"Mən niyə yaltaqlıq etməliyəm ki?"

Tahir Kərimli: "Tək istəyiniz odur ki, biz də sizin kimi rəhbərliyi söyək. Siz onu görməyəcəksiniz"

“Fransa parlamentinin qarşısında 3 azərbaycanlı çıxıb Milli Məclisi ittiham edir”. Bunu Milli Məclisin dünənki iclasında deputat Tahir Kərimli deyib. Millət vəkili bildirib ki, həmin şəxslər büdcədən Milli Məclisə 100 milyon pul ayrıldığını, onun 90 milyonunun mənimsənildiyini iddia edirlər: 

“Bunun belə olmadığını biz bilirik. Hətta biz Qarabağ naminə ehtiyacı olan insanlar üçün ev tikilməsi məsələsindən də imtina etdik. Sosial şəbəkələrdə deyirdilər ki, Tahir Kərimli yaltaqlıq edib. Mən niyə yaltaqlıq etməliyəm ki?!

 2000-ci ildə boykot elan edəndən sonra gedib ağalarınızla danışdınız, gəldiniz Milli Məclisdə təmsil olundunuz. İnhisarçılıq sizin dövrünüzdə yaranıb. 

Biz Milli Məclisdə oturub xalqın bütün problemlərini dilə gətiririk. Siz 10-15 il oturub parlamentdə hansı məsələni qaldırmısınız? Epizodik çıxışlardan başqa hansı çıxışınız var? Tək istəyiniz odur ki, biz də sizin kimi rəhbərliyi söyək. 

Siz onu görməyəcəksiniz. Biz islahat istəyirik. İslahatın tərəfdarıyıq. İnhisarçılar sizin dövrünüzdə yaranıb, onları biz yaratmamışıq. 22 il işsiz qaldım, evimə əməkhaqqı gəlmədi. Sizsə gəlib burda iqtidara yaxın oldunuz. 

Siz kimsiniz, özünüzü Heydər Əliyevin oğlu ilə müqayisə edəsiniz? Miskin, cılız adamlarsız. İnsanların söyüşkən xasiyyətinə məəttələm. Rüşvətxorluğun, inhisarçılığın qarşısını almaq üçün Prezidentə müraciət edirik. 

Başqa kim bunun qarşısını ala bilər? Yaltaqlığa nə ehtiyacımız var? Özümüz üçün, övladımız üçün heç nə ummuruq”.