmisinin qaçırdığı məlum olub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan Trend-in sorğusuna cavab olaraq bildirilib ki, dekabrın 13-də Yevlax rayon sakini İ.Mustafayevin qızı N.M. və qardaşı Elçin Mustafayevin itkin düşməsi ilə bağlı Rayon Polis Şöbəsinə etdiyi müraciətlə əlaqədar dərhal müvafiq tədbirlərə başlanılıb. 

Polis əməkdaşları tərəfindən bütün mümkün ehtimallar nəzərdən keçirilib və E.Mustafayevin qardaşı qızı N.M.-nı Bakı şəhərinə apardığı müəyyənləşdirilib. Keçirilmiş tədbirlərlə onların qaldıqları yer aşkar olunaraq Yevlax Rayon Polis Şöbəsinə gətiriliblər. E.Mustafayev barəsində həbs-qətimkan tədbiri seçilib. Faktla bağlı Yevlax RPŞ-də Cinayət Məcəlləsinin 150.3.3 (On dörd yaşına çatmayan şəxsə qarşı seksual xarakterli hərəkətlər etmə) və 152.2-ci (On dörd yaşına çatmayan şəxslə cinsi əlaqədə olma) maddələri ilə cinayət işi başlanılıb, istintaq davam etdirilir. 

İnsan Haqları və Qanunçuluğun Müdafiəsi Bürosunun rəhbəri, hüquq müdafiəçisi Səidə Qocamanlı “Şərq”ə açıqlamasında qeyd etdi ki, yetkinlik yaşına çatmamış qıza qarşı iyrənc əməl törədən şəxs ömürlük həbs cəzasına məhkum edilməlidir:

- Azyaşlılara qarşı zorakılıq, cinsi istismar törədənlərin sərt şəkildə çəzalanması, ömürlük  həbsə məhkum edilməli olduqlarını 3 gün əvvəl danışırdıq. İndi də belə bir iyrənc hadisə barədə məlumat verilir. Azğınlaşmış insanlara qarşı qanun çox sərt davranmalıdır. Belə şəxslər cəmiyyətə, ölkəyə, bütün insanlığa böyük təhlükədir. Lap öz qardaşı qızı, qohumu yox, yad biri olsun, azyaşlı uşağa qarşı belə iyrənc hərəkət edənə ancaq Əclaf, Alçaq adı verilir. Belə şəxslər ömürlük həbs cəzasına məhkum edilməlidir, Qobustan qapalı təcridxanasına  göndərilməlidir ki, başqalarına da görk olsun. Yoxsa ki, hər cür iyrənc əməli törədəcəklər, bir neçə ildən sonra da əl-qolunu sallayıb azadlığa çıxacaqlar?!. Uşaqlara qarşı cinayətlər, seksual zorakılıq, əməyin istismarı, ümumiyyətlə, uşaq hüquqlarının tapdanması sərt cəzalanmalıdır və bu kimi halları törədənlərə qarşı ömürlük həbs cəzasının tətbiqi ilə bağlı Cinayət Məcəlləsinə mütləq dəyişiklik edilməlidir.

S.Qocamanlı bildirdi ki, bu cür alçaq hərəkətlərin qarşısının alınması üçün adekvat addımlar atılmalıdır:   

- Burda mentalitet məsələsi var. İmkan verməməliyik ki, 2-3 belə alçaq adam xalqımızın əsrlərlə qoruduğu qadın ləyaqəti, qadın namusuna təcavüz etsin, dəyərlərimizi tapdalasın. Ona görə də Cinayət Məcəlləsinə ömürlük həbs cəzasıyla bağlı dəyişiklik təcili müzakirəyə çıxarılmalı və qəbul edilməlidir. İkincisi, ictimai nəzarət gücləndirilməlidir. Həm hüquq müdafiəçiləri tərəfindən, həm media tərəfindən. Üçüncüsü, Təhsil Nazirliyi şagird və valideynlərlə iş aparmalıdır. Mən uzun illər müəllim işləmişəm. Bizim əlimizə dəftər verib evlərə göndərirdilər. Hansı şagird dərsə gəlməyib, səbəbi nədir, dərsdən sonra valideyn uşağa nəzarət edə bilirmi? Ailənin yaşayışı necədir?  Bunları öyrənməklə məktəb şagird barəsində lazımi məlumat əldə edirdi. İndi nəzarət zəifdir. Nəzarət deyəndə, elə başa düşülməsin ki, burda söhbət uşağın hüquqlarının məhdudlaşdırılmasından gedir. Xeyr. Nəzarət, uşaq haqqında məlumat əldə edilməsi üçün lazımdır. Sovet illərində məktəbin yerləşdiyi əraziyə uyğun polis şöbəsindən əməkdaş gəlirdi, şagirdlərin dərsdən yayınıb-yayınmadığını öyrənirdi, çünki o zaman da nəzarətsiz qalan, ailəsində problem olan uşaqlar vardı. İndi də belə tədbirlər görülməlidir. Valideyn uşağa nəzarət edə bilmirsə, məktəbə bildirməlidir. Məktəb uşaqla məşğul olmalıdır. İctimai nəzarət deyəndə həm də bunları nəzərdə tuturam.