Razi Nurullayev yenə narazıdır

"Elə şəhid, əlil ailəsi var ki, indiyə kimi heç qapısı döyülməyib"

"Elə sistem olmalıdır ki, bütün şəhid ailələri və ehtiyacı olan müharibə əlilləri əhatə olunsun"


“Azərbaycanda Birinci Qarabağ mühairbəsindən 20 minə yaxın, İkincidən isə 3000 minə yaxın şəhid ailəsi var. Əlavə olaraq, sağlamlıq və digər səbəblərdən dövlət dəstəyinə ehtiyacı olan müharibə əlilləri var”. Bu barədə parlamentin dünənki iclasında çıxış edən deputat Razi Nurullayev deyib. Millət vəkili bildirib ki, onlara dövlət qurumları tərəfindən müxtəlif köməkliklər edilir: 

“Elə olur ki, bir ailəyə, bir əlilə beş-on dəfə kömək edilir, amma elə ailə, yaxud əlil var ki, indiyə kimi heç qapısı döyülməyib. Ayrı-ayrılıqda dövlət qurumları, o cümlədən özəl şirkətlər, fərdi şəxslər müraciət edən şəhid ailəsinə və əlilə yardım edir, ev verir, işə götürür, digər problemlərini həll edirlər. Əsasən, “Yaşat” fondu kömək etdiyi şəhid ailəsi və ya əlil ilə bağlı tam məlumatlara malikdir və bunu tənzimləyə bilir. Qarma-qarışıqlığı aradan qaldırmaq üçün təklif edirəm ki, bu tip məlumatlar ASAN xidmətdə emal edilsin və vahid mərkəzdə - Şəhid ailələri, müharibə əlilləri və bu kateqoriyadan olan şəxslərin dövlət reyestrində birləşdirilsin. Digər yandan, vahid informasiya mərkəzinə hər kəsin çıxışı olsun. Bir dövlət qurumu, yaxud özəl şirkət, fərdi sahibkar və digərləri müraciət edən şəxslə bağlı o resursa daxil olsun və bütün məlumatları görsün. Bunu qanunvericilik səviyyəsində edə bilsək, bir çox problemləri yerində həll edə bilərik”.

R.Nurullayevin qənaətincə, elə sistem olmalıdır ki, bütün şəhid ailələri və ehtiyacı olan müharibə əlilləri əhatə olunsun:

 “Elə olmasın ki, bir ailə və ya şəxs müxtəlif dövlət orqanlarından yararlana bilsin, digərləri isə kənarda qalsın. Onların yüz dəfə də yararlanmaq haqlarıdır və halalları olsun. Amma növbəli şəkildə. 

Ailə və müharibə əlili və ya yaralısı var ki, oturub gözləyir ki, onun qapısı nə zaman döyüləcək. Bütün şəhid ailələrinin, müharibə əlillərinin və bu kateqoriyadan olan digər ehtiyaclı şəxslərin reyestrdə birləşdirilməsi zamanı onların mövcud problemləri göstərilsin. 

Dövlət orqanları, fərdi şəxslər də kömək etmək istəyən zaman güclərinə və istəklərinə uyğun seçim edə bilsinlər. 

Bunu edə bilsək, xaricdə yaşayan azərbaycanlılar da bu işdə yaxından iştirak edər və yükümüzü 50 faiz azalda bilərlər”.