Dilənən uşaqlar...

Onları uzun müddət sığınacaqda saxlamaq olmur, qaçıb küçəyə qayıdırlar

"Bir qadın qucağında körpəsi dilənirsə, ya da ahıl insan küçədən keçənlərə əl açırsa, onların harada, hansı vəziyyətdə yaşadıqları mütləq araşdırılmalıdır"

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova uşaqların məcburi diləndirilməsi problemindən danışıb və bu istiqamətdə iş aparıldığını deyib. KİV-ə açıqlamasında komitə sədri deyib ki, qarşıda bizi ailə strategiyası ilə bağlı böyük bir sənədin qəbulu gözləyir. Sosial Tədqiqatlar Mərkəzinin "Sosial-psixoloji təhlil"i olmadan vəziyyəti doğru-düzgün dərk edib, təhlil edib, çıxış yolları barədə cəmiyyətin müxtəlif təbəqələrinin fikrini almadan bir sənədi işləmək mümkün deyil. 

Bu heç məqsədəuyğun da deyil. Aparılan tədqiqatsa gözlənilən nəticələri verib. B.Muradova kimsəsiz olan uşaqların diləndirilməsi məsələsinə münasibət bildirərək deyib ki, bu problem gələcəyimizi təhdid edir: "Böyük insanların əlində azyaşlı uşaqlar pul əldə etmək üçün vasitəyə çevrilir, diləndirilir. Onlar hətta öz ata-anaları tərəfindən də bu işə cəlb olunurlar. Hüquq-mühafizə orqanları tərəfindən diləndirilən uşaqlarla bağlı ciddi mübarizə tədbirləri aparılmalıdır. Uşaq əməyinin hər hansı şəkildə istismarı qəbuledilməzdir. Bunadək də gördüyümüz işləri davam etdirməliyik. Biz həmin uşaqların ailələrinin, yaxın adamlarının tapılması prosesinə qoşuluruq. Əgər bu şəxslər yoxdursa, onların dövlət müəssisələrinə yerləşdirilməsi məsələsi ilə məşğul oluruq. Həmin uşaqların təhsili və psixoloji reabilitasiyası işini təşkil edirik". 

B.Muradova təəssüflə bildirib ki, diləndirilən belə uşaqlar aşkarlandıqda, harasa yerləşdirildikdən sonra yenidən imkan tapıb həmin yeri tərk edir, qaçır və seçimi küçə həyatı olur. 

Həqiqətən də tədbirlər aparılmasına baxmayaraq dilənçi problemi həllini tapmır. Hüquq-mühafizə orqanları profilaktik tədbirlər keçirir, nəticədə dilənçilər küçələrdən, metrostansiyalardan uzaqlaşır, amma bir müddət sonra yenə öz peşələrinə davam edirlər. Bu günlərdə  profilaktik tədbirlər Gəncə şəhərində həyata keçirilib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, Gəncə Şəhər Baş Polis İdarəsinin, Nizami Rayon Polis İdarəsinin əməkdaşları şəhər ərazisində tüfeyli həyat tərzi keçirən və dilənçiliklə məşğul olaraq vətəndaşların haqlı narazılığına səbəb olan şəxslərlə bağlı profilaktik tədbir keçirib. Tədbir zamanı ümumilikdə 40 nəfər saxlanılaraq Polis İdarəsinə gətirilib. Onlarla profilaktik söhbətlər aparılıb, 31 nəfər barəsində isə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib. Daha sonra saxlanılan şəxslər qeydiyyatda olduqları şəhər və rayonlara göndərilib.

Amma hamımız bilirik ki, bu şəxslər bir müddət sonra yenə geri qayıdacaq və dilənməkdə davam edəcəklər. Bu şəxslərlə, xüsusilə də uşaqları diləndirənlərlə ciddi mübarizə aparmaq mümkün deyilmi?

“Təmiz Dünya” İctimai Birliyinin sədri Mehriban Zeynalova “Şərq”ə açıqlamasında qeyd etdi ki, bu uşaqları sığınacaqda uzun müddət saxlamaq olmur: 

- Məsələnin mahiyyətinə baxmalıyıq. Qaraçılar iki cürdür – yerli və gəlmə - roman qaraçıları. Dilənmək bu insanların peşəsidir. Bu, onlarda genetikdir. Bunu hansısa tayfa, xalq haqqında mənfi fikir kimi qəbul etmək lazım deyil. Bütün dünya qaraçıların assimilyasiya olunması üçün proqramlar işləyib hazırlayır, bu insanları cəmiyyətə inteqrasiya etməyə çalışırlar. Lakin alınmır. Çünki bu insanların davranışları, həyat tərzləri fərqlidir. Dilənmək onlar üçün bir ənənədir və bu ənənədən vaz keçmirlər. Assimilyasiyaya tabe olmurlar. Bahar xanımın dediyi həqiqətdir. Dəfələrlə olub ki, dilənən və ya diləndirilən qaraçı uşaqları sığınacağa yerləşdirilib, aylarla orda qalıblar. Sığınacaqda qalmanın da müddəti var. 3 ay, 6 ay, ehtiyac olduqda 1 il də saxlana bilər. Amma onları müddətsiz, davamlı saxlamaq da mümkün deyil. Çünki uşaqların valideynləri var və onlar valideynlik hüququnun pozulduğunu əsas gətirərək uşaqlarının sığınacaqdan çıxarılmasını tələb edirlər. Bir də görürsən bir araba adam gəldi ki, uşağımızı verin! Onu burda saxlamağa ixtiyarınız çatmır. Bu vəziyyətdə müqavimət göstərmək yersizdir. Və uşaqlar bu şəkildə ailələrinə qayıdır, sonra yenə də peşələrinə davam edirlər. Bu insanların əksəriyyətinin şəxsiyyət vəsiqəsi də yoxdur. Vətəndaşlığı da yoxdur. Ümumiyyətlə, qaraçı qrupları ilə işləmək çox çətindir. 

M.Zeynalova bildirib ki, dilənən və ya uşaqlarını diləndirən Azərbaycan vətəndaşları ilə iş aparmaq mümkündür:

- Bu qəbildən olan dilənçilərlə iş apara bilirik. Hüquq-mühafizə orqanları tərəfindən sığınacağa təhvil verilən uşaqlar təhsilə cəlb edilir, internat məktəblərə yerləşdirilir. Qaraçı olmayanların assimilyasiyası mümkündür.

 Onlar inteqrasiyaya tabe olur, dəyişə bilirlər. Bunu da deyim ki, inteqrasiya proqramları azdır, zəifdir, amma bununla belə yenə də onlarla iş aparılır. Araşdırma aparılır, bəzən məlum olur ki, ailənin sosial problemləri var, gəlirləri sıfırdır. 

Bu halda valideynin işlə təminatı həyata keçirilir, uşaqlar da dövlət müəssisəsinə yerləşdirilir, əgər valideynin razılığı varsa. Sosial problem həll olunduqdan sonra valideynlər uşaqlarını dövlət müəssisəsindən çıxarır, özü baxır, təmin edir. 

Ümumilikdə, hesab edirəm ki, həssas qruplara yönəlik daha geniş sosial proqramlar icra olunmalıdır. Bir qadın qucağında körpəsi dilənirsə, ya da ahıl insan küçədən keçənlərə əl açırsa, onların harada, hansı vəziyyətdə yaşadıqları mütləq araşdırılmalıdır. 

Ola bilər ki, bu insanları da kimlərsə, hətta öz doğmaları dilənməyə məcbur etsin. Bu isə artıq cinayət əməlidir. Qarşısı alınmalıdır.